Reallıq ondan ibarətdir ki, bu gün dünyanın az qala dörd bir yanında qarşıdurmalar yaşanır. Bu qarşıdurmalardan əziyyət çəkən, əzilən xalqlardır. Dünyanı idarə edən böyük güclər isə baş verən qeyri-stabilliyə, amansız müharibələrə və münaqişələrə göz yumurlar. Bəzi hallarda isə qanlı müharibələrin təşkilatçıları və iştirakçıları elə özlərini dünyaya aparıcı dövlətlər kimi təqdim edən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri həyata keçirlər. Xoş halımıza ki, Azərbaycan dünyada sabitlik adasıdır. Ölkəmizdə dərin ictimai-siyasi sabitlik hökm sürür. Təbii ki, buna görə xalq olaraq Fateh Sərkərdə, Ölkə Prezidenti İlham Əliyevə minnətdarıq. Məhz Qarabağ Fatehi, Prezidentimiz İlham Əliyevin apardığı müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın qibtə ilə yanaşdığı, həsədlə baxdığı sakit, sabit dövlətə çevrilib. 2025-ci ilin avqustun 8-də Ağ evdə baş tutan ABŞ-Azərbaycan ikitərəfli və ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli görüşü və imzalanan sənədlər Prezident İlham Əliyevin dünya siyasətində fenomen şəxsiyyətlərdən olduğunu təsdiqlədi. Bir daha məlum oldu ki, Fateh Sərkərdə, Prezident İlham Əliyev hərbi, siyasi qələbənin banisi olmaqla yanaşı, həm də regionda sabitliyi təmin edə biləcək sülhün banisidir. Regionda sülhün təmin olunmasına xidmət edəcək sənədlərin dünyanın əsas güc mərkəzi hesab olunan ABŞ Prezidenti Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirilməsi Prezident İlham Əliyev nəinki, regionun, ümumiyyətlə dünyanın ən nüfuzlu söz sahibi olan liderlərdən olduğunu təsdiqləyir. Təbii ki, sülhün əldə olunması bir daha regionumuzda müharibələrin, ən azı lokal toqquşmaların olmayacağından xəbər verir. Sülhün əldə olunması bölgənin iqtisadi cəhətdən inkişafı, tərəqqisi deməkdi. Sülhün daimi və davamlı olması ilə ailələr müharibə baş verə biləcəyi qorxusundan azad olacaqlar. Qurbanlar, dağıntılar, fəlakətli durum baş verməyəcək. Bu, həm Azərbaycan, həm Ermənistan, həm də bütün bölgə üçün xüsusi əhəmiyyətə malik tarixi hadisədir. Qəzzaya dair “Sülh Şurası”nın əsas təsisçilərindən birinin Azərbaycan Prezidenti İlham Əliyevin olması da ölkəmizin liderinin dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında böyük nüfuz sahib olan liderlərdən olduğunu göstərir.
İqtisadi uğurların zirvəsində
İqtisadi sahədə əldə olunan uğurlar Azərbaycanın nüfuzunu daha da artırıb. Artıq Azərbaycan dünya iqtisadiyyatında söz sahibi olan “qlobal oyunçu” statusunu qazanıb. Azərbaycanda yoxsulluğun səviyyəsinin azaldılması üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə yoxsulluğun real səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə ailə təsərrüfatları sahiblərinin illik anketləşdirilməsi tətbiq olundu. Azərbaycanda yoxsulluğun azaldılması və sosial-iqtisadi inkişaf üzrə 2 Dövlət Proqramı (2003–2005-ci və 2008–2015-ci illər üçün) qəbul edildi. Bunun nəticəsində son 20 il ərzində yoxsulluğun səviyyəsi, təxminən, 44,7 faizdən 5,2 faizədək azalıb. Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri əməkhaqlarının yüksəldiməsi, müxtəlif dövlət xidmətlərinə əlçatanlığın təmin edilməsi və vətəndaşlarla məmurlar arasındakı münasibətlərdə şəffaflığın artırılmasıdır. Bu məqsədlə 2019-cu ilin mayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyətə başlayan DOST (Davamlı və Operativ Sosial Təminat) Agentliyi yaradılıb. Hazırda 7 DOST mərkəzi fəaliyyət göstərir, 2026-cı ilə qədər onların sayının 17-yə çatdırılması, 55 DOST filialının açılması və beləliklə, bütün ölkə üzrə xidmətlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. DOST mərkəzləri vasitəsilə tam şəffaflıq və vətəndaş məmnunluğu əsasında “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 15 istiqamət üzrə 159 xidmət göstərilir. 2023-cü il dekabrın 1-nə olan məlumata görə, bu mərkəzlərdə 1,9 milyon nəfərə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98,1 faiz təşkil edir.
Azərbaycan regionun aparıcı iqtisadi gücünə çevrilib
Azərbaycanın təşəbbüskarı olduğu və tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr təkcə ölkəmizin deyil, ümumilikdə regionun inkişafına mühüm töhfəsini verir. Bakı–Tbilisi-Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, eləcə də Cənub Qaz Dəhlizi kimi nəhəng layihə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Aprelin 6-da Prezident İlham Əliyev Gürcüstana səfəri zamanı mətbuat üçün bəyanatında bildirdi ki, bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir: “Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir. Bir sözlə, bizim ikitərəfli gündəliyimiz çox genişdir və bu gündəlik getdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdir. Bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Əminəm ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik”.
Qarabağ qurulur və inkişaf edir
Qazanılan uğurlu nəticələr Azərbaycanın iqtisadi inkişaf modelinin sabitliyindən xəbər verir. 2026-cı ilin yanvar-fevral aylarında ölkədə 18473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,4 faiz artmışdır. ÜDM istehsalının 32,7 faizi sənaye, 11,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi tikinti, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 24,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 12,3 faizini təşkil etmişdir.
İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı quruculuq, abadlıq, tikinti və təmir işləri həyata keçirilir. Erməni vandalizmi nəticəsində dağıdılmış ərazilərdə yeni şəhər və qəsəbələr, kəndlər salınır. 2021-ci ildən indiyə qədər azad ərazilərdə bərpa və quruculuq işlərinə 19 milyard manatdan çox vəsait ayırıb. Bu tədbirlər sayəsində Böyük Qayıdış proqramının icrası sürətlənib, bu illər ərzində Xocalıya, Şuşaya, Xankəndinə, Laçın, Cəbrayıl və digər ərazilərdə sakinlərin öz doğma yurdalarına qayıdışı gerçəkləşib. Bütövlükdə isə azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. 2026-cı ilin sonunadək 34 min 500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunmasına xüsusi diqqət göstərilir. Ərazilərə köçürülən 8673 şəxsin məşğulluğu təmin olunub, o cümlədən 754 sakin üçün isə özünüməşğulluq proqramı üzrə kiçik bizneslər qurulub. 383 sakin isə işəgötürənlərlə birgə təşkil olunan peşə kurslarına cəlb edilib.
İLHAM ƏLİYEV