2026-cı il aprelin 30-da prezident cənab İlham Əliyev Avropa çempionatında böyük uğur qazanmış Azərbaycan güləşçilərini qəbul edib. Bu görüş Azərbaycan idman tarixində mühüm hadisə kimi yadda qaldı və milli komandanın əldə etdiyi nəticələrin dövlət səviyyəsində yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirdi. Dövlət başçısı cənab İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa çempionatında komanda hesabında birinci yeri tutan yunan-Roma, sərbəst və qadın güləşi üzrə medalçılar və onların məşqçiləri ilə görüşüb. Bu nailiyyət Azərbaycan güləşinin Avropa miqyasında lider mövqeyini bir daha təsdiqlədi. İdmançılarla görüş zamanı cənab Prezident qeyd etdi ki, komanda hesabında çempion olmaq böyük uğurdur və müasir dövrdə güləş üzrə rəqabətin daha da gücləndiyini nəzərə alsaq, bu nəticə xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan güləşçiləri öz peşəkarlıqları ilə rəqiblərini ədalətli mübarizədə məğlub edərək ölkəmizin idman gücünü nümayiş etdiriblər. Ölkə başçısı qeyd etdi ki, bu qələbə bütün xalqda qürur hissi doğurur və idmanın cəmiyyət həyatında mühüm rolunu bir daha önə çıxarır. Prezident həmçinin bildirib ki, Azərbaycan güləşinin zəngin ənənələri var və bu ənənələr uğurla davam etdirilir. Gənc idmançıların da yüksək nəticələr əldə etməsi seleksiya və məşq prosesinin düzgün qurulduğunu göstərir. Görüş zamanı qeyd olunub ki, beynəlxalq yarışlarda Azərbaycanın bayrağının yüksəlməsi ölkə vətəndaşlarında böyük qürur hissi yaradır və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm təsir göstərir. İdman uğurları həm də ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Prezident İlham Əliyev idmançıları, məşqçiləri və federasiya nümayəndələrini təbrik edərək onların gələcək yarışlarda da uğurlar qazanacağına əminliyini ifadə etdi. Son illər Azərbaycan güləşi həm Avropa, həm də dünya miqyasında ardıcıl uğurlar qazanır. Bu nəticələr dövlət dəstəyi, peşəkar məşq sistemi və idmançıların yüksək hazırlıq səviyyəsinin məntiqi nəticəsidir.
30 aprel 2026-cı il tarixli bu qəbul isə yalnız bir qələbənin qeyd olunması deyil, həm də Azərbaycan idmanının gələcək inkişaf istiqamətlərinə verilən yüksək qiymətin göstəricisidir.
Səyyad Mirzəyev,
YAP Ağdam rayon təşkilatının əməkdaşı