PDF Oxu

Siyasət

  • 399

Azərbaycan tarixində qadınların rolu - ŞƏRH

image

Tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir.

Azərbaycan tarixinin səhifələrini vərəqlədikcə bir həqiqət bütün aydınlığı ilə görünür: Bu torpağın taleyində qadınların rolu təkcə ailə çərçivəsi ilə məhdudlaşmayıb, dövlətçilikdən ədəbiyyata, mübarizədən maarifçiliyə qədər hər sahədə öz izini buraxıb. Azərbaycan qadını həm ana, həm ziyalı, həm döyüşçü, həm də dövlət xadimi kimi tariximizin formalaşmasında mühüm yer tutub.

1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublika olmaqla yanaşı, qadınlara seçki hüququ verən ilk dövlətlərdən biri oldu. Bu fakt Azərbaycan qadınının hüquqi statusunun yüksəldilməsində mühüm mərhələ idi. Həmin dövrdə qadınların ictimai-siyasi həyata cəlb olunması gələcək nəsillər üçün möhkəm zəmin yaratdı.
Müstəqil Azərbaycan Respublikasında qadın siyasəti dövlət prioritetlərindən birinə çevrilmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik xətti qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakını dəstəkləmiş, bu siyasət bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınların parlamentdə, icra strukturlarında, elm və təhsil sahəsində artan təmsilçiliyi Azərbaycanın inkişaf göstəricilərindən biridir.

Azərbaycan qadını yalnız sözlə deyil, əməli ilə də vətənpərvərliyini sübut edib. Birinci və İkinci Qarabağ müharibələrində qadınlar həm arxa cəbhədə, həm də ön xətdə xidmət göstərmiş, şəhid anaları, qazilərimizin anaları kimi böyük mənəvi güc nümayiş etdirmişlər. Onların dözümü və inamı xalqımızın ruh yüksəkliyinin əsas dayaqlarından biri olub.

Azərbaycan tarixində qadınların rolu bir xətt üzrə deyil, çoxşaxəli inkişaf yolu ilə formalaşıb. Qadınlarımız dövlət qurub, diplomatiya aparıb, şeir yazıb, məktəb açıb, şəhid böyüdüb, cəmiyyətə istiqamət verib. Onların fəaliyyəti sübut edir ki, Azərbaycan qadını təkcə ailənin deyil, millətin dayağıdır.



Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Digər xəbərlər