PDF Oxu

Siyasət

  • 364

Yeni Azərbaycan Partiyası – güclü dövlətçiliyin və milli birliyin siyasi ünvanı - ŞƏRH

Yeni Azərbaycan Partiyası – güclü dövlətçiliyin və milli birliyin siyasi ünvanı - ŞƏRH

Azərbaycan dövləti və xalqı əlamətdar tarixi hadisənin astanasındadır. Noyabrın 21-də ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaradılmasının 34 ili tamam olur. Bu əlamətdar tarix təkcə siyasi təşkilatın yaranma günü deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm dönüş nöqtələrindən birinin xatırlanmasıdır. Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin taleyinin həll olunduğu mürəkkəb tarixi şəraitdə xalqın milli iradəsinin, siyasi həmrəyliyinin və güclü dövlətçilik arzusunun təzahürü kimi tarixə düşdü.

Ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində Azərbaycanda hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət, dərin böhran, hakimiyyətsizlik və qeyri-sabitlik dövlət müstəqilliyimizin gələcəyini ciddi təhlükə qarşısında qoymuşdu. Ölkənin siyasi idarəçilik sistemində yaranmış boşluqlar, cəmiyyətdə hökm sürən parçalanma meyilləri və milli maraqların lazımi səviyyədə müdafiə olunmaması xalqı çıxış yolu axtarmağa vadar edirdi. Belə bir şəraitdə Azərbaycanın xilası, dövlətçiliyimizin qorunması və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi üçün güclü siyasi iradəyə, zəngin idarəçilik təcrübəsinə və xalqın etimadını qazanmış liderə ehtiyac var idi. Məhz həmin tarixi məqamda Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrini təmsil edən sağlam qüvvələr, xüsusilə ziyalılar öz ümidlərini Heydər Əliyevin siyasi rəhbərliyi ilə bağladılar.
1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciət xalqın mövcud vəziyyətdən çıxış yolu tapmaq istəyinin və Heydər Əliyevə olan böyük inamının ifadəsi idi. Müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Bu müraciət əslində, xalqın siyasi iradəsinin, dəyişiklik və xilas istəyinin açıq ifadəsi idi. Ziyalıların təşəbbüsü cəmiyyətdə mövcud olan böyük gözləntilərin siyasi müstəvidə təzahürünə çevrildi. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri onun ölkənin gələcəyinə yeni istiqamət verə biləcək yeganə lider kimi qəbul edilməsini şərtləndirirdi.
Ümummilli lider Heydər Əliyev ziyalılara ünvanladığı 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı ilə Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu. Heydər Əliyevin partiyanın Sədri seçilməsi isə bu siyasi təşkilatın gələcək fəaliyyətinin ideya və strateji istiqamətlərini müəyyənləşdirdi.
Yeni Azərbaycan Partiyasının yaranması təsadüfi siyasi prosesin nəticəsi deyildi. Bu, ölkənin taleyinə biganə qalmayan insanların milli maraqlar ətrafında birləşməsinin, sağlam siyasi düşüncənin və dövlətçilik məsuliyyətinin təcəssümü idi. Partiyanın formalaşdığı ilk dövrdən etibarən qarşılaşdığı maneələr, təzyiqlər və siyasi müqavimət onun təşəbbüskarlarını qarşıya qoyduqları məqsəddən çəkindirə bilmədi. Çünki bu siyasi hərəkatın arxasında yalnız bir qrup insanın deyil, Azərbaycanın sabitliyini, təhlükəsizliyini və firavan gələcəyini arzulayan geniş xalq kütlələrinin dəstəyi dayanırdı.
Yeni Azərbaycan Partiyasının qısa müddətdə ölkə miqyasında nüfuz qazanması, müxtəlif sosial təbəqələri öz ətrafında birləşdirməsi və təşkilati baxımdan möhkəmlənməsi Heydər Əliyevin liderlik keyfiyyətlərinin, siyasi baxışlarının və xalqla qurduğu etimad münasibətlərinin nəticəsi idi. Ulu öndər partiyanın fəaliyyətini yalnız siyasi mübarizə çərçivəsində deyil, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi və güclü dövlət quruculuğu kimi fundamental məqsədlərlə əlaqələndirirdi.
1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı və Yeni Azərbaycan Partiyasının hakim partiyaya çevrilməsi ölkənin tarixində yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Ulu öndərin qətiyyətli siyasəti nəticəsində ölkədə siyasi sabitlik bərqərar edildi, dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı, müstəqil Azərbaycanın gələcək inkişafının siyasi və iqtisadi əsasları formalaşdırıldı. Ən əsası, xalqın dövlətə və gələcəyə inamı bərpa olundu. Beləliklə, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ölkənin siyasi həyatında mühüm yer tutaraq dövlətçilik tariximizin əlamətdar səhifələrindən birinə çevrildi.
Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən zəngin və şərəfli inkişaf yolu keçərək Azərbaycanın siyasi sistemində aparıcı mövqeyə sahib olan nüfuzlu siyasi təşkilata çevrilib. Bu uğurun əsasında partiyanın cəmiyyətlə sıx bağlılığı, xalqın etimadını qazanması, milli maraqlara əsaslanan siyasi xətti və dəyişən dövrün çağırışlarına uyğun fəaliyyət göstərmək bacarığı dayanır. Yarandığı ilk gündən geniş xalq kütlələrinin dəstəyinə arxalanan YAP zaman keçdikcə müxtəlif sosial təbəqələri, fərqli peşə və yaş qruplarını öz ətrafında birləşdirərək ümumxalq partiyası statusunu qazanıb. Bu gün 700 mindən çox üzvü birləşdirən partiyanın sıralarının davamlı şəkildə genişlənməsi onun cəmiyyətdəki nüfuzunun və ictimai dayaqlarının möhkəmliyinin göstəricisidir.
Yeni Azərbaycan Partiyasının siyasi uğurları, ilk növbədə, xalqın iradəsinə və seçiminə əsaslanır. Partiya bu illər ərzində ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində qazandığı inamlı qələbələrlə cəmiyyətin ona göstərdiyi etimadı dəfələrlə təsdiqləyib. Bu nəticələr YAP-ın yalnız siyasi proseslərin iştirakçısı deyil, həm də ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayan aparıcı siyasi qüvvə olduğunu nümayiş etdirir. Seçkilərdə əldə edilən uğurlar partiyanın qarşıya qoyduğu məqsədlərin, həyata keçirdiyi siyasi xəttin və xalqla qurduğu etibarlı münasibətlərin məntiqi nəticəsidir.
Partiyanın inkişaf tarixində keçirilən qurultaylar da xüsusi əhəmiyyət daşıyır. Bu mühüm siyasi toplantılarda qəbul edilən qərarlar YAP-ın fəaliyyət strategiyasının təkmilləşdirilməsinə, yeni hədəflərin müəyyənləşdirilməsinə və ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklərə uyğun prioritetlərin formalaşdırılmasına xidmət edib. Hər bir qurultay partiyanın siyasi baxışlarının, təşkilati imkanlarının və gələcək fəaliyyət istiqamətlərinin yenidən nəzərdən keçirilməsi baxımından mühüm platforma olub. Eyni zamanda, bu qərarlar Azərbaycanın qarşısında dayanan strateji vəzifələrin həyata keçirilməsində partiyanın üzərinə düşən məsuliyyəti daha da artırıb.
Yeni Azərbaycan Partiyasının inkişaf tarixində VIII Qurultay xüsusi mərhələ təşkil edir. 2026-cı il oktyabrın 2-də Bakıda keçirilən Qurultay Azərbaycanın ictimai-siyasi həyatında baş verən mühüm dəyişikliklər, ölkəmizin yeni geosiyasi reallıqlar şəraitində qarşısında dayanan vəzifələr və partiyanın gələcək fəaliyyət istiqamətləri baxımından əlamətdar hadisə kimi yadda qalıb. Bu Qurultayı əvvəlkilərdən fərqləndirən başlıca cəhət Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsindən sonra keçirilməsidir. Bununla da YAP-ın siyasi fəaliyyəti ölkəmizin tarixində yeni mərhələnin reallıqları və çağırışları fonunda nəzərdən keçirilib.
Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin proqram xarakterli çıxışı tədbirin əsas məzmununu təşkil edib. Dövlət başçısı çıxışında Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salaraq əldə olunan tarixi nailiyyətlərin siyasi, iqtisadi və diplomatik əsaslarını diqqətə çatdırıb, qarşıdakı dövr üçün prioritet istiqamətləri müəyyənləşdirib. Xüsusilə vurğulanıb ki, ölkəmizin qazandığı uğurların qorunması, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi və yeni hədəflərə çatmaq üçün siyasi həmrəyliyin, milli birliyin və ardıcıl fəaliyyətin davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.
VIII Qurultayın diqqət çəkən əsas istiqamətlərindən biri Azərbaycanın yeni geosiyasi nizamda mövqeyi və beynəlxalq münasibətlər sistemində artan roludur. Prezident İlham Əliyev çıxışında Azərbaycanın artıq regional proseslərlə məhdudlaşmayan, qlobal miqyasda öz maraqlarını müstəqil şəkildə ifadə edən dövlət kimi mövqeyini təqdim edib. Ölkəmizin müxtəlif güc mərkəzləri ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi bu yeni mərhələnin mühüm göstəriciləri kimi diqqətə çatdırılıb. Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul olunması, milli maraqlara əsaslanan müstəqil siyasət yürütməsi və regional təşəbbüslərdə fəal iştirakı ölkəmizin mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Dövlət başçısının çıxışında iqtisadi müstəqillik məsələsi də xüsusi yer tutub. Qeyd olunub ki, siyasi müstəqilliyin qorunması və uzunmüddətli inkişafın təmin edilməsi üçün güclü iqtisadi potensialın mövcudluğu mühüm şərtdir. Azərbaycanın iqtisadi imkanlarının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı, yeni investisiya imkanlarının yaradılması və ölkənin rəqabətqabiliyyətliliyinin artırılması gələcək inkişafın əsas istiqamətləri sırasındadır. Bu yanaşma göstərir ki, əldə olunan nailiyyətlərin davamlılığı yalnız mövcud imkanların qorunmasından deyil, həm də yeni iqtisadi hədəflərin müəyyənləşdirilməsindən və müasir çağırışlara uyğun qərarların qəbulundan asılıdır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında xüsusi diqqət yetirilən məsələlərdən biri də 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər və bu Qələbənin Azərbaycanın müasir tarixində yaratdığı yeni reallıqlar olub. 2020-ci ildə başlanan Vətən müharibəsi xalqımızın milli iradəsinin, dövlətimizin siyasi qətiyyətinin və Ordumuzun qüdrətinin təntənəsinə çevrildi. Azərbaycan xalqı, dövləti və Ordusu vahid amal ətrafında birləşərək uzun illər işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qalxdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpasına yol açmaqla yanaşı, xalqımızın milli qürurunu, tarixi ədalətə olan inamını və dövlətçilik əzmini bütün dünyaya nümayiş etdirdi.
44 günlük Vətən müharibəsində qazanılan Zəfər təkcə hərbi uğur deyil, həm də Azərbaycanın uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin, iqtisadi gücünün, ordu quruculuğunun və milli birliyinin nəticəsi idi. Müharibə dövründə xalqın dövlət və Prezident ətrafında sıx birləşməsi, cəmiyyətin bütün təbəqələrinin vahid mövqe nümayiş etdirməsi Qələbənin əldə olunmasında mühüm amillərdən biri oldu. Bu Zəfər sübut etdi ki, milli həmrəylik, güclü dövlətçilik və qətiyyətli siyasi iradə qarşıya qoyulan ən mürəkkəb tarixi vəzifələrin həllində həlledici əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışında da 44 günlük müharibənin tarixi əhəmiyyəti xüsusi vurğulanıb. Dövlət başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə nəticəsində Azərbaycan bölgədə yeni reallıqlar yaradıb və bu reallıqlar sonrakı dövrdə beynəlxalq səviyyədə də qəbul olunub. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin suverenliyinin bütün ərazilərində tam bərpa edilməsi isə bu tarixi prosesin mühüm tamamlanma mərhələsi olub. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini təmin edərək yeni inkişaf mərhələsinə qədəm qoyub.
Bu tarixi nailiyyətlər qarşısında Yeni Azərbaycan Partiyasının üzərinə düşən vəzifələr də yeni məzmun kəsb edir. Artıq qarşıda duran əsas məqsədlərdən biri qazanılmış Zəfərin siyasi, iqtisadi və mənəvi nəticələrini qorumaq, ölkəmizin gücünü daha da artırmaq, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi prosesinə töhfə vermək, milli birliyi və həmrəyliyi gələcək nəsillərə ötürməkdir. Partiyanın VIII Qurultayında müəyyənləşdirilən strateji istiqamətlər də məhz bu yeni reallıqlardan irəli gələn vəzifələrin həyata keçirilməsinə xidmət edir.
Ümumilikdə, Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm mərhələləri ilə sıx bağlıdır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs əsasında yaradılan partiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun fəaliyyətini davam etdirir. YAP-ın VIII Qurultayı isə ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın qarşısında dayanan yeni strateji hədəflərin müəyyənləşdirilməsi baxımından əlamətdar siyasi hadisə kimi tarixə düşür.
Bu gün əsas vəzifə əldə olunmuş tarixi nailiyyətləri qorumaq, güclü dövlətçilik ənənələrini inkişaf etdirmək, milli həmrəyliyi möhkəmləndirmək və Azərbaycanın davamlı tərəqqisini təmin etməkdir. Əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyası bundan sonra da öz fəaliyyətini dövlətçilik maraqlarının, milli inkişafın və ölkəmizin gələcək uğurlarının təmin olunması istiqamətində davam etdirəcək.

Cəlal Əliyev
YAP Masallı rayon təşkilatının əməkdaşı

Digər xəbərlər