18 noyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü münasibətilə YAP Lerik rayon təşkilatı, Lerik Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lerik Bələdiyyəsinin birgə təşkilatçılığı ilə şahmat turnirinin açılış mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev tədbiri açaraq Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, partiyanın keçdiyi şərəfli inkişaf yolundan, ölkəmizin ictimai-siyasi həyatında oynadığı mühüm roldan bəhs edib. O, çıxışında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin Prezident, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, eləcə dövlət başçısının ölkədə idmanın inkişafına, gənclərin sağlam ruhda yetişməsinə və intellektual potensialının artırılmasına göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək yarış iştirakçılarına uğurlar arzulayıb.
“ Ölkəmizdə idmanın inkişafı istiqamətində görülən müxtəlif səpkili tədbirlərin, bu kimi yarışların təşkili gənclərin asudə vaxtının səmərəli keçirilməsində və sağlam həyat tərzinin formalaşmasında əhəmiyyəti böyükdür.” Bu fikirləri isə Lerik Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüqar Mirzəyev bildirib.
Çıxış edən Qarabağ Müharibəsi və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon təşkilatının sədri Veysəl Məlikov şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini vurğulayıb, turnirin təşkilini yüksək qiymətləndirib.
Digər natiqlər- Lerik rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Natiq İsaqov idmanın, xüsusilə şahmatın gənclərin intellektual inkişafında, məntiqi təfəkkürünün və strateji düşünmə qabiliyyətinin formalaşmasında mühüm rol oynadığını və Lerik Bələdiyyəsinin sədri Ceyhun Zaidov belə tədbirlərin rayonun ictimai və idman həyatına müsbət töhfə verdiyini bildirərək iştirakçılara uğurlar arzulayıblar.
Turnirinin təşkilində əsas məqsəd gənclər arasında şahmat idman növünə marağın artırılması, intellektual potensialın inkişafı, sağlam rəqabət mühitinin yaradılması və Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümünün yüksək səviyyədə qeyd olunmasıdır.
Tural Əliyev,
Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi