Azərbaycanın xarici siyasət uğurları davamlıdır. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti, xarici siyasətinin dəyişməz prinsipləri daim yeni körpülər qurmasında, ənənəvi əməkdaşları ilə əlaqlərinin yeni sahələr üzrə inkişaf etdirməsində əhəmiyyətli rol oynayır. Tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı reallıqlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu daha da möhkəmləndirir. Bu özünü ikitərəfli əməkdaşlıqda, həmçinin beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında aydın ifadəsini tapır.
Cənab İlham Əliyev bu günlərdə Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdə oldu. Ötən il dövlətimizin başçısının bu ölkəyə 3 dəfə səfəri olub. Hər bir səfər əlaqələrin inkişafında yeni səhifə açıb. Belə ki, gündəmə gətirilən məsələlər ətrafında fikir mübadiləsi aparıb ümumi mövqenin ortaya qoyulması, həmçinin imzalanan sənədlər tərəflərin əlaqələrin yüksələn xətlə inkişafında maraqlı olduğunu təsdiqləyir. Cənəb İlham Əliyevin budəfəki səfəri də Prezidentlərin görüşü, mühüm sənədlərin imzalanması, eyni zamanda, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasiminin keçirilməsi ilə diqqətdə oldu. Səfər zamanı Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı - 2026” birgə əməliyyat-taktiki təlimini də izlədilər. Yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirildi. Təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır. Səfər çərçivəsində imzalanan sənədlər arasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da var.
Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payının olması şübhəsizdir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən də “yaşıl enerji”nin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Sözügedən səfər zamanı Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalandı. Prezidentlər sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliklərini bildirdilər.
Hazırda dövlət başçısı İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi və Birləşmiş Ərəb Əmirliklərində mükafatın təqdimolunma mərasiminin keçirilməsi geniş müzakirə edilir. Bu mükafat Prezident İlham Əliyevin sülhə, əməkdaşlığa davamlı töhfələrinə verilən dəyər kimi şərh edilir. Tarixi Zəfərimizdən sonra cənab İlham Əliyevin regionda dayanıqlı inkişafın, təhlükəsiz gələcəyin qurulması üçün Ermənistana sülh təklifi, ötən dövrdə Azərbaycanın sülhə nail olmaq üçün atdığı addımlar və uğurlu nəticə təqdir edildi. Prezident İlham Əliyev təqdimolunma mərasimindəki çıxışında bildirdi ki, bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Vaşinqton Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur. “Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir” söyləyən dövlətimizin başçısı bildirdi ki, biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa minnətdarlığını bildirən cənab İlham Əliyev qeyd etdi ki, o, 2025-ci il avqustun 8-də üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etmişdir. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanmış, həmçinin Birgə Bəyannamə imzalanmışdır. Prezident Tramp şahid qismində həmin sənədi də imzalamış və bununla da üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyuldu. Bu altı ay münasibətlərimizin inkişafı baxımından çox mühüm olmuşdur. Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk.
Qeyd edək ki, Prezident İlham Əliyevin səfər zamanı Ermənistanın baş naziri Nikol Paşinyan ilə də görüşü oldu. Tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışladılar. Onlar Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini vurğuladılar. Tərəflər, həmçinin hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd etdilər. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildirdilər. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə etdilər, iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqlədilər.
Dövlət başçısı İlham Əliyev mükafatın təqdimolunma mərasimində onu da vurğuladı ki, mükafatlandırma mərasimi və hörmətli münsiflər heyəti ilə bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsi olduqca ruhlandırıcıdır: “Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir”.
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri