1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Ölkənin mürəkkəb ictimai-siyasi şəraitdən keçdiyi, dövlət müstəqilliyinin ciddi təhlükələrlə üzləşdiyi bir dövrdə yaradılan YAP xalqın tələbindən doğan tarixi zərurət, məsuliyyətli addım və doğru siyasi qərar idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiya qısa müddətdə xalqın böyük etimadını qazanaraq Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi.
Yeni Azərbaycan Partiyasının yaranması dövlətçiliyimizin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və milli inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyırdı. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının YAP-ın VIII qurultayında vurğuladığı “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri siyasi varisliyin və dövlətçilik ənənələrinə sədaqətin ifadəsidir. Prezident İlham Əliyev Heydər Əliyev siyasi mirasının müzəffər davamçısı kimi Azərbaycanın qüdrətini artıraraq ölkəmizi yeni tarixi nailiyyətlərə qovuşdurub.
Prezident İlham Əliyevin “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi” fikri partiyanın yaranmasının tarixi əhəmiyyətini dolğun ifadə edir. Dövlət başçısı ölkəmizin son illərdə keçdiyi uğurlu və şərəfli yolda partiya fəallarının böyük payı və töhfəsi olduğunu da xüsusi qeyd edib. Bu, YAP-ın dövlətçilik maraqlarının qorunmasında, milli həmrəyliyin möhkəmləndirilməsində və ictimai-siyasi proseslərdəki rolunun göstəricisidir.
Partiyanın VIII qurultayı Azərbaycanın yeni ictimai-siyasi və geosiyasi reallıqlarının formalaşdığı mühüm mərhələyə təsadüf etdi. Ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən qurultay yeni hədəflərin və strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdı. Prezident İlham Əliyev bunu belə ifadə edib: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.”
Qurultayda qəbul edilən yeni Proqram bütün müasir tendensiyaları və regionda yaranmış yeni reallıqları nəzərə alaraq partiyanın gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” çağırışı isə milli birlik və həmrəyliyin dövlətçilik üçün vacibliyini bir daha önə çəkir. Bu yanaşma Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması, yeni inkişaf hədəflərinin reallaşdırılması və milli maraqların vahid mövqedən müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Yeni Azərbaycan Partiyasının gücü, ilk növbədə, onun xalqla bağlılığında, cəmiyyətin müxtəlif təbəqələrini vahid ideya ətrafında birləşdirmək bacarığında özünü göstərir. Partiyanın sıralarında birləşən minlərlə fəal dövlətçilik prinsiplərinin təbliğinə, ictimai təşəbbüslərin dəstəklənməsinə və ölkədə həyata keçirilən islahatların mahiyyətinin cəmiyyətə çatdırılmasına töhfə verir. Xüsusilə gənclərin partiya həyatında fəallığı, onların idarəçilik və ictimai fəaliyyətə cəlb olunması gələcək siyasi inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir.
Müasir dövrdə qarşıya qoyulan vəzifələr partiyanın fəaliyyətində yenilənməni, təşəbbüskarlığı və çevik yanaşmanı zəruri edir. Yeni Azərbaycan Partiyası da dəyişən dünyanın çağırışlarını nəzərə alaraq öz fəaliyyətini müasir tələblər əsasında qurur. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi, milli maraqların qorunması, sosial rifahın yaxşılaşdırılması və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri bu gün ölkəmizin əsas inkişaf istiqamətlərindəndir.
Bu gün Yeni Azərbaycan Partiyası zəngin siyasi ənənələri, geniş üzv potensialı və cəmiyyətdə qazandığı nüfuzla ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyini qoruyur. 21 noyabr 1992-ci ildə atılan tarixi addımın nəticələri Azərbaycanın qazandığı Zəfərdə, bərpa edilmiş ərazi bütövlüyündə və möhkəmlənmiş suverenliyində öz əksini tapır. Yaranmasından ötən illər ərzində böyük inkişaf yolu keçən YAP bu gün də Ulu Öndərin siyasi irsinə sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə inamla irəliləyir.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı