PDF Oxu

Siyasət

  • 772

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

image

Bu gün Azərbaycan artıq dünyada çox böyük nüfuza malik dövlətdir. Ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sayı günbəgün artır. Əlbəttə ki, bütün bunların kökündə uğurlu xarici siyasət dayanır. Cənab Prezident İlham Əliyev hər zaman milli maraqlara söykənən müstəqil addımlar atır. Xarici dövlətlərlə əməkdaşlığa yüksək səviyyədə önəm verilir. İndi Azərbaycan yeni bir dövrə qədəm qoyub. Bu dövrdə isə Azərbaycanla daha çox dünya ölkələrinin əməkdaşlıq etmək istəməsi göz önündədir.

Dünya dövlətləri ilə Azərbaycanın müxtəlif sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlərarası qarşılıqlı anlaşmanın yaranmasına və davamlı inkişafına öz təsirini göstərir. Prezident İlham Əliyevin məqsədyönlü müdrik xarici siyasəti nəticəsində dünyada Azərbaycanla dostluq, müttəfiqlik münasibətləri quran dövlətlərin sayı artıb. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir.

Azərbaycan hər zaman xarici ölkələrlə, beynəlxalq və regional təşkilatlarla bərabər hüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlı olub. Təbii ki, ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də bu prinsip əsasında inkişaf etməkdədir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər iki tərəfli əməkdaşlığın formalaşmasında və inkişafında mühüm rol oynayıb.

2026-cı il martın 11-də Azərbaycanın Prezidenti İlham Əliyev ilə Antonio Koşta arasında keçirilən görüş və verilən bəyanatlar Avropa İttifaqı Şurası ilə Azərbaycan münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi hadisədir.

Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr hazırda müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindədir. Son illər ərzində Avropa Komissiyası rəsmilərinin Azərbaycana intensiv səfərləri, yüksək səviyyəli dialoqun davamlılığı və yeni iqtisadi təşəbbüslər tərəflər arasında strateji əməkdaşlığın genişlənməsindən xəbər verir.

2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqının payına düşüb. Bu fakt Avropa İttifaqının Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bir daha göstərir.

Eyni zamanda, əməkdaşlıq artıq yalnız ticarət müstəvisində deyil. Qarşılıqlı investisiyalar, sənaye layihələri və yeni maliyyə imkanları tərəfdaşlığın iqtisadi əsaslarını daha da gücləndirir. Azərbaycan artıq təkcə investisiya cəlb edən ölkə deyil, həm də Avropada aktiv sərmayə yatıran dövlət kimi çıxış edir.

Azərbaycan–Aİ münasibətlərinin əsas sütunlarından biri enerji əməkdaşlığıdır. Xüsusilə 2022-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq sənədi bu əlaqələri daha sistemli və uzunmüddətli xarakterə gətirib.

Hazırda Avropa İttifaqının 10 üzvü Azərbaycan qazı ilə təmin olunur və ümumilikdə 16 ölkə Azərbaycanın enerji resurslarını idxal edir. Bu göstərici Azərbaycanı boru kəmərləri vasitəsilə geniş coğrafiyaya qaz ixrac edən aparıcı ölkələrdən birinə çevirib.Bu prosesdə mühüm rol oynayan layihə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində strateji əhəmiyyət kəsb edir. Məhz bu layihə vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatdırılır və alternativ enerji mənbələrinin şaxələndirilməsinə töhfə verir.

Azərbaycan–Avropa İttifaqı münasibətləri yalnız enerji və ticarətlə məhdudlaşmır. Bu əməkdaşlıq təhlükəsizlik, logistika, yaşıl enerji, investisiya və regional sabitlik kimi çoxşaxəli sahələri əhatə edən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Bakıda keçirilən görüş və səsləndirilən bəyanatlar təkcə ikitərəfli münasibətlərin inkişafını deyil, eyni zamanda Avrasiyada formalaşan yeni əməkdaşlıq arxitekturasını da əks etdirən mühüm siyasi hadisə kimi tarixə düşür.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər