Azərbaycanın müasir siyasi tarixində 1992-ci il noyabrın 21-i xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Həmin gün Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransının keçirilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətində atılmış mühüm addım idi. 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və dövlətçiliyi ciddi sınaqlarla üzləşmişdi. Belə bir şəraitdə ziyalıların, tanınmış ictimai-siyasi xadimlərin və vətənpərvər insanların bir araya gələrək yeni siyasi təşkilat yaratmaq təşəbbüsü ilə çıxış etməsi dövrün mühüm hadisəsinə çevrildi.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısı Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasına və ona rəhbərlik etməsinə çağırış etdi. Heydər Əliyev oktyabrın 24-də müraciətə cavab verərək bu təşəbbüsü dəstəklədi. Beləliklə, ölkənin müxtəlif bölgələrindən olan insanların iştirakı ilə Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində təşkilati işlərə başlanıldı.
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə təsis konfransı keçirildi. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi, partiyanın Proqram və Nizamnaməsi təsdiqləndi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bu hadisə Azərbaycanın siyasi tarixində yeni təşkilatlanma mərhələsinin başlanğıcı oldu.
Yeni Azərbaycan Partiyasının təsis edilməsi yalnız siyasi təşkilatın yaradılması deyil, həm də müstəqil dövlətçiliyin qorunması və gələcək inkişafın istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli hadisə idi. Partiyanın yaranması xalqın müxtəlif təbəqələrinin, xüsusilə ziyalıların ölkənin gələcəyi ilə bağlı narahatlığının və dəyişiklik istəyinin siyasi müstəvidə ifadəsi idi.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının əsasını Azərbaycanın müstəqilliyi, milli maraqların qorunması, güclü dövlət quruculuğu və xalqın rifahının yüksəldilməsi təşkil edirdi. Bu siyasi xətt sonrakı dövrdə ölkənin inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi davam etdirildi.
2020-ci ildə Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi oldu. 2023-cü ildə Qarabağ bölgəsində suverenliyin tam bərpası ilə ölkənin ərazi bütövlüyü və suverenliyi istiqamətində yeni tarixi mərhələ formalaşdı. Bu hadisələr Azərbaycanın müstəqil dövlət kimi öz milli maraqlarını təmin etmək imkanlarını nümayiş etdirdi.
2026-cı il oktyabrın 2-də keçirilən YAP-ın VIII Qurultayı partiyanın yeni tarixi mərhələdə qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm hadisə oldu. Prezident İlham Əliyev qurultaydakı çıxışında partiyanın ölkənin ictimai-siyasi həyatındakı roluna toxunaraq gələcək fəaliyyətin əsas istiqamətlərini diqqətə çatdırdı.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri bu davamlılığın əsas mahiyyətini ifadə edir. Dövlət başçısı çıxışında vurğulamışdır ki, zaman keçdikcə taktiki və hətta strateji məqsədlərdə müəyyən dəyişikliklər baş verə bilər, lakin əsas siyasi xətt dəyişməz qalır. Bu xəttin başlıca istiqamətləri müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və ölkənin öz imkanlarından maksimum istifadə etməsidir.
Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında qeyd etdiyi kimi, ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiya fəallarının böyük payı və töhfəsi vardır. Bu fikir partiyanın fəaliyyətinin yalnız siyasi tədbirlər və təşkilati işlərlə məhdudlaşmadığını göstərir. Partiya fəalları dövlət siyasətinin ictimaiyyətə çatdırılmasında, vətəndaşlarla əlaqələrin möhkəmləndirilməsində, milli maraqların müdafiəsində və cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu fəaliyyətin səmərəliliyi isə ilk növbədə, qarşıya qoyulan məqsədlərin düzgün müəyyənləşdirilməsindən və ictimai məsuliyyətin yüksək səviyyədə dərk olunmasından asılıdır.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə müstəqilliyin möhkəmləndirilməsi, dövlət suverenliyinin qorunması, iqtisadi inkişaf və milli təhlükəsizlik məsələləri mühüm yer tutur. Bu istiqamətlər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsiplərinin müasir dövrdə davam etdirilməsi kontekstində qiymətləndirilir.
Vəfa Məmmədova
YAP Kəngərli rayon təşkilatının fəalı