1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğınlar tariximizin ən faciəli səhifələrindən biridir.
30 mart – 2 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif rayonlarında, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Göyçay, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütyun partiyasının erməni silahlı dəstələri azərbaycanlı mülki əhaliyə qarşı amansız qırğınlar törətdi. Stepan Şaumyanın öz etirafına görə, bu cinayətlərdə Bakı Sovetinin 6 min silahlı əsgəri və Daşnaksütyunun 3-4 minlik daşnak dəstəsi iştirak etmişdir.
Rəsmi məlumatlara əsasən, yalnız Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Ümumilikdə isə on minlərlə insan həlak olmuş, yüzlərlə kənd və məhəllə dağıdılmış, minlərlə ev talan edilmişdir. Bu qırğınlar “Böyük Ermənistan” xülyası ilə bağlı etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Bolşevik rəhbərliyinin birbaşa dəstəyi ilə həyata keçirilən bu soyqırım yalnız milli və dini mənsubiyyətinə görə dinc əhaliyə qarşı yönəlmişdi. Heç bir hərbi əməliyyat xarakteri daşımırdı – bu, açıq-aşkar genosid idi.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyası yaradılmış və qırğınlar araşdırılmışdır. Komissiyanın materialları vəhşiliklərin miqyasını təsdiqləyir.
1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu, hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsinin başlanğıcı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il sərəncamı ilə soyqırımın 100 illiyi qeyd edilmiş və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması gücləndirilmişdir.Tarix yalnız həqiqəti əks etdirməlidir.
1918-ci ilin mart hadisələri – bu, mülki Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımıdır və belə də tanınmalıdır. Qurbanların xatirəsi əbədi yaşayacaq. Bu ağır cinayətlər unudulmayacaq və beynəlxalq ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası nəticəsində Ermənistanın dövlət səviyyəsində yeritdiyi terrorçuluq, hərbi təcavüz və silahlı separatçılıq siyasəti ifşa olunur, Azərbaycanın haqq səsi daha ucadan eşidilir.
Dövlətimizin başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın misilsiz xidmətləri və əvəzsiz səyləri nəticəsində dünyanın aparıcı ölkələrində, eləcə də nüfuzlu təşkilatlarla düzgün və ardıcıl işin həyata keçirilməsi ermənilərin uydurma iddiaları ilə əsrlərlə formalaşmış stereotiplərin və yanlış siyasi yanaşmaların dəyişməsinə səbəb olub.
Dinc əhaliyə qarşı törədilmiş cinayətlər unudulmamalıdır. Tarixi həqiqətlərin qorunması və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur. Azərbaycan xalqı bu faciələri yaddaşında saxlayaraq, gələcəyə daha güclü və inamlı addımlar atır.
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi