Rusiyanın hakim "Yedinaya Rossiya" Partiyasının dəvəti əsasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, YAP Təftiş Komissiyası sədrinin müavini, Milli Məclisinin deputatı Nizami Səfərov və YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadədən ibarət nümayəndə heyəti 15-16 noyabr tarixlərində Moskva şəhərində keçirilən "Millətlərin azadlığı uğrunda!" Hərəkatının Baş Assambleyasında (BA) iştirak edib.
Noyabrın 15-də Asiya, Avropa, Afrika və Latın Amerikasından 70-dən çox ölkənin siyasi partiyalarının nümayəndələrinin qatıldığı BA-nın "Hüquq sferasında neokolonializm. BMT Nizamnaməsinin norma və prinsiplərinə bütövlükdə riayət olunması və beynəlxalq hüququn əsas imperativi kimi qarşılıqlı əlaqələr" mövzusunda birinci sessiyasında çıxış edən YAP Təftiş Komissiyası sədrinin müavini, Milli Məclisinin deputatı Nizami Səfərov bildirib ki, beynəlxalq hüquqda hazırda əsas problem normaların olmaması deyil, onların bəzi dövlətlər, dövlət birlikləri və beynəlxalq təşkilatlar tərəfindən selektiv yanaşma əsasında və özbaşına tətbiq olunmasıdır. İkinci Dünya müharibəsindən sonra yaranmış sülh və təhlükəsizlik mexanizmi, o cümlədən BMT sisteminin əsaslı islahatlara ehtiyacının olduğunu deyən Nizami Səfərov bunun təsdiqi olaraq BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 1993-cü ildə qəbul etdiyi və onilliklər boyu icra olunmayan məlum dörd qətnaməsini xatırladıb. "Hüquqi sferada neokolonializm olduqca təhlükəli və çoxşaxəli bir fenomendir və geniş sahələri əhatə edir. Buna görə də, onunla mübarizədə uğur yalnız qlobal birliyin üzv dövlətlərinin əksəriyyətinin birləşmiş səyləri ilə əldə edilə bilər. Eyni zamanda, müasir beynəlxalq hüquqda təməli qoyulmuş hüquqi sənədlərin potensialından tam istifadə etməklə yanaşı, dünya dövlətlər ailəsində de-yure və de-fakto bərabərliyin təmin edilməsinə yönəlmiş yeni mexanizmlər hazırlamaq lazımdır" deyə YAP Təftiş Komissiyası sədrinin müavini əlavə edib.
Tədbirdə iştirak edən Ermənistanın Respublikaçılar Partiyasının nümayəndəsinin Azərbaycana qarşı böhtan xarakterli çıxışına cavab olaraq N.Səfərov Azərbaycanın 44 günlük müharibə və antiterror tədbirlərinin nəticəsində BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq öz ərazi bütövlüyü və suverenliyini tam təmin etdiyini bildirib: "2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı Bəyanat və 2025-ci il avqustun 8-də Vaşinqtonda "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin paraflanması da onu göstərir ki, işğaldan azad edilmiş əraziləri bu gün rəsmi İrəvan da Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycanın ərazisində hansısa qondarma "Artsax" yox, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları var" – deyə YAP təmsilçisi vurğulayıb.
"Mədəni və humanitar sahələrdə neokolonializm. Rəqəmsallaşma dövründə informasiya-psixoloji qarşıdurma. Dünya xalqlarının rifahı naminə təhsil, elm, tibb və idman sahələrində əməkdaşlıq" mövzusunda üçüncü sessiyada çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müasir dövrdə neokolonializmin yalnız siyasi və iqtisadi asılılıqla məhdudlaşmadığını, həmçinin mədəniyyət, təhsil, informasiya və rəqəmsal texnologiyalar vasitəsilə özünü büruzə verdiyini söyləyib: "Əgər XX əsrdə müstəmləkəçilik əsasən ərazi işğalı və inzibati idarəçilik formasında təzahür edirdisə, XXI əsrdə onun yeni formaları dövlətlərin və xalqların mədəni kimliyinə, tarixi yaddaşına və informasiya məkanına təsir göstərmək yolu ilə həyata keçirilir. Belə şəraitdə formal dövlət müstəqilliyinin mövcudluğu heç də hər zaman real mədəni, intellektual və informasiya suverenliyini təmin etmir".
Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən müstəqil və prinsipial xarici siyasətin qlobal miqyasda ədalətin, beynəlxalq hüququn və bərabərliyin təmin olunmasına mühüm töhfə verdiyini deyən YAP İdarə Heyətinin üzvü Hicran Hüseynova Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə neokolonializmlə mübarizənin əsas prioritetlərdən biri olduğunu, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Bakı Təşəbbüs Qrupunun müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi, onların problemlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və beynəlxalq platformalarda səslərinin eşidilməsi istiqamətində fəaliyyət göstərdiyini bildirib.
Noyabrın 16-da YAP nümayəndələri "Millətlərin azadlığı uğrunda!" Hərəkatının Daimi Komitəsinin iclasında və Hərəkatın Baş Assambleyasının təntənəli açılış mərasimində iştirak ediblər. Açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına müraciəti səsləndirilib, "Yedinaya Rossiya" Partiyasının sədri, Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxış ediblər.
Daha sonra BA-nın plenar iclasında çıxış edən YAP İdarə Heyətinin üzvü Hicran Hüseynova Azərbaycanın müasir neokolonializmə qarşı mübarizə, mədəni-humanitar suverenliyin qorunması və ədalətli beynəlxalq əməkdaşlıq sisteminin qurulması istiqamətində fəaliyyətindən bəhs edib, Heydər Əliyev Fondunun mədəni-humanitar sahədəki və Yeni Azərbaycan Partiyasının beynəlxalq fəaliyyətinə toxunub. Tədbirdə iştirak edən Ermənistanın Respublikaçılar Partiyasının nümayəndələrinin Azərbaycana qarşı qərəzli çıxışına cavab olaraq isə YAP təmsilçisi bu il ərazi bötüvlüyünü bərpa etməsinin 6-cı ildönümünü qeyd edən Azərbaycanın ərazilərinin 20 faizinin 30 ilə yaxın müddətdə işğal altında olduğunu, bu müddətdə bir milyondan artıq azərbaycanlının köçkün şəraitində yaşadığını xatırladıb. Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın bu gün Cənubi Qafqazda yeni sabitlik modeli formalaşdırdığını deyən H.Hüseynova Ermənistanın Respublikaçılar Partiyasının rəhbərlərinin vaxtilə Azərbaycan ərazilərinin işğalında, dinc soydaşlarımızın evlərindən qovulmasında və Xocalı soyqırımının törədilməsində iştirak etdiyini vurğulayaraq, həmin partiyanın nümayəndələrinin bu gün də ölkəmizə qarşı qərəzli çıxışlarını davam etdirdiyini və belə şəxslərin beynəlxalq platformalarda Azərbaycana qarşı böhtan xarakterli fikirlər səsləndirməsinə imkan yaradılmamalı olduğunu söyləyib.
Səfər çərçivəsində nümayəndə heyəti ilə Çin Kommunist Partiyası, "Belaya Rus" Partiyası və Vyetnam Kommunist Partiyasının nümayəndələri arasında ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb.