Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsi (5 yanvar 2026) mənə türkoloq alim, mərhum akademik Tofiq Hacıyevi xatırlatdı…
Tofiq Hacıyev mənim Ali məktəb müəllimimdi.
Həm də atamla ötən əsrdə tələbəlik həyatını paylaşmışdı.
ADU-nun filologiya fakültəsində birgə oxumuşdular.
İmkan daxilində görüşürdük.
Yeri gəlmişkən, Onun Elmlər Akademiyasının müxbir üzvü seçilməyi “müstəsna” şəraitdə alınmışdı.
2001-ci ildə Azərbaycan Milli Ellmlər Akademiyasına seçkilər keçirilirdi.
Seçkinin nəticəsini Ulu Öndərimizə məruzə edərkən Heydər Əliyev, - Bəs Tofiq Hacıyev nə oldu, - soruşubmuş.
Milli insanlara xüsusi “sevgisi” olan Ramiz Mehdiyev və onun başqa bir "əqidə" ortağı deyir ki, səsvermənin yekunlarına görə Tofiq Hacıyev geridə qalır .
Onda Heydər Əliyev tapşırıq verir ki, dilçilik üzrə əlavə bir yer ayırın, Tofiq Hacıyev mütləq Akademiyada təmsil olunmalıdır.
Beləliklə, Heydər Əliyevin təkidi və dəstəyi ilə Tofiq müəllim həmin il Akademiyanın müxbir üzvü seçilmişdi.
Mərhum akademik hər görüşümüzdə bu faktı ehtiramla vurğulayırdı.
Bir dəfə Tofiq müəllim dedi ki, fikir vermişəm “yevrovijion” (“eurovision”) sözünü Azərbaycan dilində ən dəqiq və düzgün tələffüz edən İlham Əliyevdir: - Avroviziya.
Və əlavə etdi ki,
Bu, Prezidentin təkcə dilimizə sayğısını göstərmir, bir çox dərin mətləbdən xəbər verir:
“İlham Əliyev milli liderdir.
Millətinin marağını zərrə qədər belə kimsəyə güzəştə getməz.
İlham Əliyev yabançı idelojilərin sırf texniki tərcümə üzərindən ictimai – siyasi, mənəvi mühitimizə daxil olmasına qarşı barışmaz mövqedə dayanır.
İlham Əliyev anlayışlara münasibətdə fövqəladə həssasdır.
Prezident bilir ki, mili şüurun, alt düşüncənin formalaşması birbaşa anlayışlarla necə davranmağımızdan asılıdır.”
İlham Əliyev haqlı olaraq xarici kəlmələrin asanlıqla (tələbat və zərurət olmadan) məişətimizə yol tapmasını dilimiz üzərindən mili kimliyimizə yönəlmiş təhdid kimi dəyərləndirir.
"Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır.
Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm".
Əlbəttə ki, bu Prezident tərəfindən ilk nümunə deyil.
Azərbaycan Prezidenti hər fürsətdə dilimizin 1-ci qayğıkeşi olduğunu nümayiş və sübut edir.
Hələ bir neçə il əvvəl Valday diskussiya klubunda İlham Əliyev elə vacib bir məqama toxunmuşdu ki...
Prezident dilmizin saflığı uğrunda hər kəsi mübarizəyə səsləyir.
Ümumiyyətlə, mübarizə İlham Əliyevin alın yazısı, Onun həyat tərzidir.
Mübarizə - Onun liderlik missiyasının, siyasi həyatının gündəlik normasıdır...
Mən Onun fəaliyyətini (təbii ki, mübarizəsini) 4 istiqamət üzrə təsnif etmək istərdim.
1. Dövlət quruculuğunun təkmilləşməsi ...
İndi demək çox asandır: 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevi hakimiyyətə dəvət etdilər.
Amma hara və hansı hakimiyyətə?
Soyuqqanlı düşünsək, axı 1993-cü ildə hakimiyyət və dövlət adına heç bir nişanə, əlamət gözə çarpmırdı.
Cəmiyyət parçalanmış,
Dövlət çilik-çilik olmuşdu.
(Bu, birmənalı olaraq beləydi:
Dövlət yoxdu.
Çünki dövləti qurmağa məsul olan hakimiyyətin özü pərgar deyildi.
Hakimiyyət yoxdu.
Çünki hakimiyyəti qurmalı olan nüfuz ünvanı, iqtidar sahibi yoxdu.
Doğrusu, o zaman yeganə bir İqtidar vardı.
Ancaq o Bakıda yox, Naxçıvanda məhdud imkanlar çərçivəsində yaşayır və çalışırdı.
Təəssüf ki, siyasətə gəldiyi gündən dünya erməniliyinin yuxusunu qaçıran Heydər Əliyevi həm də AXC-Müsavat birliyi hədəf seçmişdi.
Adıkeçən müsahibədə İlham Əlıiyev 907-ci düzəlişə yerli hakimiyyətin laqeydliyindən də danışdı.
Əlbəttə ki, bu biganəlik əsassız ola bilməzdi.
Həmin gün - 24 oktyabrda erməni lobbisinin təsiri ilə Konqres 907-ci düzəlişə səs verəndə, o zamankı Azərbaycan rəhbərliyi daha "vacib" işlərlə məşğul idi: Heydər Əliyevə qarşı özünün sui-qəsd və çevriliş planını həyata keçirməyə çalışırdı.)
Bir zavod direktorunu (Ayaz Mütəllibovu ) devirib onu əvəzləyən şərqşünaslıq mütəxəssisi Əbülfəz Elçibəy başqa bir zavod direktorunun qarşısında aciz qalmışdı.
Sürət Hüseynov AXC-Müsavat cütlüyünü yun kimi əlçimləyib daraqdan keçirir və küləyə verirdi.
Həmin ilin qızmar yay günlərində Heydər Əliyevin qarşısında bir müqəddəs və çətin vəzifə vardı:
Siyasi Müstəqiliyini elan etmiş bir mürəkkəb coğrafiyada Dövlət yaratmaq.
Siyasi müstəqilliyi dövlətçilik məzmunu və idarəçilik proqramı ilə zənginləşdirmək.
Resurslar isə minmum həddə, hətta yox dərəcəsində idi.
Heydər Əliyevin arsenalında yalnız iki amil vardı: Özünün zəngin lidelik, siyasi, dövlətçilik təcrübəsi və xalqın Ona sonsuz inamı.
Onun özünə və sözünə olan yüksək etimad.
Obrazlı desək, Heydər Əliyev bu gün artıq Qafqazın lideri sayılan Azərbaycan dövlətini güclə, silahla, pulla (bunların heç biri mövcud və əlçatan deyildi) deyil, televizorla (Azərbaycan Dövlət televiziyası ilə) birlikdə yaratdı.
Bəli, Heydər Əliyev, xaotik prosesləri quruculuq relsləri üzərinə kökləyərək, dövlət qurdu.
İlham Əliyev bu dövlətin nüfuzunu bərpa etdi.
İlham Əliyev “dövlət vətəndaşa xidmət etməlidir” deyir.
Eyni zamanda, dövlətlə vətəndaş arasındakı məsafənin ölçülərini, sərhədini müəyyənləşdirir.
Dövlət hər bir kəs, hər bir vətəndaş üçün yaxın olduğu qədər də əlçatmaz, toxunulmaz olmalıdır.
Kimsə dövlətə qarşı dil uzada, əl qaldıra bilməz.
Dəxli yoxdur, ağlını və ya yolunu azmış belə bir asinin neçə yaşı var? 20, 30 yoxsa 87...
2. Ordu quruculuğu...
İndi uğurları təhlil və təqdim etmək çox rahatdır.
Milli dövlətimiz, milli ordumuz var!
Dövlətə, Orduya sahiblənmək! Hər kəs bunun nə demək olduğu haqda pafosla, bəlağətlə saatlarla danışa bilər.
Dövlət olmayanda, ordu olmayanda, nələr baş verir?
Bu barədə yalnız bu sualın cavabını öz məşəqqətli, iztirablı taleyində yaşayanlar dəqiq bilir.
Xocalıda ermənilərə əsir düşmüş bir sakinin dedikləri kimi:
“Bizi bir tövləyə yığdılar.
Ermənilər atasının arxasına qısılmış 13 yaşlı bir qızı dartıb qopardılar.
Heç kim kömək edə bilmədi.
Hamının gözü önündə qızın döşlərini kəsib atasına atdılar.
Kişi havalanıb özünü tövlənin qapısına çırpdı, uçurumdan qarın-çovğunun içinə atıldı, öldüsü-qaldısı bilinmədi...”
Bizim bütün faciələrimizin, etnosun ikiyə bölünməyindən tutmuş Xocalı soyqırımınadək bir səbəbi var-dövlətin və ordunun olmaması.
İlham Əliyev bizə döyüşməyi və qalib gəlməyi öyrətdi.
Hazırda diqqətimizi cəlb etməyən fövqəladə bir proses gedir.
Bu gün əsgəri xidmətini başa vuran gənclərimiz artıq məğlub ordunun yox, Qalib ordunun sıralarından təxris olunur.
Bu o deməkdir ki, milli ordumuz cəmiyyətimiz (və gələcəyimiz ) üçün hava və su kimi gərəkli olan müstəqil, Qalib Xarakterlər istehsal edir.
Bölgədəki separatizm dağı dibindən uçurulub.
Dağ uçanda suların çayların səmti, relyefi dəyişdiyi kimi Ali Baş Komandan və onun əsgəri geosiyasətin mahiyyətini və səmtini yeniləyib.
Qələbəmiz qarşısıalınmaz bir prosesə çevrilib.
Bu gün dünya nizamı redaktə olunur...
Hadisələrə klassik baxış yenidən gündəmə qayıdır.
Super dövlətin öz güc nazirliyinə klassik “Müharibə” adını qaytarması da təsadüfi sayılmamalıdır.
Görünür, dünya öz keçmişini xatırlayıb (alt düşüncə üzərindən) yeni qərarlar qəbul etməli olacaq.
Bu gün “ordun varsa, yurdun var” ata sözü aktual səsləndiyi qədər də məsuliyyət aşılayır.
Biz də bir xalq olaraq ərklə, qürurla “Ordumuz var!” deyə bilirik...
3. Alt şüurun bərpası və mühafizəsi…
Tez tez gileylənirik...
Bəzən də israrla və haqlı olaraq tələb edirik:
Və daha çox umuruq.
Nə üçün Böyük Zəfər mövzusunda romanlar, povestlər, şeirlər, bəstələr və sair mükəmməl yardıcılıq nümunələri ərsəyə gəlmir?
Sual çox ciddidir.
Ləngimənin ciddi səbəbləri də var.
Öncə zaman keçməli...
Və zaman keçdikcə Qələbəmiz alt şüurumuzda yerbəyer olmalıdır.
Məhz bundan sonra aktiv yaradıcılq enerjisi özünü büruzə verə bilər.
Baxmayaraq ki, Qələbəmizin 6-cı ilinə qədəm qoymuşuq, hələ də Qarabağa hər səfərimizdən sonrası deyirik:
“Şuşaya getmişdik.
Xankəndini ziyarət etdik.
Kəlbəcəri gəzib gəldik.
Ağdam tikilir qurulur.
Qarabağ cənnətə dönür...
Adamın heç inanmağı gəlmir.”
İnanmağımız gəlmir!..
Bu, sadəcə, heyrət nidası deyil.
Həm də bir diaqnozdur.
Bu, alt şüurumuzun ağır travmaya məruz qalmasından - texnologi dillə ifadə etsək, “format” olunmasından xəbər verir.
Alt şürumuz zədələnib, yanlışlarla yüklənib, uğursuzluqlara, məğlubiyyətlərə isinişib.
Bu səbəbdən Qələbəyə çevik reaksiya verə bilmir:
Qələbə faktını bir möcüzə sanır və təəccüblənməklə kifayətlənir.
Təbii ki, bu, Prezidentin şərh etdiyi kimi, əsrlər boyu basqı altında yaşamanın, müstəmləkə olmağın psixoloji fəsadıdır...
Bu kontekstə Tofiq müəllim müşahidələri sərrastdır.
İlham Əliyev anlayışlarla həssas davranır.
Həm peşəkarcasına, həm də alicənablıqla.
Qarabağ mövzusunda isə Prezidentin həssalığı fövqəladə bir təəssübkeşliklə sığortalanır.
Prezidentin Valday diskussiya klubundakı çıxışından bir sitata diqət yetirək:
“Dağlıq Qarabağ xalqı yoxdur.
Qarabağın erməni əhalisi var.”
Burada Prezident onilliklər boyu dilmizdə özünə yer edə bilmiş, təəsüf ki, hələ də dövriyyədə qalan “Qarabağ ermənisi” anlayışına qarşı çıxır.
Çünki bu anlayışda mənsubiyyət, bir-birinə bağlılıq ifadə olunur, Qarabağın erməniyə, erməninin Qarabağa aid olduğu alt şüura yeridilir, təlqin edilir.
Elə Qarabağın işğalı da bizim alt düşüncəmizdən başlayıb: əvvəl təhtəlşüurumuzu zərərsizləşdirib, sonra işğalı hərbi coğrafi müstəvidə fakta çeviriblər.
(Yeri gəlmişkən bizdən fərqli olaraq ermənilər heç vaxt qərbi azərbaycanlılara “Ermənistan azərbaycanlıları” deməyiblər, onları həmişə, bir qayda olaraq türk adlandırıblar...)
İstənilən mövzuda İlham Əliyev anlayılşları istismar etmir.
Əksinə, mövzuya yeni impuls və enerji verir.
Məsələn, Cənubi Azərbaycan mövzusunu götürək.
Hər birimiz üçün doğma və ağrılı olan bu mövzu populistin, naşının yalançı vətənpərvərin ixtiyarında siyasi demoqogiya səviyyəsinə endirilir.
Prezidentin təqdimatında isə Cənub həsrəti və iddiası mübahisə doğurmayan bir konsept statusu qazanır.
İlham Əliyev deyir: Biz heç kimin daxili işlərinə qarışmırıq.
Sadəcə, onu deyirik ki, bizim qonşu ölkədə yaşayan soydaşlarımızın ana dili ilə həyəcanlarını başa düşmək lazımdır.
Bəllidir ki, dil tədrisdən, təlimdən kənarlaşanda ədəbi komponentlərini itirir, bu da ki, dilin məhv olma təhlükəsini yaradır. Və biz bu həqiqəti həmişə dilə gətirəcəyik”
İlham Əliyev mövqeyini elə ifadə edir ki, kimsə onun dediklərini mübahisələndirmək barədə düşünə bilmir.
Avropanın, Qərbin ikili standartını elə ustalıqla izah edir ki...
“Ermənilər bizim torpaqları işğal edəndə qərb siyasətçiləri kor olurlar.
Amma, biz torpaqlarımızı işğaldan azad edəndə qərb siyasətçiləri hər şeyi görürlər.
Hətta binokldan da istifadə edirlər..”
Geosiyasi qarşıdurmaların səbəb-nəticəsinə dair siyasi təlimat sayıla biləcək açıqlamalar verir.
“Neçə illərdir ki, Gürcüstana, Ukraynaya NATO-ya üzvlüklə bağlı vədlər verirlər.
Bu ölkələrdə vəziyyət necədir, hamıya məlumdur.
Amma Azərbaycan heç bir geosiya gərginlik yaratmadan NATO-nun ikinci ordusu ilə hərbi əməkdaşlıq müqaviləsi imzalayıb”.
Avropa liderləri isə Ukraynaya NATO-nun üzvü olmadan təhlükəsizlik zəmanəti verməyin mümkünlüyü barədə yalnız son günlər düşünməyə və danışmağa başlayıblar...
4. Prezidentin Mübarizəsində daha vacib bir yön cəmiyyət quruculuğudur.
Ötən ilin oktyabrında başlayan “mehdiyev işi” cəmiyyət quruculuğunda yeni mərhəlinin anonsu sayıla bilər.
Prezidentin dilimizin təmizliyi uğrunda çağırışını da bu prosesə növbəti təkan kimi dəyərləndirmək düzgün olardı.
Cəmiyyətimiz durulmalı, təmizlənməli, yenilənməlidir.
Elin təmizliyi, dilin təmizliyindən başlayır...
Mənim başqa bir müəllimin də var, akademik Nizami Cəfərov.
Nizami müəllim dilimizlə tariximizə aid mükəmməl konseptlərin müəllifidir.
Akademik müsahibələrinin birində belə bir fikir söyləmişdi:
“Təəssüf ki, bizim vergülə qarşı əlahiddə bir həssaslığmız var, harda “ki” görürük vergül qoyuruq”...
Onda mən müəllimimə dedim ki, icazənizlə bu fikrinizə bir düzəliş etmək istəyirəm:
Nizami müəllim, Sizin fikriniz İlham Əliyevə qədərki dövrə aiddir.
İlham Əliyev Azərbaycan xalqına Nidanı sevdirdi!
Bu gün Azərbaycan başlatdığı və qoşulduğu istənilən prosesə Nida qoymaq əzmindədir!
Alqış Həsənoğlu
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru