PDF Oxu

Siyasət

  • 583

Sükut dəqiqəsi - ŞƏRH

image

Azərbaycan tarixinin ən dəhşətli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına həkk olan Xocalı faciəsi əsrlər boyunca ermənilərin xalqımıza və bütün türk dünyasına qarşı törətdikləri soyqırımların daha bir qanlı təzahürü olmaqla, yalnız xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə vəhşiləşmiş, azğınlaşmış erməni faşistləri qədim Azərbaycan torpağı olan Xocalını yerlə-yeksan etdilər, yüzlərlə günahsız, dinc insanı amansızcasına qətlə yetirdilər. Erməni quldurlarının, terrorçularının amansız vəhşiliyi nəticəsində 613 nəfər Xocalı sakini qətlə yetirildi, 1275 nəfər əsir götürüldü, 100-dən artıq sakin yaralandı və şikəst oldu. Qətl edilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaqlar, 70 nəfəri isə qocalar idi. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar.

Erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və işgəncələri ilə birmənalı olaraq, genosid faktıdır. Belə ki, beynəlxalq hüquqa əsasən genosid ən ağır cinayətlərdəndir, genosidin hüquqi əsası bir sıra sənədlərdə öz əksini tapmışdır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və sivil dünya tərəfindən pislənir.

Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada müəyyən edilmişdir. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə, məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Azərbaycana qarşı təcavüz zamanı adı çəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur.

Əslində Azərbaycan xalqı son 200 il ərzində, o cümlədən sovet dönəmində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qoyulub. Xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. O cümlədən Xocalı faciəsi son iki əsrdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi kimi öz təzahürünü tapıb.

Ulu öndər Heydər Əliyev Xocalı faciəsi barədə deyib: "Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir". Məhz ümummilli liderimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Həmçinin ümummilli liderimizin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-də imzaladığı sərəncama əsasən hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Digər xəbərlər