Hər il martın 31-də Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günü qeyd olunur. Bu tarix 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində erməni daşnak-bolşevik silahlı dəstələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğınların xatirəsinə həsr edilmişdir.
1918-ci ilin əvvəllərində Rusiya İmperiyasının süqutu, Oktyabr inqilabı və Birinci Dünya müharibəsinin gətirdiyi ağır şərait Qafqaz bölgəsində ciddi hakimiyyət boşluğu yaratmışdı. Bakı şəhəri həm strateji mövqeyi, həm də neft ehtiyatlarına görə böyük əhəmiyyət daşıyırdı. Məhz bu qarışıqlıq dövründə regionda etnik və siyasi gərginlik pik həddə çatmışdı.
1918-ci il martın 30-dan aprelin 2-dək davam edən döyüşlər zamanı bolşeviklərin nizami ordusu və Daşnaksutyun partiyasının silahlı dəstələri birgə hərəkət edərək azərbaycanlılara qarşı sistemli qırğınlar həyata keçirmişdir. Hücumlar əsasən Bakının azərbaycanlıların kompakt yaşadığı "Kərpicxana" (indiki Nərimanov rayonu), "Məmmədli" (Bakıxanov qəsəbəsi) kimi məhəllələrinə yönəlmişdir.
Dinc sakinlər - qadınlar, qocalar və uşaqlar evlərində, küçələrdə və sığınacaqlarda amansızcasına qətlə yetirilmişdir. Tarixi mənbələrə görə, qırğınlar zamanı minlərlə insan öldürülmüş, çox sayda ev, məktəb, məscid və kitabxana yandırılmışdır.
Müxtəlif mənbələrdə qurbanların sayı barədə fərqli rəqəmlər verilir. Bəzi beynəlxalq mənbələr 3.000-dən 12.000-dək insanın öldürüldüyünü qeyd edir. Azərbaycanın rəsmi orqanları isə daha geniş rəqəm - 50.000-dən çox dinc sakinin qətlə yetirildiyini bildirir. Bu fərqin səbəbi odur ki, qırğınlar təkcə Bakı şəhəri ilə məhdudlaşmamış, Bakı quberniyasının, eləcə də İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrinin müxtəlif kənd və qəsəbələrini də əhatə etmişdir.
Tarixi sənədlərə əsasən, qırğınlar nəticəsində Şamaxı qəzasında 110, Quba qəzasında 167, Zəngəzur qəzasında 115, Qars vilayətində 98 kənd tamamilə dağıdılmış və yandırılmışdır. Ümumilikdə 600-dən çox kənd dağıdılmışdır. Quba qəzasında yalnız 1918-ci ilin ilk beş ayında 16.000-dən artıq insan qətlə yetirilmişdir.
2007-ci ildə Quba rayonunda aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış kütləvi məzarlıq bu faciəli hadisələrin ən bariz sübutlarından biridir. Burada aşkarlanmış çoxsaylı insan qalıqları erməni silahlı dəstələrinin törətdiyi qeyri-insani hərəkətləri əyani şəkildə təsdiq edir. Hal-hazırda bu ərazidə Quba Soyqırımı Memorial Kompleksi fəaliyyət göstərir.
1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanı ilə bu dəhşətli hadisələrə siyasi qiymət verilmiş və martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Azərbaycan dövləti bu hadisələrin beynəlxalq səviyyədə tanınması üçün fəal səylər göstərir. 2026-cı il martın 29-da Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili beynəlxalq təşkilatları və BMT üzv dövlətlərini 1918-ci ilin cinayət aktlarını soyqırım kimi tanımağa çağırmışdır.
31 Mart Azərbaycan xalqının tarixində ən dərin iz buraxmış faciəli günlərdən biridir. On minlərlə dinc insanın yalnız milli mənsubiyyətinə görə qətlə yetirilməsi bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən sayılır. Bu günü anmaq təkcə qurbanların xatirəsinə hörmət deyil, həm də gələcək nəsillərə oxşar faciələrin təkrarlanmaması üçün tarixi həqiqətləri yaşatmaq deməkdir.
Kərimli Elvin
Yap Ordubad rayon təşkilatının əməkdaşı