PDF Oxu

Siyasət

  • 1 112

Bərpaolunan enerji potensialının artırılması strateji prioritet kimi…

image

Yanvarın 8-də “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) rəsmi açılış mərasimi enerji siyasətində mühüm hadisə kimi diqqət mərkəzindədir. Bu layihə bərpa olunan enerji sahəsində ardıcıl və məqsədyönlü siyasətin konkret nəticəsi olaraq ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi və ekoloji davamlı inkişaf istiqamətində atılan strateji addımları nümayiş etdirir.

Stansiyanın təməli 2022-ci ilin yanvar ayında qoyulmuş, qısa zaman ərzində tikinti və quraşdırma işləri yüksək texniki standartlara uyğun şəkildə başa çatdırılmışdır. Bu fakt planlaşdırmanın səmərəliliyini, institusional koordinasiyanın düzgün qurulduğunu və icra mexanizmlərinin çevikliyini aydın şəkildə nümayiş etdirir. Layihədə investor qismində iştirak edən “ACWA Power” şirkətinin fəaliyyəti beynəlxalq əməkdaşlıq mühitinin etibarlılığını və uzunmüddətli tərəfdaşlıq modelinə əsaslandığını təsdiqləyir. Baş podratçı kimi çıxış edən “Power China” şirkətinin təcrübəsi isə iri miqyaslı enerji layihələrinin icrasında qabaqcıl texnologiyaların və beynəlxalq texniki normaların tətbiqini təmin etmişdir.
Enerji sisteminin yenilənməsi dövlətçilik strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyən olunub və bu yanaşma həm ənənəvi, həm də bərpa olunan mənbələrin paralel şəkildə inkişaf etdirilməsini nəzərdə tutur. Son illər ərzində generasiya güclərinin, yarımstansiyaların və ötürücü xətlərin mərhələli şəkildə yenilənməsi enerji təminatının etibarlılığını əhəmiyyətli dərəcədə artırıb. Ümumi generasiya güclərinin 10 min meqavat səviyyəsinə çatması bu sahədə əldə olunmuş mühüm göstəricilərdən biri olmaqla yanaşı, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də xidmət edir.
Bərpa olunan enerji mənbələrinin genişləndirilməsi enerji asılılığının azaldılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Daxili istehsal imkanlarının artırılması xarici risklərə qarşı dayanıqlığı gücləndirir, qiymət dəyişkənliyinin təsirlərini zəiflədir və uzunmüddətli enerji planlaşdırması üçün sabit əsas formalaşdırır. Xüsusilə külək enerjisi layihələrinin ardıcıl şəkildə icrası enerji balansında dayanıqlı payın artmasına və sistemin ümumi etibarlılığının yüksəldilməsinə şərait yaradır.
Müxtəlif regionlarda həyata keçirilən Günəş və külək enerjisi layihələri mövcud potensialdan səmərəli istifadənin bariz nümunəsidir. Biləsuvar, Neftçala, Naxçıvan və azad edilmiş ərazilərdə planlaşdırılan stansiyalar coğrafi müxtəlifliyi təmin etməklə yanaşı, enerji istehsalında mərkəzləşmə risklərini də azaldır. Xəzər dənizinin sektorunda külək ehtiyatlarının beynəlxalq qiymətləndirmələrə əsasən, 157 giqavat səviyyəsində olması bu istiqamətdə uzunmüddətli strateji perspektivin mövcudluğunu təsdiqləyir və regionun iri generasiya mərkəzinə çevrilməsi imkanlarını ön plana çıxarır. Ölkəmizin valyuta ehtiyatları perspektivdə bütün bu işlərin reallaşdırılmasına imkan verir. Dövlətimizin başçısı açılış mərasimindəki çıxışında qeyd etmişdir: “Xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulun təqribən 6 faizindən bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə, Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Yəni bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək. Bu gün Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir məkandır. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır, ölkəmizdə genişmiqyaslı quruculuq işləri aparılır. Ona görə bugünkü mərasimin timsalında xarici şirkətlərin bizə olan inamını da görürük və bu inam tam əsaslıdır”.
Enerji istehsalında bərpa olunan mənbələrin payının artması enerji saxlanması infrastrukturunun inkişafını zəruri edir. Bu məqsədlə Batareya Enerji Saxlanc Sistemlərinin qurulmasına başlanılması enerji sisteminin çevikliyinin və operativ idarəolunma imkanlarının genişləndirilməsi baxımından mühüm addım hesab olunur. İlkin mərhələdə 250 meqavatlıq layihənin nəzərdə tutulması artan generasiya güclərinə uyğun texnoloji hazırlığın təmin edildiyini və gələcək mərhələlər üçün möhkəm əsas yaradıldığını göstərir.
Enerji sahəsində aparılan islahatlar sosial-iqtisadi inkişaf məqsədləri ilə uzlaşdırılaraq icra olunur. Yeni layihələr regionlarda məşğulluğun artırılmasına, müasir texnologiyaların tətbiqinə və yerli kadr potensialının gücləndirilməsinə mühüm töhfə verir. İri miqyaslı bərpa olunan enerji obyektləri ətraf infrastrukturun yenilənməsini stimullaşdırmaqla yanaşı, mühəndislik və texniki sahələrdə bilik və təcrübənin dərinləşməsinə də şərait yaradır.
Eyni zamanda, bərpa olunan enerji layihələrinin genişlənməsi ekoloji prioritetlər və beynəlxalq öhdəliklərlə uzlaşır. Karbon emissiyalarının azaldılması, ətraf mühitə təsirin minimuma endirilməsi və iqlim dəyişiklikləri ilə mübarizə enerji siyasətinin əsas istiqamətləri sırasında yer alır. Külək və Günəş enerjisi layihələrinin sistemli şəkildə icrası enerji istehsalında daha təmiz və davamlı modelin formalaşmasına, uzunmüddətli perspektivdə isə ekoloji tarazlığın qorunmasına mühüm töhfə verir.
Ümumilikdə, “Xızı-Abşeron” KES-in istismara verilməsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi dayanıqlığın artırılması və bərpa olunan enerji strategiyasının ardıcıl icrası baxımından xüsusi əhəmiyyət daşıyır. Bu layihə təkcə mövcud imkanların reallaşdırılması deyil, eyni zamanda qarşıdakı illər üçün müəyyən edilmiş enerji yol xəritəsinin məntiqi və davamlı mərhələsi kimi dəyərləndirilir.

Mahir Süleymanlı
Milli Məclisin deputatı

Digər xəbərlər