PDF Oxu

Siyasət

  • 824

Azərbaycan səhiyyəsinə həsr edilmiş ömür -ŞƏRH

image

Bir insanın adı bəzən bütöv bir sahə ilə eyniləşir. Azərbaycan səhiyyəsi deyiləndə ağıla gələn ilk simalardan biri də akademik Zərifə Əziz qızı Əliyevadır. O, yalnız görkəmli oftalmoloq-alim deyil, həm də elmə, insanlara və Vətənə xidməti həyat amalına çevirmiş ziyalı idi. Zərifə xanımın ömrü sübut etdi ki, əsl həkimlik təkcə xəstə müalicə etmək deyil, həm də bir millətin sağlam gələcəyini qurmaqdır.

Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvanın Şərur rayonunda, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Atasının “Xalqın sağlamlığı dövlətin əsasıdır” fikri onun uşaqlıqdan həyat yolunu müəyyənləşdirdi. 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Moskvada məşhur akademik Mixail Averbaxın rəhbərliyi ilə oftalmologiya üzrə ixtisaslaşdı. Gənc yaşlarından elmə bağlılığı, zəhmətkeşliyi və təvazökarlığı ilə seçilirdi.

Vətənə qayıtdıqdan sonra Zərifə xanım bütün enerjisini Azərbaycanda göz xəstəlikləri ilə mübarizəyə həsr etdi. O dövrdə traxoma respublikanın bir çox bölgəsində, xüsusilə kənd yerlərində geniş yayılmışdı və yüzlərlə insanı görmə qabiliyyətindən məhrum edirdi. Zərifə Əliyeva bölgələrə ekspedisiyalar təşkil edir, xəstələri yerindəcə müayinə və müalicə edir, profilaktik tədbirlər görürdü. Onun təşəbbüsü və rəhbərliyi ilə traxoma ölkədə bir sosial problem kimi tamamilə aradan qaldırıldı. Bu, Azərbaycan səhiyyə tarixində ilk böyük qələbələrdən biri idi.

Zərifə xanım peşə xəstəlikləri oftalmologiyasının da əsasını qoydu. Yod, kimya, şin, toxuculuq sənayesində çalışan fəhlələrin gözlərində yaranan peşə patologiyalarını dərindən öyrəndi. “Şin istehsalında gözün peşə patologiyası” mövzusunda doktorluq dissertasiyası bu sahədə ilk fundamental tədqiqat oldu. Onun hazırladığı profilaktika üsulları minlərlə insanın görmə qabiliyyətini qorudu.

1977-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilən Zərifə Əliyeva 150-dən çox elmi əsərin, 12 monoqrafiyanın, dərs vəsaitlərinin müəllifidir. “Terapevtik oftalmologiya”, “Göz yaşarmasının fiziologiyası” kimi kitabları bu gün də həkimlər üçün stolüstü vəsaitdir. O, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda Oftalmologiya kafedrasına rəhbərlik edərək onlarla gənc mütəxəssis yetişdirdi. Tələbələrinə yalnız diaqnoz qoymağı deyil, xəstəyə şəfqətlə yanaşmağı da öyrədirdi. Çünki onun üçün “həkimlik” ilk növbədə humanizm idi.

Zərifə xanım Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü idi. Beynəlxalq konqreslərdə Azərbaycan tibb elmini ləyaqətlə təmsil edirdi. Lakin onun ən böyük titulu “Xalqın həkimi” idi. Qapısını döyən hər kəsə kömək əlini uzadar, imkansız xəstələri şəxsi vəsaiti hesabına müalicə etdirərdi.

Təssüf ki, ağır xəstəlik onun ömrünü yarıda qoydu. Zərifə Əliyeva 15 aprel 1985-ci ildə, 62 yaşında vəfat etdi. Lakin onun açdığı yol davam edir. Bu gün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, onlarla yetirməsi və sağaltdığı minlərlə insanın xatirəsi onun adını yaşadır.

Zərifə Əliyevanın ömrü bir həqiqəti bizə miras qoydu: elm Vətənə xidmət edəndə əbədi olur. O, Azərbaycan səhiyyəsinə təkcə yeni müalicə üsulları deyil, həm də fədakarlıq, təvazökarlıq və mərhəmət məktəbi bəxş etdi. Bu gün hər bir azərbaycanlı həkim üçün Zərifə xanımın həyatı peşə andına sadiqliyin ən parlaq nümunəsidir. Onun “Azərbaycan səhiyyəsinə həsr edilmiş ömrü” əslində bitməyib – hər sağalan gözdə, hər yetişən həkimdə davam edir.

Xədicə Hüseynzadə

YAP Babək rayon təşkilatının fəal üzvü

Digər xəbərlər