PDF Oxu

Siyasət

  • 1 207

"Azərbaycan–Serbiya yaxınlaşması regional güc balansını dəyişir" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Belqrad şəhərində Prezident İlham Əliyev ilə Prezident Aleksandar Vuçiç arasında keçirilən görüşlər və imzalanan sənədlər göstərir ki, Azərbaycan–Serbiya münasibətləri artıq klassik diplomatik çərçivəni aşaraq strateji dərinlik mərhələsinə qədəm qoyub. Bu əməkdaşlıq təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də Balkanlar və ümumilikdə Avropa məkanında formalaşan yeni geosiyasi reallıqlar baxımından əhəmiyyətlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.Onun sözlərinə görə, Serbiyanın Azərbaycanla enerji və iqtisadi əməkdaşlığı genişləndirməsi ilk növbədə rəsmi Belqradın enerji təhlükəsizliyini şaxələndirmə siyasətinin tərkib hissəsidir: "Avropa məkanında enerji böhranları, geosiyasi gərginlik və qaz bazarındakı dəyişikliklər Serbiyanı alternativ və etibarlı tərəfdaşlar axtarmağa vadar edir. Bu baxımdan Azərbaycanın qaz ixracı imkanları və enerji istehsalı sahəsində təcrübəsi Serbiya üçün strateji əhəmiyyət daşıyır. 500 meqavatlıq qazla işləyən elektrik stansiyasının birgə tikintisi isə sadəcə iqtisadi layihə deyil, uzunmüddətli enerji tərəfdaşlığının institusional əsasının formalaşdırılmasıdır. Bu əməkdaşlıq Serbiyanın Avropa İttifaqı ilə münasibətlərinə də təsirsiz ötüşməyəcək. Bir tərəfdən, Avropa İttifaqı enerji şaxələndirilməsini təşviq edir və Azərbaycan qazını Avropanın enerji təhlükəsizliyi üçün vacib komponent hesab edir. Digər tərəfdən, Serbiyanın balanslı xarici siyasəti – həm Brüssel, həm Moskva, həm də digər tərəfdaşlarla paralel münasibətlər saxlaması – onu mürəkkəb diplomatik mühitdə hərəkət etməyə məcbur edir. Azərbaycanla əməkdaşlıq bu kontekstdə Serbiyanın enerji müstəqilliyini gücləndirən, eyni zamanda Avropa bazarına inteqrasiyasını dərinləşdirən amil kimi çıxış edə bilər. Azərbaycan üçün isə Balkanlar istiqaməti strateji baxımdan yeni mərhələnin başlanğıcıdır. Cənub-Şərqi Avropa regionu həm enerji, həm nəqliyyat, həm də investisiya imkanları baxımından geniş perspektivlər açır. Serbiya ilə qaz, elektrik enerjisi və mümkün gələcək bərpaolunan enerji layihələri Azərbaycanın Avropa məkanında rolunu gücləndirir. Bu, ölkənin yalnız xammal ixracatçısı deyil, həm də enerji infrastrukturu yaradan və texnoloji tərəfdaşlıq quran aktor kimi mövqeyini möhkəmləndirir.Hərbi-texniki əməkdaşlıq və beynəlxalq platformalarda qarşılıqlı dəstək məsələsi də xüsusi diqqətə layiqdir. Azərbaycan və Serbiya ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birini açıq şəkildə dəstəkləyir. Bu isə münasibətlərin siyasi etimad səviyyəsinin yüksək olduğunu göstərir. Belə qarşılıqlı dəstək beynəlxalq təşkilatlarda mövqelərin uzlaşdırılmasına və diplomatik koordinasiyanın güclənməsinə səbəb olur. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsi – kənd təsərrüfatı məhsullarının mübadiləsi, birbaşa hava reyslərinin açılması, EXPO platformasında qarşılıqlı iştirak – münasibətləri daha çoxsahəli edir. Bu isə əməkdaşlığın yalnız siyasi liderlərin iradəsindən asılı olmadan biznes və ictimai səviyyədə də davamlılığını təmin edir. Azərbaycan–Serbiya strateji yaxınlaşması həm Balkanlarda geosiyasi balansın formalaşmasına, həm də Azərbaycanın Avropa enerji bazarındakı mövqeyinin möhkəmlənməsinə xidmət edir. Bu əməkdaşlıq düzgün idarə olunduğu halda, tərəflərə uzunmüddətli siyasi dividendlər, enerji təhlükəsizliyi və iqtisadi inteqrasiya baxımından ciddi üstünlüklər vəd edir".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər