Əsrlər boyu humanizm və insanpərvərlik dəyərlərinə sadiq qalan xalqımız, zəngin yeraltı və yerüstü sərvətlərinə görə dəfələrlə müxtəlif sınaqlarla üzləşmişdir. Buna baxmayaraq, milli köklərini qorumağı bacaran xalqımızın qəhrəmanlıq dolu tarixini təhrif etməyə çalışan qüvvələr hər zaman mövcud olub. Uzun illərdir ki, bu cəhdlər xüsusilə özlərini yaxın qonşu kimi təqdim edən, lakin məkrli siyasət yürüdən erməni dairələrinin fəaliyyətində açıq şəkildə hiss olunur. Onlar müxtəlif yollarla yazdıqları saxta məlumatları və iddiaları başqalarına da qəbul etdirməyə çalışıblar. Lakin tarixi həqiqətlərin dəyişdirilməsi cəhdlərinin xalqımızın taleyinə necə təsir etdiyini göstərən ən böyük sübut tariximizin silinməz səhifələri və xalqın yaddaşıdır.
Tarixi hadisələrə diqqətlə baxdıqda görmək olur ki, ermənilərin əsassız ərazi iddiaları təxminən iki əsr əvvəl formalaşmağa başlayıb. “Böyük Ermənistan” ideyası ilə təsirləndirilən erməni qrupları müxtəlif mənbələrdən əldə etdikləri silah və maliyyə dəstəyi sayəsində təşkilatlanır, xüsusi şəkildə yönləndirilir və genişmiqyaslı zorakılıq hadisələri törədirdilər. Dövrün arxiv sənədləri və yazılı mənbələri göstərir ki, 1905–1907-ci illərdə Azərbaycanın bir sıra bölgələrində, o cümlədən Naxçıvanda erməni silahlı dəstələri çar Rusiyasının dəstəyi ilə qanlı hadisələr törətmişlər.
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri 1918-ci il soyqırımı əvvəlki illərdən fərqli olaraq daha geniş miqyas almışdır. Bu soyqırımı həm miqyas etibarilə, həm də vəhşiliyi ilə heyrət doğurur. Ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və digər bölgələrdə soydaşlarımıza qarşı keçirdikləri soyqırımında azərbaycanlı qanına susamış A.Mikoyanın, Hamazaspın, Avetisyanın, Lalayanın quldur dəstələri xüsusi fəallıq göstərmişlər. Erməni daşnakları dinc əhaliyə üç gün divan tutmuş, 12 min azərbaycanlını qətlə yetirmiş, müsəlman məhəllələrini talayıb-çapmış, “İsmailiyyə” binasını yandırmış, bir neçə qəzet və jurnal redaksiyalarını, “Tağıyev teatrı”nı, “Təzə pir” məscidini dağıtmışlar. Ümumilikdə, 42 min soydaşımız öldürülmüş, 144 kənd dağıdılmışdır.
Bakı ilə yanaşı, ermənilər Azərbaycanın digər ərazilərində – Qərbi Azərbaycanda, Naxçıvanda, Zəngəzurda, azərbaycanlılar yaşayan başqa bölgələrdə onlara qarşı tarixdə görünməmiş qəddarlıq etmiş, xalqımıza divan tutmuşlar. Belə ki, erməni quldurları Bakıdakı milli qırğınla kifayətlənməyib, 1918-ci ilin yazında Şamaxıda, Quba-Xaçmaz bölgəsində, Salyanda, Lənkəranda və başqa yerlərdə də azərbaycanlılara qarşı soyqırımı törətdilər. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min nəfərdən çox azərbaycanlını qətlə yetirmiş, on minlərlə insanı isə öz torpaqlarından didərgin salmışlar. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ali hakimiyyətə qayıdışından sonra mart soyqırımına dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Ulu öndərin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanına əsasən 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi ölkəmizdə və onun hüdudlarından kənarda qeyd edilir.
İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı