31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın yaddaşında silinməz iz qoymuş, qanla yazılmış faciənin rəmzidir. Bu günə yalnız anım günü kimi yanaşmaq kifayət deyil; o, həm də həqiqətin üzə çıxarılması, ədalətin bərpası və milli yaddaşın qorunması baxımından mühüm ictimai-siyasi məna daşıyır.
1998-ci ildən etibarən ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq fərmanla 31 martın dövlət səviyyəsində qeyd olunması bu istiqamətdə atılmış tarixi addım kimi qiymətləndirilir. Bu qərar uzun illər gizlədilmiş həqiqətlərin üzə çıxarılması və dünya ictimaiyyətinə çatdırılması baxımından dönüş nöqtəsi oldu. Ulu Öndərin qeyd etdiyi kimi, soyqırımı haqqında həqiqətlərin faktlar və sübutlar əsasında beynəlxalq aləmə təqdim edilməsi həm çətin, həm də son dərəcə şərəfli və müqəddəs bir vəzifədir.
1918-ci ilin mart-aprel aylarında Azərbaycan torpaqları misli görünməmiş vəhşiliklərə səhnə olmuşdur. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə dinc əhaliyə qarşı planlı şəkildə qırğınlar törədilmiş, insanlar etnik və dini mənsubiyyətlərinə görə amansızcasına qətlə yetirilmişdir. Qadınlar, uşaqlar və qocalar belə bu vəhşiliklərdən xilas ola bilməmiş, yaşayış məntəqələri dağıdılmış, mədəni və dini abidələr məhv edilmişdir.
Qısa zaman kəsiyində on minlərlə insan həyatını itirmiş, yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin düşmüşdür. Şamaxıda yüzlərlə kənd yerlə-yeksan edilmiş, Qubada aşkar edilən kütləvi məzarlıqlar isə bu faciənin miqyasını bütün dəhşəti ilə ortaya qoymuşdur. Bu məzarlıqlarda aşkar edilən insan qalıqları üzərindəki işgəncə izləri törədilmiş cinayətlərin qeyri-insani mahiyyətini açıq şəkildə sübut edir.
Bu qanlı hadisələrin ideoloji əsasını “Böyük Ermənistan” iddiası və onun reallaşdırılması məqsədilə həyata keçirilən etnik təmizləmə siyasəti təşkil edirdi. Nəticədə minlərlə insan qətlə yetirilmiş, on minlərlə insan öz yurd-yuvasından qovulmuşdur. 1918-ci ilin mart hadisələri bu siyasətin ən qəddar təzahürlərindən biri kimi tarixə həkk olunmuşdur.
Sonrakı dövrlərdə də bu siyasət müxtəlif formalarda davam etmişdir. 1920-ci illərdə baş verən torpaq itkiləri, 1948–1953-cü illərdə həyata keçirilən deportasiyalar və digər zorakı tədbirlər xalqımıza qarşı yönəlmiş sistemli siyasətin tərkib hissəsi olmuşdur. Lakin bütün bu sınaqlara baxmayaraq, Azərbaycan xalqı öz milli kimliyini, tarixini və mənəvi dəyərlərini qoruyub saxlamağı bacarmışdır.
Müstəqillik dövründə bu hadisələrin araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılmışdır. Xüsusilə Qubada aşkar edilmiş kütləvi məzarlıq 1918-ci il hadisələrinin soyqırımı xarakterini sübut edən ən mühüm faktlardan biri kimi böyük əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında aparılan demoqrafik dəyişikliklər və sonrakı dövrlərdə törədilən qırğınlar xalqımıza qarşı həyata keçirilmiş ardıcıl təcavüz siyasətinin tərkib hissəsidir.
31 Mart təkcə keçmişin xatırlanması deyil, həm də gələcək qarşısında məsuliyyət günüdür. Bu gün şəhidlərimizin xatirəsini yad etməklə yanaşı, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və belə faciələrin bir daha təkrarlanmaması üçün səylərin birləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı