31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli birliyini, tarixi yaddaşını və dövlətçilik ideologiyasını özündə ehtiva edən mühüm bayramlardan biridir. Bu əlamətdar gün təkcə təqvim bayramı deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının Vətənə mənəvi bağlılığının, milli kimliyinin və həmrəyliyinin rəmzidir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olmuşdur. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərarın qəbul edilməsi bu istiqamətdə atılmış tarixi addım idi. Daha sonra Azərbaycan Respublikasının Ali Soveti bu təşəbbüsü dəstəkləyərək 31 dekabrı rəsmi dövlət bayramı elan etdi. Beləliklə, milli birlik ideyası dövlət səviyyəsində təsbit olundu.
Bu bayramın tarixi kökləri XX əsrin sonlarında baş verən mühüm ictimai-siyasi hadisələrlə bağlıdır. Sovet imperiyasının süqutu ərəfəsində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədləri aşaraq birliyə can atması, süni maneələrin aradan qaldırılması uğrunda nümayiş etdirdikləri iradə milli həmrəyliyin bariz nümunəsi idi. Araz boyu baş verən bu tarixi yürüşlər azərbaycanlıların bir millət olduğunu dünyaya bir daha sübut etdi. Məhz bu baxımdan Həmrəylik Günü xalqımızın bütövlük arzularının simvoluna çevrilmişdir.
Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təşkilatçısı və təbliğatçısı kimi bu prosesə xüsusi önəm vermişdir. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı milli qürurun və mənəvi özünüdərkin simvoluna çevrilmişdir. Ulu Öndər xarici ölkələrə səfərləri zamanı diaspor nümayəndələri ilə görüşərək onların problemləri ilə yaxından maraqlanmış, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr vermişdir. Bu siyasət dünya azərbaycanlılarının vahid ideologiya ətrafında birləşməsinə güclü təkan vermişdir.
Bu strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onların fəaliyyətini diqqət mərkəzində saxlayır və diaspora ilə əlaqələrin dövlət müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayır. Prezident İlham Əliyevin “Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi!” fikirləri dünya azərbaycanlılarının ideoloji birliyinin əsasını təşkil edir.
Dünya Azərbaycanlılarının Qurultayları bu birliyin institusional əsaslarını daha da möhkəmləndirmişdir. 2001-ci ildə keçirilmiş I Qurultaydan başlayaraq V Qurultaya – Şuşada baş tutmuş Zəfər Qurultayına qədər bu toplantılar milli şüurun güclənməsində mühüm rol oynamışdır. Xüsusilə 2022-ci ildə azad Şuşada keçirilən V Qurultay Azərbaycanın tarixi Zəfərinin, dövlət suverenliyinin və xalq birliyinin parlaq təzahürü oldu. Prezident İlham Əliyevin bu Qurultaydakı çıxışı dünya azərbaycanlılarına həm tarixi qürur, həm də gələcəyə inam aşıladı.
Vətən müharibəsi isə Azərbaycan xalqının və dünya azərbaycanlılarının misilsiz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Xaricdə yaşayan soydaşlarımız informasiya mübarizəsində fəallıq göstərərək Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadılar. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Dəmir yumruq” təkcə hərbi gücün deyil, milli birliyin də rəmzinə çevrildi.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 70-dən çox ölkədə yaşayan 50 milyondan artıq azərbaycanlını eyni ideya ətrafında birləşdirir. Bu bayram milli birlik, Vətənə məhəbbət, dilə, mədəniyyətə və milli-mənəvi dəyərlərə sədaqət hisslərini gücləndirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrdə fəal mövqe tutaraq Azərbaycan dövlətinin maraqlarını qoruyur, ölkəmizin beynəlxalq nüfuzunun artmasına töhfə verirlər.
Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru