PDF Oxu

Siyasət

  • 644

Xocalıdan Zəfərə aparan yol

image

26 Fevral mənim üçün sadəcə bir anım günü deyil. Mən 2020-ci ildə Vətən müharibəsində şəhid olmuş bir qəhrəmanın həyat yoldaşıyam. Bu tarixə hər baxanda həm Xocalıda amansızlıqla qətlə yetirilmiş günahsız insanların ağrısını, həm də 44 günlük müharibədə canını fəda edən həyat yoldaşımın və onun silahdaşlarının xatirəsini eyni ürək ağrısı ilə yaşayıram. Çünki bu iki tarix bir-birindən ayrı deyil, biri başlanğıcın faciəsi, digəri isə ədalətə gedən yolun zirvəsidir.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verənlər insanlığın yaddaşına qara hərflərlə yazıldı. Ermənistan silahlı qüvvələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alay bölməsinin iştirakı ilə şəhər mühasirəyə alındı. Dinc sakinlər, körpələr, qadınlar, yaşlı insanlar – qarlı, şaxtalı bir gecədə mühasirədən çıxmağa çalışarkən atəşə tutuldu. 613 nəfər həyatını itirdi. Onların arasında 63 uşaq, 106 qadın, 70 qoca var idi. 8 ailə tamamilə məhv edildi. Bu rəqəmlər sadəcə statistika deyil – hər biri yarımçıq qalmış bir ömür, dağıdılmış bir ocaq, sönmüş bir ümiddir.

Xocalı faciəsi mənim üçün uzaq tarix deyil. Mən o körpələrin taleyini düşünəndə öz övladımın gözlərinə baxıram. Mən o anaların fəryadını təsəvvür edəndə öz qəlbimin səsini eşidirəm. Çünki şəhid xanımı olmaq, ağrını susaraq yaşamaq deməkdir. Mən həyat yoldaşımı 2020-ci ildə itirdim. O, torpaqlarımızın azadlığı uğrunda döyüşərək şəhid oldu. O, silaha yalnız torpaq üçün deyil, həm də Xocalıda axıdılan günahsız qanların yerdə qalmaması üçün sarılmışdı.

Xocalıda baş verənlər beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Mülki əhalinin məqsədli şəkildə qətlə yetirilməsi, əsir və girovlara qarşı işgəncələr, şəhərin tamamilə dağıdılması bu hadisəni insanlığa qarşı törədilmiş ağır cinayət kimi xarakterizə edir. Bu faciə bir xalqın iradəsini qırmaq məqsədi daşısa da, əksinə, xalqımızı daha da birləşdirdi.

İllər boyu Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm işlər görüldü. 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası beynəlxalq miqyasda böyük əks-səda doğurdu. Müxtəlif ölkələrdə keçirilən tədbirlər, konfranslar, sərgilər Xocalı qurbanlarının səsinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət etdi. Bu, həm də bizim milli yaddaşımızın qorunması demək idi.

2020-ci ildə başlayan Vətən müharibəsi isə tariximizin dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Mənim həyat yoldaşım da həmin mübarizənin iştirakçısı idi. O, döyüşə gedərkən bir cümlə demişdi: “Biz Xocalının qisasını alacağıq.” Bu sözlər mənim üçün həm vəsiyyət, həm də qürur mənbəyidir.

Bu gün azad edilmiş torpaqlarda üçrəngli bayrağımız dalğalanır. Xocalı qurbanlarının ruhu qarşısında baş əyərkən eyni zamanda qürur hissi keçirirəm. Çünki onların qanı yerdə qalmadı. Mən bir şəhid xanımı olaraq həm kədər daşıyıram, həm də başımı dik tuturam. Çünki həyat yoldaşım və onun kimi minlərlə igid bu torpaq uğrunda canından keçərək tarix yazdı.

Mən övladıma həm atasının qəhrəmanlığını, həm də Xocalı həqiqətlərini danışacağam. Ona öyrədəcəyəm ki, Vətən torpağı müqəddəsdir, şəhidlərin qanı ilə yoğrulub. Ona öyrədəcəyəm ki, tariximizi unutmaq olmaz, çünki unutsaq, eyni faciələr təkrar oluna bilər.

26 Fevral günü mən həm Xocalı şəhidlərini, həm də 2020-ci ilin qəhrəmanlarını birlikdə yad edirəm. Onların hamısı eyni amal uğrunda Vətən, torpaq və ədalət naminə canlarını fəda ediblər. Bu birliyin, bu qələbənin arxasında güclü iradə, qətiyyət və xalq-dövlət birliyi dayanır.

Şəhid xanımı olaraq mən bu gün azad torpaqlarda dalğalanan bayrağımıza baxanda həm göz yaşımı, həm də qürurumu saxlamıram. Bu zəfər bizə asan başa gəlmədi. Amma bu zəfər sayəsində Xocalı qurbanlarının ruhu rahatlıq tapdı.

Sonda, Azərbaycan xalqını bu Zəfərə aparan, Ordumuza rəhbərlik edən Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Onun qətiyyəti, siyasi iradəsi və rəhbərliyi sayəsində torpaqlarımız işğaldan azad olundu, şəhidlərimizin qisası alındı və xalqımızın başı ucaldı. Şəhid xanımı olaraq buna görə sonsuz təşəkkürümü və ehtiramımı ifadə edirəm.

Qumru Süleymanova

Ağcabədi şəhər S.Vurğun adına 4 saylı tam

orta məktəbin müəllimi, Səhidin həyat yoldaşı

Digər xəbərlər