PDF Oxu

Siyasət

  • 297

Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı - ŞƏRH

Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı - ŞƏRH

20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın tarixi yaddaşında xüsusi yer tutan əlamətdar tarixdir. Bu gün həm işğalın sona çatmasını, həm tarixi ədalətin bərpasını, həm də yeni həyatın başlanmasını təcəssüm etdirir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabrın Ağdam Şəhəri Günü kimi təsis edilməsi bu tarixi hadisənin əhəmiyyətinin əbədiləşdirilməsi baxımından mühüm addımdır.
Ağdamın azad edilməsindən sonra qarşıda duran əsas vəzifə şəhərin əvvəlki şöhrətinin qaytarılması, iqtisadi potensialının bərpası, sosial infrastrukturunun yenidən qurulması və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə genişmiqyaslı layihələrin icrasına başlanıldı.2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev Ağdam şəhərinə səfər edərək burada Azərbaycan bayrağını ucaltdı və dağıdılmış Ağdam Cümə məscidini ziyarət etdi. Dövlət başçısının həmin səfəri şəhərin gələcəyinə dair mühüm siyasi mesaj olmaqla yanaşı, quruculuq prosesinin başlanğıcının rəmzinə çevrildi. Prezident İlham Əliyev Ağdamın yenidən qurulacağını, bütün kəndlərin bərpa ediləcəyini və sakinlərin doğma yurdlarına qayıdacaqlarını bəyan etdi.Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi ilə şəhərin gələcək simasının formalaşdırılması üçün mühüm addım atıldı. Baş Plan əsasında Ağdamda müasir yaşayış məhəllələrinin, inzibati binaların, təhsil və səhiyyə müəssisələrinin, sosial obyektlərin, park və istirahət zonalarının yaradılması nəzərdə tutuldu. Burada əsas məqsəd yalnız dağıdılmış tikililəri yenidən inşa etmək deyil, həm də müasir şəhərsalma prinsiplərinə uyğun, ekoloji cəhətdən təmiz, rahat və dayanıqlı yaşayış mühiti formalaşdırmaqdır.
Bu gün Ağdamda həyata keçirilən infrastruktur layihələri şəhərin gələcək inkişafının möhkəm təməlini təşkil edir. Bərdə-Ağdam avtomobil yolunun çəkilməsi, dəmir yolu və avtovağzal kompleksinin istifadəyə verilməsi, elektrik və su təchizatı sistemlərinin yenilənməsi, yeni kommunikasiya xətlərinin qurulması bölgənin nəqliyyat və iqtisadi əlaqələrini gücləndirir. Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin yaradılması isə müasir idarəetmə texnologiyalarının tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır.
İşğal illərində Ağdamın tarixi abidələrinə, məscidlərinə, qəbiristanlıqlarına və digər mədəni irs nümunələrinə ciddi ziyan vurulmuşdu. Bu gün həmin irsin bərpası istiqamətində ardıcıl işlər görülür. Ağdam Cümə məscidinin bərpası, Qiyaslı kəndindəki tarixi məscidin yenidən qurulması, İmarət Kompleksinin bərpası xalqımızın tarixi yaddaşına və milli-mənəvi dəyərlərinə göstərilən ehtiramın ifadəsidir.Xüsusilə Ağdam İmarət Kompleksinin bərpası böyük tarixi əhəmiyyət daşıyır. Qarabağ xanlığının tarixini özündə yaşadan bu məkan Azərbaycanın dövlətçilik ənənələrinin, tarixi şəxsiyyətlərinin və milli irsinin mühüm nümunələrindəndir.
Ağdamın timsalında Azərbaycan dünyaya mühüm bir həqiqəti nümayiş etdirir: xalqımız öz torpaqlarını azad etməklə kifayətlənmir, həmin ərazilərdə həyatı yenidən qurur, tarixi irsini qoruyur və gələcək nəsillər üçün müasir yaşayış məkanları yaradır. Bu, həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin, ərazi bütövlüyünün və suverenliyinin bərpasının mühüm nəticəsidir.
Bir zamanlar xarabalığa çevrilmiş Ağdam bu gün yenidən qurulan, inkişaf edən, iqtisadi və mədəni potensialı bərpa olunan şəhər kimi Azərbaycanın gələcəyinə doğru inamla addımlayır. Onun küçələrində yenidən həyat canlanır, doğma yurduna qayıdan sakinlərin səsi eşidilir, yeni yaşayış məhəllələri və sosial obyektlər şəhərin simasını dəyişir.Ağdamın dirçəlişi yalnız bir şəhərin bərpası deyil, bütövlükdə Azərbaycan xalqının milli iradəsinin, vətən sevgisinin, tarixi yaddaşının və quruculuq əzminin təntənəsidir. Ağdam bu gün Zəfərin yaratdığı yeni reallıqların, Böyük Qayıdışın və müasir Azərbaycanın inkişafının parlaq rəmzlərindən biridir.Ağdam yenidən yaşayır, yenidən qurulur və öz əvvəlki şöhrətinə qovuşur. Bu dirçəliş Azərbaycanın Zəfər tarixinin davamı, gələcək nəsillərə ötürüləcək qürur və dövlətçilik salnaməsidir.

Malik Mirzəyev,

YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər