PDF Oxu

Siyasət

  • 694

Qalib Azərbaycanın gəncləri - ŞƏRH

image

Vətənpərvərlik yalnız döyüş meydanında qazanılan qalibiyyətlə deyil, eyni zamanda elm, təhsil, mədəniyyət və innovasiya sahələrində də özünü göstərir. Müasir Azərbaycan gəncliyi ölkənin elmi-texniki potensialının güclənməsində mühüm rol oynayır. Eyni zamanda gənc rəssamların sərgiləri, musiqi festivalları, ədəbiyyat günləri, teatr layihələri milli mədəniyyətin qorunması və dünyaya tanıdılması baxımından dəyərli təşəbbüslərdir. Bu gün yüzlərlə gənc beynəlxalq arenalarda ölkəmizi təmsil edir, dünya olimpiadalarında, elmi konfranslarda Azərbaycan adını ucaldır. Onların fəaliyyəti yalnız şəxsi nailiyyət deyil, ölkənin imicinə, beynəlxalq nüfuzuna layiqli töhfələrdir.

Vətənpərvər gənclik daha da güclü, sarsılmaz Azərbaycanın uğurlu gələcəyi deməkdir. Bu sağlam, müasir olduğu qədər də tarixi keçmişinə, milli dəyərlərinə sıx bağlı olan nəsil öz bilik və bacarığı ilə ölkənin inkişafına töhfə verir, müstəqilliyimizin möhkəmlənməsinə xidmət edir və dövlətimizin nurlu sabahları naminə çalışır.
Gənc nəslin milli dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsi onun mənsub olduğu xalqın rifahı, eyni zamanda ölkənin inkişafının rəhnidir. Təsadüfi deyil ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə qalxmasında Ulu Öndərin xidməti əvəzsizdir. Dahi şəxsiyyət sovet dönəmində ölkəmizdə Azərbaycan dilinin dövlət dili kimi işlənməsinə geniş zəmin yaratdı, dilimizin qorunması və inkişaf etdirilməsi üçün sərəncamlar imzaladı. Onun gənclərə ən mühüm tövsiyələrindən biri də məhz, dilimizə hörmət və qayğı olmuşdur. Gənclərin böyük hamisi Heydər Əliyev çıxışlarında həmişə vurğulayırdı ki, “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”.
Zəngin dövləti idarəetmə təcrübəsinə malik Ulu Öndər hesab edirdi ki, gənclər hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqədir. Təsadüfi deyil ki, müasir dövrdə gənclər və idman sahəsində qazanılan uğurlar dövlətlərin ümumi inkişaf səviyyəsini, iqtisadi-siyasi potensialını müəyyənləşdirən vacib meyarlardan sayılır. Dünyanın bütün sivil cəmiyyətlərində gənc nəslin mənəvi-ideoloji tərbiyəsi, onların sağlamlığının qorunması baxımından bu strateji sahələrə xüsusi qayğı ilə yanaşılır.
Ölkəmizin sürətli inkişafında vətənpərvər, fəal və məqsədyönlü gənclərimizin rolu danılmazdır. Müstəqillik dövrünün imkanlarından bəhrələnən Azərbaycan gənci yalnız texnologiya və təhsil sahəsində deyil, həm də milli-mənəvi dəyərlərə sədaqət və dövlətçilik ənənələrinə bağlılığı ilə seçilir. Doğma Vətənin tarixi yaddaşına sahib çıxmaq, milli kimliyi qorumaq və onu gələcək nəsillərə ötürmək bu gün gəncliyin üzərinə düşən ən vacib vəzifələrdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı ilbəil artır, bu sahədə reallaşdırılan uğurlu layihələrin sayı və miqyası günbəgün genişlənir. Gənclər siyasəti Prezident İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu yüksək diqqətin nəticəsidir ki, bu gün ölkəmizdə baş verən bütün ictimai-siyasi proseslərdə gənclərin rolu artır, yüksək potensiallı Azərbaycan gəncləri cəmiyyətimizin bütün sahələrində, idarəetmə strukturlarının bütün pillələrində layiqincə təmsil olunur.
44 günlük müharibə zamanı cəbhədə düşmənlə qalib gələn məğrur gənclikdir. Bu gün Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev gənclər siyasətinə xüsusi diqqət ayırır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu tarixi zəfərə imza atdı. Tarixi Qələbədə şanlı ordumuzun şəxsi heyətinin əksəriyyətini təşkil edən gənclərimizin müstəsna xidmətləri oldu. Onlar şəhidlik zirvəsinə yüksəlmək əzəməti, qazi şücaəti və sonsuz vətənpərvərlik nümunəsi göstərərək xalqımıza qalibiyyət sevincini yaşatdılar. Azərbaycan Respublikasının Prezidenri İlham Əliyevin dediyi kimi:” Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır”.

Elnur Əsədov

YAP Kəngərli rayon təşkilatının mühasibi

Digər xəbərlər