Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı ölkənin iqtisadi inkişaf strategiyasında keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Bu çıxış təkcə texnoloji yeniliklərin təşviqi ilə bağlı çağırış deyil, həm də Azərbaycanın post-neft dövründə rəqabət qabiliyyətini təmin edəcək iqtisadi modelin konturlarının müəyyənləşdirilməsidir. Qlobal iqtisadiyyatda artıq əsas kapital təbii resurslar deyil, məlumat, texnologiya və innovasiya potensialıdır. Bu reallıq fonunda rəqəmsallaşma və süni intellekt məsələsinin dövlət siyasətinin prioritetinə çevrilməsi strateji zərurət kimi çıxış edir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsal transformasiya proqramları ölkələrin uzunmüddətli inkişaf trayektoriyasını müəyyən edir. İnkişaf etmiş iqtisadiyyatlarda dövlət idarəçiliyindən tutmuş sənaye, maliyyə, logistika və xidmət sektoruna qədər bütün sahələrdə rəqəmsal həllər məhsuldarlığı artırır, xərcləri azaldır və qərar qəbuletməni optimallaşdırır. Prezident vurğuladığı kimi, Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb, lakin əsas məsələ rəqəmsal inkişafın sistemli və vahid plan əsasında həyata keçirilməsidir. Azərbaycanın rəqəmsal iqtisadiyyata keçid üçün ciddi struktur üstünlükləri mövcuddur. İlk növbədə, ölkənin əlverişli geostrateji mövqeyi diqqət çəkir. Asiya ilə Avropa arasında yerləşən, Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin üzərində qərarlaşan Azərbaycan artıq fiziki tranzit mərkəzinə çevrilib. Növbəti mərhələdə bu dəhlizlərin rəqəmsal bağlantılarla – fiber-optik magistrallarla – tamamlanması ölkəni regional data qovşağına çevirə bilər. Mövcud enerji və nəqliyyat infrastrukturu üzərində rəqəmsal infrastrukturun qurulması iqtisadi sinerji effekti yaradır. Transmilli şirkətlərlə uzunillik əməkdaşlıq təcrübəsi də mühüm iqtisadi kapitaldır. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan artıq sərmayə yatırılması ölkədə sabit və proqnozlaşdırıla bilən investisiya mühitinin formalaşdığını göstərir. Neft-qaz layihələrinin onilliklər ərzində müqavilə şərtlərinə uyğun icra olunması hüquqi sabitliyin və tərəfdaşlıq mədəniyyətinin göstəricisidir. Bu modelin rəqəmsal iqtisadiyyat sahəsinə transferi texnoloji şirkətlər və qlobal investorlar üçün əlavə təminat yaradır. Rəqəmsal iqtisadiyyatın əsas dayaqlarından biri enerji təminatıdır. Data mərkəzləri və süni intellekt platformaları böyük həcmdə elektrik enerjisi tələb edir. Azərbaycanın generasiya gücünün son 20 ildə təxminən iki dəfə artaraq 10 min meqavata çatması və hazırda ən azı 2 min meqavat istifadə olunmayan ehtiyatın mövcudluğu bu sahədə mühüm üstünlükdür. Ölkənin həm ənənəvi, həm də bərpaolunan enerji mənbələri ilə özünü tam təmin etməsi və ixrac imkanlarına malik olması rəqəmsal sənayenin inkişafı üçün dayanıqlı baza yaradır. Bərpaolunan enerji layihələrinin genişləndirilməsi və yaşıl enerji kabeli təşəbbüsləri Azərbaycanın gələcəkdə “yaşıl data mərkəzləri” üçün cəlbedici platformaya çevrilməsi imkanını artırır. Qlobal miqyasda texnoloji şirkətlər karbon izini azaltmağa çalışdığı bir dövrdə, təmiz enerji ilə təmin olunan data mərkəzləri investisiya baxımından daha üstün mövqedədir. Fiber-optik infrastrukturun genişləndirilməsi də iqtisadi əhəmiyyət daşıyır. Xəzərin şərq sahilləri ilə əlaqəni təmin edəcək kabel layihəsi Azərbaycanın Orta Asiya bazarları ilə rəqəmsal inteqrasiyasını gücləndirəcək. Qərb istiqamətində yeni bağlantıların qurulması isə Avropa bazarlarına çıxışı daha da möhkəmləndirə bilər. Bu, ölkəni yalnız enerji deyil, həm də məlumat tranziti üzrə regional mərkəzə çevirə bilər. Qlobal maliyyə institutları və fondlarla mövcud əlaqələr rəqəmsal transformasiya layihələrinin maliyyələşdirilməsi baxımından əlavə imkanlar yaradır. Azərbaycan Dövlət Neft Fondunun dünyanın aparıcı maliyyə təsisatları ilə əməkdaşlığı və həmin platformalar vasitəsilə investisiyaların idarə olunması yeni texnoloji layihələrə kapital cəlbini asanlaşdıra bilər. ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası, Avropa İttifaqına üzv bir sıra ölkələrlə strateji tərəfdaşlıq sənədləri və Çin ilə hərtərəfli strateji tərəfdaşlıq münasibətləri Azərbaycanın qlobal texnoloji ekosistemə inteqrasiyasını sürətləndirə biləcək siyasi və iqtisadi çərçivə yaradır. Rəqəmsal transformasiyanın uğuru üçün institusional koordinasiya əsas şərtlərdən biridir. Dövlət başçısının hər bir dövlət qurumunda rəqəmsallaşma və süni intellekt üzrə məsul şəxslərin müəyyənləşdirilməsi barədə tapşırığı idarəetmədə sistemli yanaşmanın formalaşdırılmasına xidmət edir. Dövlət xidmətlərinin “mygov” platforması üzərindən vahid mərkəzdə təqdim olunması isə əməliyyat xərclərinin azaldılması, şəffaflığın artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi baxımından mühüm iqtisadi effekt vəd edir. İnsan kapitalı məsələsi xüsusi əhəmiyyət daşıyır. Süni intellekt və rəqəmsal texnologiyalar sahəsində ixtisaslı kadrların hazırlanması uzunmüddətli iqtisadi dayanıqlılığın əsas elementidir. Ali təhsil müəssisələrində və xaricdə təhsil proqramlarında bu ixtisasların genişləndirilməsi, orta məktəblərdə rəqəmsal bacarıqların aşılanması gələcək əmək bazarının tələblərinə uyğunlaşmanı təmin edəcək. Kibertəhlükəsizlik iqtisadi sabitliyin ayrılmaz tərkib hissəsidir. Rəqəmsal infrastruktur genişləndikcə risklər də artır. Keçmiş kiberhücum təcrübəsi göstərir ki, qabaqlayıcı tədbirlər və institusional hazırlıq vacibdir. Bu baxımdan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi rəqəmsal iqtisadiyyatın təhlükəsiz inkişafı üçün əsas şərtdir. Enerji, nəqliyyat və investisiya sahələrində əldə olunmuş uğurların rəqəmsal platformaya inteqrasiyası ölkənin rəqabət qabiliyyətini artıracaq, qeyri-neft sektorunun inkişafını sürətləndirəcək və Azərbaycanın qlobal iqtisadi sistemdə mövqeyini daha da möhkəmləndirəcək. Bu yanaşma uzunmüddətli perspektivdə dayanıqlı, innovativ və yüksək texnologiyalara əsaslanan iqtisadi modelin formalaşmasına xidmət edir.
Tahir Mirkişili
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı