PDF Oxu

Siyasət

  • 510

20 Yanvar qanlı və şanlı tariximizdir - TƏHLİL

image

Dünya xalqları arasında Azərbaycan xalqı öz azadlığı, istiqlaliyyəti uğrunda ən prinsipial və qətiyyətli mübarizə aparan xalqlardandır. Məhz bu mübarizliyinə və qətiyyətinə görə dünya xalqları arasında adı hörmətlə çəkilir. Azərbaycan xalqı apardığı mübarizədə çoxsaylı qurbanlar versə də, nəhayət, öz hədəfinə çatıb. Ötən əsrin 90-cı illərində də belə oldu. Xalq XX əsrin ən nəhəng imperiyalarından sayılan sovet hərb maşını ilə qarşıdurmada olsa da. öz müstəqil dövlətini qurmaq uğrunda mübarizəsində istəyinə və qarşısına qoyduğu məqsədinə çata bildi. Lakin yenə də itkilər bahasına, yenə də uzun əsrlər belə sağalması çətin olan yaralar hesabına. Sonradan istintaq araşdırmaları ilə sübuta yetirilmişdir ki, Kreml Azərbaycanı cəzalandırmaq üçün Qanlı Yanvar qırğınını törədib. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərlərin, hərbi məktəblərdə təhsil alan erməni kursantların cəlb edilməsi onu təsdiq etdi ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun və onun ətrafında olan ermənipərəst dairələr Azərbaycan xalqına planlaşdırılan qırğınların daha amansız olmasına çalışıb. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdir. Azərbaycan xalqına divan tutmaq üçün Mixail Qorbaçov və ətrafı geniş məkrli plan işləyib hazırlamışdılar. Azərbaycanın sərhədlərinin pozulması bəhanəsi də bu məkrli planlara daxil edilmişdir. Ona görə də imperiya cəlladları sovet sərhədçilərinə insanların sərbəst şəkildə tikanlı məftilləri dağıtmalarına şəraitin yaradılması göstərişini vermişdilər. Bu baxımdan dekabrın 31-də Araz çayı ətrafı 137 kilometrlik Sovet-İran sərhədində izdiham baş qaldırdı. Nəticədə sərhəd qurğuları uçuruldu. Hər iki tərəfin adamları Arazı keçərək bir-biri ilə görüşdülər. Yanvarın 18-də Biləsuvar və Cəlilabad ərazilərində sərhəd qurğuları dağıdıldı. Xalq güneyli qardaşları ilə qovuşdu. Belə bir şəraitdə Lənkəranda hadisələr sakit şəkildə davam edirdi. Yanvarın 12-də xalqa divan tutmaq məqsədilə ölkənin mexanikləşdirilmiş hərbi hissələri Lənkərana yeridildi. Bunun qarşısını kəsmək üçün qonşu Salyan, Sabirabad, Kürdəmir bölgələrində xalq ordu hissələri hərəkət edən yolların qarşısını kəsdi. Xalqın qəzəbindən qorxan imperiya geri çəkilməli oldu. Belə bir şəraitdə ermənilərin təhrikçilik hərəkətləri, onların sərhəd kəndlərimizə, eləcə də Qarabağdakı azərbaycanlılar yaşayan bölgələrə silahlı hücumları güclənirdi. Yanvarın 12-də Ermənistandan 500 nəfərlik silahlı quldur dəstəsi 20 vertolyotla Xanlar rayonunun Quşçu kəndinə basqın edib silahsız əhaliyə divan tutdu, qadınlar, uşaqlar vəhşicəsinə öldürüldü. Moskva erməni terror dəstələrini zərərsizləşdirməkdənsə əksinə onları silahlandırırdılar. Bunla yanaşı imperiya Bakının ətrafına əlavə ordu bölmələri, ağır texnika yeritməyə başladı. 1990-cı il yanvarın ortalarında Azərbaycan KP MK-nın büro iclaslarında respublikadakı mövcud vəziyyət müzakirə olunurdu. Çıxış edənlər Ə.Vəzirov, A.Mütəllibov, V.Polyaniçko, E.Qafarova və başqaları, eləcə də Bakıda olan Y.Primakov və yüksək rütbəli Moskva hərbçiləri güc tətbiq olunmasının zəruriliyini bildirdilər. Buna etiraz edən və ya başqa təklif verən isə olmadı. 1990-cı il yanvarın 15-də Ə.Vəzirov Moskvaya teleqram göndərərək tələb edirdi ki “Antisovet, antipatiya şüarları ilə mitinq edən ekstremistlərin liderləri dərhal məsuliyyətə cəlb edilməlidirlər. Bunun üçün hüquqi əsaslar vardır”. Bunun ardınca Azərbaycan SSRİ Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov Moskvaya göndərdiyi teleqramda bildirirdi ki, respublikanın SSRİ güc nazirlikləri hərbi kontingentini qeyri-qanuni silahlı birləşmələri tərki silah etmək üçün əməliyyat keçirəcəkləri müddətdə yerləşdirmək və ərzaqla təmin etmək üçün hər cür imkanı vardır. SSRİ Ali Soveti Rəyasət Heyəti 1990-cı il yanvarın 19-da “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi.Xalqa divan tutmaq, qırğın törətmək üçün ordudan istifadə olunacağı nəzərə alınaraq fövqəladə vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı. Bakıda fəaliyyətlərini davam etdirən radikallar insanlara “Silah, kömək gələcək” -deyə yalan vədlər verir, xalqın bir hissəsini barrikadaları sonadək qorumağı və buranı tərk etməməyə çağırırdılar. Piketdə iştirak edənlər imperiyanın, eləcə də Azərbaycanın səlahiyyətli nümayəndələrinin qoşunun şəhərə daxil olmayacağı ilə bağlı dəfələrlə təkrar etdikləri yalan vədlərə inanmışdılar. Xalq baş verə biləcək qırğından xəbər tutmasın deyə, yanvarın 19-da respublika televiziyasının enerji bloku partladılaraq sıradan çıxarıldı. Qoşun bölmələri yanvarın 19-da Türkan-Qala istiqamətindən şəhərə hərəkət etməyə başladılar. “Bakı əməliyyatı” na Sovet dövlətinin müdafiə naziri D.Yazov birbaşa başçılıq edirdi. Ağır hərbi texnika asanlıqla barrikadaları dağıtmağa başladı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, əliyalın adamlara avtomat silahlardan atəş açırdılar. Hərbçilər təsadüf nəticəsində yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, nəqliyyatı atəşə tutur, yaralı insanları öldürür, meyitləri yandırdılar. Bakı küçələri öldürülmüş, yaralanmış adamların, qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Əsgərlər tibbi heyətin yaralılara köməyə getməsinə şərait yaratmır, hər vəchlə buna mane olmağa çalışırdılar. Bakıya və başqa yaşayış məntəqələrinə Sovet qoşunlarının basqını vaxtı 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi və 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər isə itgin düşmüşdür. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. Azərbaycanda rəhbər vəzifədə olanlar xalqa kömək etmək,ona arxa durmaq əvəzinə kürsülərini qorumaq naminə qaçıb gizləndilər.Ziyalıların bir qismi yanvarın 20-də Elmlər Akademiyasında etiraz mitinqi keçirdi. Ziyalıları qorxutmaq üçün bu mitinqin iştirakçısı olan 3 tanınmış alim, professor Bakı - Sumqayıt yolunda tankın altına salınıb öldürüldü. Çarəsiz vəziyyətdə olan xalq qorxu içində idi. Bu qorxu və Azərbaycanın üzləşdiyi blokada xalqımızın Ulu Öndəri Heydər Əliyevin səyi ilə aradan qaldırıldı. Yanvarın 21-də Dahi Öndərimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək izdihamlı yığıncaqda çıxış etdi və bu ağır günlərdə heç yerdən kömək almayan doğma xalqı ilə birgə olduğunu bildirdi. Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” faciəsinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.

Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan xalqına verdiyi başsağlığında soydaşlarımızı ağır gündə “ağıllı, kamallı olmağa, həmrəyliyə və birliyə çağırdı”. Xalq Dahi Öndər Heydər Əliyev kimi bacarıqlı, böyük nüfuz sahibi olan bir şəxsiyyətin onunla olduğunu, müdafiə etdiyini gördü, ürəkləndi. Nəticədə sonrakı mərhələdə mübarizə daha geniş xarakter aldı və müstəqil Azərbaycan dövləti quruldu. Ulu Öndər Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra diqqət yönəltdiyi qəhrəmanlıq salnamələrindən biri də 20 yanvar faciəsinin qurbanlarına və onların ailələrinə xeyirxah münasibəti olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir (hal-hazırda bu məbləğ 600 manat təşkil edir). Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

20 yanvar faciəsinin qurbanları xalqımızın azadlıq mübarizəsinin ilk qurbanlarıdır. Onların mübarizəsi nəticəsiz qalmadı, xalqımız öz müstəqil dövlətini qurmağı və yaşatmağı bacardı. Hazırda isə 30 illik erməni işğalına son qoymaqla bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan Fateh Sərkərdə, qurucu Lider, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz inkişafını davam etdirir.

İLHAM ƏLİYEV

Digər xəbərlər