PDF Oxu

Siyasət

  • 643

Azərbaycan və Gürcüstan: ortaq maraqlar, ortaq gələcək - ŞƏRH

image

2026-cı il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi səfərlə Gürcüstanda olmuşdur. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdən sonra dövlət başçısı mətbuata bəyanatla çıxış etmiş, Azərbaycan-Gürcüstan münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri barədə mühüm fikirlər səsləndirmişdir.

Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Dövlət başçısı qeyd etmişdir ki, iki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir və qarşılıqlı etimad regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir.

Bəyanatda iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilmişdir. Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan və Gürcüstan birgə həyata keçirdikləri iri enerji və nəqliyyat layihələri ilə Avrasiya məkanında mühüm rol oynayırlar. Xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edən dövlət başçısı Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrin region ölkələri üçün böyük imkanlar yaratdığını vurğulamışdır.

Nəqliyyat-logistika sahəsində əməkdaşlıq da bəyanatın əsas mövzularından biri olmuşdur. Cənab İlham Əliyev Orta Dəhliz üzərindən daşımaların artdığını qeyd edərək, bu istiqamətdə Azərbaycan və Gürcüstanın koordinasiyalı fəaliyyətinin əhəmiyyətini önə çəkmişdir. Bildirilmişdir ki, regiondan keçən tranzit marşrutlarının inkişafı həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır.

Dövlət başçısı humanitar və mədəni əlaqələrin də inkişaf etdiyini diqqətə çatdırmış, xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmləndiyini vurğulamışdır. Təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların mövcud olduğu qeyd edilmişdir.

Sonda Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan əlaqələrinin gələcəkdə daha da güclənəcəyinə əminliyini ifadə etmiş, iki ölkənin birgə səyləri ilə regionda sülhün, sabitliyin və inkişafın təmin olunacağını bildirmişdir.

Beləliklə, Prezident İlham Əliyevin Gürcüstana səfəri və mətbuata verdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq regionun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir və bu əməkdaşlıq gələcəkdə daha geniş miqyas alacaqdır.

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər