PDF Oxu

Siyasət

  • 360

Tarixin qanlı səhifəsi - ŞƏRH

image

Azərbaycan xalqının tarixində elə faciəli səhifələr var ki, onlar yalnız keçmişin acı xatirəsi deyil, həm də milli yaddaşın, kimliyin və gələcək nəsillərin formalaşmasında mühüm rol oynayan dərslərdir. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü məhz belə tarixlərdən biridir. Bu gün, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların, insanlığa sığmayan vəhşiliklərin xatirəsini əbədiləşdirir və xalqımızın yaşadığı faciələri dünya ictimaiyyətinə çatdırmaq baxımından böyük əhəmiyyət daşıyır.

1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı sistemli şəkildə həyata keçirilmiş qətliamlar nəticəsində on minlərlə günahsız insan amansızcasına öldürülmüş, yaşayış məntəqələri yerlə-yeksan edilmiş, tarixi-mədəni abidələr dağıdılmışdır. Bu hadisələr təsadüfi qarşıdurma deyil, əvvəlcədən planlaşdırılmış etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.

Bakı şəhərində baş verən mart qırğınları xüsusilə dəhşətli olmuşdur. Qısa müddət ərzində minlərlə dinc sakin yalnız milli və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir. İnsanlar evlərində diri-diri yandırılmış, qadınlar və uşaqlar xüsusi qəddarlıqla öldürülmüşdür. Bu faciə təkcə fiziki məhvetmə deyil, həm də xalqın mənəvi dəyərlərinə, tarixi irsinə qarşı yönəlmiş vandalizm aktı idi.

Şamaxı qəzasında törədilən qırğınlar isə tarixə ən qanlı hadisələrdən biri kimi düşmüşdür. Burada yüzlərlə kənd dağıdılmış, minlərlə insan vəhşicəsinə qətlə yetirilmişdir. Məscidlər, məktəblər, qədim abidələr məhv edilmiş, bütöv yaşayış məntəqələri xəritədən silinmişdir. Quba qəzasında isə sonradan aşkar edilmiş kütləvi məzarlıqlar həmin dövrdə törədilən cinayətlərin miqyasını bir daha sübut edir.

Bu hadisələrin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bölgədə etnik tərkibi dəyişmək və gələcəkdə siyasi üstünlük əldə etmək idi. Lakin xalqımız bütün bu sınaqlara baxmayaraq, öz varlığını qoruyub saxlamış, milli kimliyini itirməmişdir.

Uzun illər ərzində bu faciələrə lazımi siyasi-hüquqi qiymət verilməmiş, sovet dövründə isə bu mövzunun araşdırılması və ictimaiyyətə çatdırılması qadağan edilmişdir. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu qanlı hadisələrə obyektiv yanaşma imkanı yaranmışdır. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmən elan edilmişdir. Bu qərar tarixi ədalətin bərpası istiqamətində mühüm addım olmuşdur.

Həmin fərmanla azərbaycanlılara qarşı törədilmiş qırğınların sistemli şəkildə araşdırılması, arxiv materiallarının toplanması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində geniş işlərə başlanılmışdır. Bu gün Azərbaycan dövləti bu istiqamətdə fəaliyyətini davam etdirir, soyqırımı həqiqətlərinin dünya miqyasında tanıdılması üçün müxtəlif layihələr həyata keçirilir.

31 Mart faciəsi yalnız keçmişin acısı deyil, həm də gələcək üçün ciddi xəbərdarlıqdır. Bu hadisələr göstərir ki, tarixdən nəticə çıxarmayan xalqlar eyni faciələri təkrar yaşamaq təhlükəsi ilə üz-üzə qalırlar. Buna görə də gənc nəsil bu hadisələr barədə dolğun məlumatlandırılmalı, milli yaddaş daim canlı saxlanılmalıdır.

Eyni zamanda, bu gün beynəlxalq səviyyədə də soyqırımı faktlarının tanınması istiqamətində səylər davam etdirilməlidir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə düzgün və obyektiv şəkildə çatdırılması hər bir vətəndaşın borcudur. Bu istiqamətdə diaspor təşkilatlarının, alimlərin, tədqiqatçıların və media nümayəndələrinin rolu xüsusilə böyükdür.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü həm də milli birlik və həmrəyliyin təcəssümüdür. Bu gün xalqımız şəhidlərin xatirəsini ehtiramla yad edir, onların ruhu qarşısında baş əyir. Eyni zamanda, bu faciələrin unudulmaması üçün bir daha bir araya gəlir, milli dəyərlərə sadiqliyini nümayiş etdirir.

Bu günün qeyd olunması həm də gələcək nəsillərə mühüm mesaj verir: tarix unudulmamalıdır. Keçmişin ağrıları yaddaşdan silinməməli, əksinə, dərs kimi qəbul olunmalıdır. Bu, yalnız milli təhlükəsizliyin deyil, həm də mənəvi bütövlüyün qorunması baxımından vacibdir.

Azərbaycan xalqı tarix boyu bir çox sınaqlardan keçmiş, lakin heç vaxt sarsılmamışdır. 31 Mart faciəsi də bu sınaqlardan biridir. Bu gün müstəqil və güclü Azərbaycan dövləti həmin faciələrin bir daha təkrarlanmaması üçün bütün imkanlarını səfərbər edir.

Sonda qeyd etmək lazımdır ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü təkcə matəm günü deyil, həm də ədalət uğrunda mübarizənin rəmzidir. Bu gün biz keçmişimizi unutmadan gələcəyə doğru addımlayır, tarixi həqiqətlərin dünyaya çatdırılması üçün səylərimizi davam etdiririk. Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq, onların əziz xatirəsi heç vaxt unudulmayacaq.

Xəyyam Vəliyev,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Digər xəbərlər