2026-cı ilin başlanğıcı Azərbaycan enerji sektoru üçün əlamətdar hadisə ilə yadda qaldı. “ACWA Power” şirkətinin investisiyası əsasında inşa edilən “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi ölkənin bərpaolunan enerji siyasətində yeni mərhələnin əsasını qoydu. Açılış mərasimində Prezident İlham Əliyev stansiyanın 240 meqavatlıq gücünün enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və dayanıqlı iqtisadi inkişafın təmin olunmasına mühüm töhfə verəcəyini vurğuladı.
Layihə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı və Çin Xalq Respublikası ilə formalaşdırdığı strateji tərəfdaşlığın praktik nəticəsi kimi qiymətləndirilir. “ACWA Power” və “Power China” kimi beynəlxalq nüfuzlu şirkətlərin iştirakı ölkəmizə olan yüksək etimadı nümayiş etdirməklə yanaşı, Azərbaycanın “yaşıl enerji” gündəliyinin qlobal səviyyədə dəstəkləndiyini göstərir. Dörd il ərzində həyata keçirilən tikinti və investisiya prosesi yüksək texniki hazırlıq və peşəkar yanaşma nəticəsində uğurla başa çatdırılıb. Bu amil dövlətin ardıcıl enerji siyasətinin və yerli mütəxəssislərin məsuliyyətli əməyinin göstəricisidir.
Son iyirmi il ərzində Azərbaycan elektrik enerjisi istehsalı sahəsində əhəmiyyətli nailiyyətlər əldə edib. Hazırda ölkənin ümumi generasiya gücü təxminən 10 min meqavata çatdırılıb ki, bu da əvvəlki illərlə müqayisədə təxminən üç dəfə artım deməkdir. Mingəçevirdə istifadəyə verilmiş 2000 meqavat gücündə yeni elektrik stansiyası daxili tələbatın ödənilməsində və regional enerji təminatında mühüm rol oynayır. Enerji strategiyasının əsas prioritetlərindən biri isə bərpaolunan mənbələrin payının mərhələli şəkildə artırılmasıdır. Bu istiqamətdə xarici investorlarla əməkdaşlıq genişləndirilir və təmiz enerjiyə keçid sürətləndirilir.
“Xızı–Abşeron” KES bu baxımdan təkcə bir enerji obyekti deyil, həm də gələcək layihələr üçün uğurlu model kimi çıxış edir. Stansiyanın istismara verilməsi xarici investorların Azərbaycana marağını daha da artırır və beynəlxalq enerji əməkdaşlığının inkişafına təkan verir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, perspektivdə bərpaolunan enerji layihələrinin əsas hissəsinin xarici sərmayələr hesabına həyata keçirilməsi nəzərdə tutulur. Ölkədə mövcud olan sabit siyasi mühit, möhkəm hüquqi baza və dövlət dəstəyi investisiya cəlbediciliyini gücləndirən əsas amillər sırasındadır.
Azərbaycanın əlverişli coğrafi mövqeyi bərpaolunan enerji sahəsində geniş imkanlar yaradır. Naxçıvan Muxtar Respublikası və işğaldan azad edilmiş ərazilər bu baxımdan xüsusi potensiala malikdir. Xəzər dənizinin külək enerjisi potensialının 157 giqavat səviyyəsində qiymətləndirilməsi bu sahəyə marağı əhəmiyyətli dərəcədə artırır. Azad edilmiş ərazilərdə tətbiq olunan vergi və gömrük güzəştləri investorlar üçün əlavə stimul yaradır. Cəbrayıl rayonunda ümumi gücü 340 meqavat olan üç günəş elektrik stansiyasının inşası bu bölgələrə artan etimadın konkret göstəricisidir. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur zonasında 500–600 meqavat gücündə kiçik su elektrik stansiyalarının tikintisi üçün xarici şirkətlərlə əməkdaşlıq planlaşdırılır.
Bərpaolunan enerjidən səmərəli istifadə baxımından enerji saxlanma texnologiyaları da mühüm rol oynayır. Batareya Enerji Saxlama Sistemlərinə artan maraq göstərir ki, yaxın illərdə bu sahə iri həcmli investisiyalar üçün cəlbedici olacaq. Təkcə “Xızı–Abşeron” KES-in 340 milyon dollarlıq layihə dəyəri gələcəkdə bu sektora milyardlarla dollar sərmayə qoyulacağına işarədir. Stansiyanın fəaliyyəti ekoloji baxımdan da əhəmiyyətlidir: ildə 220 milyon kubmetr təbii qaza qənaət ediləcək, 400 min tondan artıq karbon emissiyasının qarşısı alınacaq. Bununla yanaşı, istehsal olunacaq 1 milyard kilovat-saat elektrik enerjisi Xızı və Abşeron ərazilərinin təmiz enerji ilə təminatını genişləndirəcək.
Bərpaolunan enerji eyni zamanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün əsas infrastruktur rolunu oynayır. Məlumat mərkəzləri, fiber-optik şəbəkələr və texnoloji platformalar dayanıqlı enerji mənbələrinə söykənir. Bu baxımdan Azərbaycanın Səudiyyə Ərəbistanı, Çin və digər tərəfdaş ölkələrlə qurduğu əməkdaşlıq həm yaşıl, həm də rəqəmsal inkişaf proseslərini sürətləndirir. Regional səviyyədə isə Azərbaycan Xəzər hövzəsi və Mərkəzi Asiyanın enerji potensialının Avropa bazarlarına çıxarılması istiqamətində fəal təşəbbüslərlə çıxış edir.
Ümumilikdə, Azərbaycanın həyata keçirdiyi bərpaolunan enerji siyasəti daxili enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, ölkəni regionda “yaşıl enerji” sahəsində aparıcı mövqeyə doğru aparır.
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri