Müasir dünya iqtisadiyyatında və idarəetmə fəlsəfəsində baş verən dəyişikliklər göstərir ki, dövlətlərin gücü artıq yalnız təbii resurslar, sənaye potensialı və ya coğrafi mövqe ilə ölçülmür. Yeni reallıqda rəqabət qabiliyyətinin əsas meyarları rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının tətbiqi, data infrastrukturunun gücü və innovasiya ekosisteminin dərinliyidir. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycanın yeni rəqəmsal arxitekturasına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər, sadəcə texnoloji modernləşmə çağırışı deyil, dövlət idarəçiliyinin gələcək modelinə dair strateji baxış kimi qiymətləndirilə bilər.
Prezident çıxışında bildirib ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Rəqəmsal inkişaf məsələsi bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi, gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.
Rəqəmsallaşma: Texnologiya deyil, inkişaf fəlsəfəsi Rəqəmsallaşma çox zaman texniki yeniliklər, elektron xidmətlər və ya proqram təminatı ilə əlaqələndirilir. Halbuki, bu proses daha geniş məna daşıyır. Rəqəmsallaşma iqtisadiyyatın strukturunun dəyişməsi, dövlət və vətəndaş münasibətlərinin yenidən qurulması, resursların daha səmərəli idarə edilməsi və qərar qəbuletmə mexanizmlərinin optimallaşdırılması deməkdir.
Bugünkü dünyada inkişaf etmiş ölkələr arasında fərq getdikcə daha çox rəqəmsal imkanlar üzərindən formalaşır. Hansı ölkə data üzərində nəzarəti güclüdürsə, hansı ölkə süni intellekt texnologiyalarını daha effektiv tətbiq edirsə, həmin ölkə iqtisadi və siyasi üstünlük əldə edir. Bu səbəbdən rəqəmsallaşma artıq seçim deyil – strateji zərurətdir.
Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə qeyd edib ki, Azərbaycanın bir çox üstünlükləri var. Onlardan biri coğrafi vəziyyətidir. Neft-qaz və bağlantılar sahəsində böyük təcrübəmiz, beynəlxalq şirkətlərlə əlaqələrimiz və bir çox ölkələrlə nəhəng layihələri icra etməyimiz mühüm üstünlüklərdir. Bu layihələr bilik, bacarıq, texniki keyfiyyətlər və geniş beynəlxalq əlaqələr tələb edir. Azərbaycan öz qonşuları ilə müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələri icra edib. Yəni bu sahədə həm təcrübəmiz, həm də artıq yaradılmış platformalarımız var.
Prezident İlham Əliyev enerji sahəsində əldə olunan nailiyyətləri də vurğulayıb. Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artaraq 10 min meqavata çatıb. Qaz, hidro, Günəş və külək elektrik stansiyaları Azərbaycan reallıqlarını müəyyən edir. Hazırda ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir.
Rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının tətbiqi və data mərkəzlərinin yaradılması – bunlar ayrı-ayrı texnoloji layihələr deyil. Bu, dövlətin gələcək inkişaf modelinin əsas sütunlarıdır.
Yeni dövrdə inkişaf etmiş ölkə olmaq üçün:Güclü rəqəmsal infrastruktur, data əsaslı idarəetmə, Süni intellekt inteqrasiyası İnsan kapitalının modernləşməsi zəruri şərtlər kimi çıxış edir.
Bu kontekstdə Azərbaycanın rəqəmsal arxitektura istiqamətində atdığı addımlar, yalnız texnoloji yenilənmə deyil, ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi dəyərləndirilə bilər. Çünki gələcək artıq texnologiya ilə deyil – texnologiyanı necə idarə etməklə müəyyən olunur.
Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri