Azərbaycanın çoxəsrlik tarixində Zəfər qədər qürurlu, Xocalı qədər ağrılı günlər az tapılar. 2026-cı il fevralın 26-da Xocalı şəhərində ucaldılan Xocalı Soyqırımı Memorialının açılış mərasimi, xalqımızın həm kədərini, həm də sarsılmaz iradəsini bütün dünyaya bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev bu tarixi mərasimdə etdiyi proqram xarakterli çıxışında çox mühüm bir həqiqəti — Azərbaycanın müharibə etikasını və mənəvi üstünlüyünü dünyaya bəyan etdi. Dövlət başçısının "Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bizim xalqımızı daha da ucaltdı" fikri, əslində, Azərbaycan dövlətinin və ordusunun keçdiyi şərəfli yolun ən dəqiq tərifidir. Bu ucalıq təkcə hərbi qələbə ilə deyil, həm də insanlıq sınağından alnıaçıq çıxmaqla qazanılmışdır. Xocalı faciəsi 1992-ci ildə törədiləndə erməni faşizminin əsas hədəfi dinc sakinlər, uşaqlar və qadınlar idi. Onlar amansızlıq nümayiş etdirməklə Azərbaycan xalqını diz çökdürməyə çalışırdılar. Lakin 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri zamanı Azərbaycan tərəfi həm döyüş meydanında, həm də mənəvi müstəvidə fərqli bir mənzərə yaratdı. Bizim ordumuz düşməndən qisasını mülki insanlardan deyil, yalnız və yalnız əlində silah olan işğalçıdan aldı. Şəhərlərimiz — Gəncə, Bərdə, Tərtər raket atəşinə tutulanda, dinc insanlarımız həlak olanda belə, Azərbaycan əsgəri heç vaxt mülki erməniləri hədəfə almadı. Prezidentin qeyd etdiyi bu ucalıq məhz həmin çətin anlarda nümayiş etdirilən səbir və ədalət hissindən qaynaqlanır. Biz müharibəni mənəviyyatımızı itirmədən apardıq və qalib gəldik. Memorialın açılışı həm də tarixi ədalətin tam bərpası kimi qiymətləndirilməlidir. Vaxtilə Xocalıda qətliam törədən, öz caniliyi ilə fəxr edən şəxslərin bu gün Bakıda istintaq qarşısında olması, xalqımızın çəkdiyi ağrıların bir növ təsəllisidir. Memorialın ucaldılması təkcə şəhidlərimizin xatirəsinə ehtiram deyil, həm də gələcək nəsillərə bir mesajdır: Azərbaycan xalqı heç vaxt unutmur, bağışlamır və heç vaxt öz mənliyini düşmənin səviyyəsinə endirmir. Bizim gücümüz haqq yolunda olmağımızdadır. Prezidentin çıxışındakı o mühüm tezis bir daha sübut etdi ki, əsl zəfər yalnız torpaqları azad etmək deyil, həm də insanlıq dəyərlərini qoruyaraq qalib gəlməkdir. Bu gün Xocalı azaddır, abadlaşır və öz sahiblərini bağrına basır. Azərbaycan xalqı isə öz mənəvi ucalığı ilə həm regionda, həm də dünyada ləyaqət simvolu kimi yüksəlməkdə davam edir.
Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi