PDF Oxu

Siyasət

  • 730

“Heydər Əliyev və müstəqil Azərbaycanın şəhərsalma modeli: davamlı inkişafdan Zəfərə” - FOTOLAR

image

Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzində Ombudsmanın Cənub Regional Mərkəzi və Lənkəran Tibb Kolleci ilə birgə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində elmi seminar keçirilib.
“Heydər Əliyev və müstəqil Azərbaycanın şəhərsalma modeli: davamlı inkişafdan Zəfərə” adlanan tədbiri açan Lənkəran Regional Elmi Mərkəzinin direktoru vəzifəsini icra edən tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev qonaqları təqdim etdikdən sonra iştirakçıları Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamı haqqında məlumat verdikdən sonra deyib:- Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda siyasi sabitlik təmin olunmaqla yanaşı, müasir dövlət quruculuğu və şəhərsalma siyasətinin möhkəm təməli yaradılmağa başlanılıb. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin sosial-iqtisadi inkişafı sürətlə yüksəlib, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirməklə şəhər və rayonlarda yeni infrastruktur layihələri ardıcıl icra olunub. Sevindirici haldır ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında bu siyasət hazırda da uğurla davam etdirilir.
Natiq çıxışının davamında vurğulayıb: ”Xüsusilə 2020-ci ildə əldə olunan tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, Şuşa şəhərinin yenidən dirçəldilməsi, Azərbaycanın mədəniyyət paytaxtı kimi onun inkişafı milli irsə və mədəni dəyərlərə verilən yüksək diqqətin bariz nümunəsidir. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən layihələrin Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsi olmaqla, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarını Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan gücünü göstərir.”
“Şəhərsalma və Memarlıq İli”nın mühüm əhəmiyyətindən, bu ənənənin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmasından, hazırda Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahədə intibah dövrünün yaşanmasından danışan Türkdilli ölkələrin beynəlxalq akademiyasının professoru, Roma şəhərinin fəxri alimi, tanınmış memar, professor Cahid Həsənov onu da bildirib ki, son illərdə paytaxt Bakıda Alov Qüllələri binası, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Məscidi, Kristal Hol Sarayı, Xalçaçılıq Muzeyi və digər tikililər unikal memarlıq abidələri kimi tarixə düşüb, həmçinin əhalinin asudə vaxtlarını və istirahətinin mənalı təşkilinə hesablanan MTK-ların inşa etdiyi binaların ərazisində xiyaban, park və bağçaların salınması şəhərlərin estetik tərtibatına xüsusi gözəllik qatır.
C. Həsənov daha sonra onun layihəsi əsasında Sumqayıt şəhərində inşa edilən Şəhidlər Xatirə Kompleksinin açılışında dövlət başçısının iştirakından, Qarabağda aparılan genişmiqyaslı tikinti-quruculuq və yenidənqurma işlərdən, burada yeni şəhərsalma infrastrukturunun yaradılmasından söhbət açıb, yaxın zamanlarda Lənkəran şəhərinin dəmiryolu vağzalı ərazisində məhz onun yeni, unikal layihəsi əsasında Zəfər parkının salınacağı işlərinə start veriləcəyini açıqlayıb .

Tədbirdə Havzava kənd tam orta məktəbinin müəllimi, tarixçi-tədqiqatçı İldırım Şükürzadə də çıxış edib. O, deyib:- Məlum həqiqətdir ki, tikinti-quruculuq işləri paytaxt Bakı ilə yanaşı, ölkəmizin digər şəhərlərində də görülür. Son bir neçə ildə Lənkəran şəhərində çoxlu sayda 7 və 9 mərtəbəli binalar tikilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən təkcə Lənkəranda qeydə alınan 88 tarix və mədəniyyət abidəsinin 54-ü memarlıq abidəsidir. Ölkəmizdə “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsində məqsəd Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılmasına, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsinə çox gözəl xidmət edir.

İldırım Şükürzadə sonda müəllifi və həm-müəllifi olduğu “Lənkəranın tarix və mədəniyyət abidələri”, “Bu qala, bizim qala”, “Masallı ziyarətgahları”, “Lənkəran ziyarətgahları” və “Lənkəran məscidləri” kitablarını mərkəzdə fəaliyyət göstərən Ümummilli Liderin 100 illiyi adına kitabxanaya bağışlayıb.

Çıxışına insan hüquqları aspektindən yanaşaraq, mayın 18-dən iyunun 18-dək ölkəmizdə “İnsan hüquqları aylığı”nın keçirildiyini bildirən Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov insan faktoruna verilən qiymətdən, abidələrimizin və maddi-mədəni irsimizin qorunması istiqamətində atılan mühüm addımlarının, park, xiyabanların yaradılmasının, küçə və səkilərin yenilənməsinin, yolların abadlaşdırılmasının məhz insan faktoruna hesablandığını, eləcə tarixi, müasir memarlıq üslubunda tikilən abidələrin, binaların fasadlarına bəzək elementlərinin həkk edilməsi respublikamıza gələn turistlərin marağına səbəb olmasıni deyib.
Tədbirdə Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları- Sevinc Hüseynova, Sərraf Talıbov, İltifat Əhmədov və Kamil Cabbarovu düşündürən suallara cavab verilib, fikir mübadiləsi aparılıb.
Elmi seminarın işində fəal iştirakına görə məruzəçilər C. Həsənov, İ. Şükürzadə və Z. İsmayılov Lənkəran Regional Elmi Mərkəzinin Fəxri Fərmanı ilə təltif olunublar.
Xatirə şəkilləri çəkilməklə tədbir başa çatıb.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər