PDF Oxu

Siyasət

  • 432

Gəncə qiyamından ötən 33 il

image

Ötən əsrin əvvəllərində ölkədə vəziyyət getdikcə ağırlaşdı, hətta müstəqilliyimiz təhlükə altında idi. 1991-ci ildə Ayaz Mütəllibovun, 1992-ci ildə Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi ilə respublikada vəziyyət daha da idarəolunmaz hal aldı. 1992-ci ildə hakimiyyəti zorla ələ keçirən AXC-”Müsavat” iqtidarı ölkəni idarə etməkdə tamamilə səriştəsizlik nümayiş etdirirdi. İqtisadiyyat bərbad vəziyyətə düşmüşdü, hər hansı bir sosial inkişafdan söhbət gedə bilməzdi, ordu quruculuğu səriştəsiz və ölkənin milli maraqlarına zidd siyasət yeridən insanlara tapşırılmışdı. Hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı isə, 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı, ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandı. Artıq bir sıra ərazilərdə - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda bəzi silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. 4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz oldu. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürüldü. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı və ölkə vətəndaş müharibəsi astanasına gətirildi. 8 iyun 1993-cü ildə Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşdi. S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başladilar. Vətənin bu ağır günündə xalq Ulu Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli Lider Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib və qısa zaman ərzində, Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ QAYIDIŞI

Ötən əsrdə 71 il sovet rejimində yaşayan Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Mücadilə yolu ilə, tökülən qanlar bahasına yenidən müstəqilliyini qazandı. Müstəqillik asan əldə olunmadı, gərgin ictimai-siyasi vəziyyət və böyük qurbanlar bahasına əldə edildi. Tarixi ədaləti bərpa edildi. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə malik olmaq arzusu, özünü açıq-aydın büruzə verdi. Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi, faktiki olaraq, 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.

Azərbaycanı gözü götürməyən qüvvələr xalqımızın uğrunda ardıcıl mübarizə apardığı milli azadlığına, dövlət müstəqilliyinə mane olmaq və onun mübarizə əzmini qırmaq üçün ən məkrli siyasi təxribatlara əl atdılar. Ermənistanın Azərbaycan torpaqlarının işğalı, respublikamızı daxildən parçalamaq və xalqımızı vətəndaş müharibəsi girdabına sürükləmək kimi cəhdləri Azərbaycanı olduqca çətin bir vəziyyətlə üz-üzə qoydu. Çünki hakimiyyətdə olan səriştəsiz rəhbərlər mövcud təhlükələrin qarşısının alınması istiqamətində lazımi tədbirləri görmək gücündə deyildilər. 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı təhlükədən xilas etdi. O dövrdə baş verən hadisələr bir daha tarixi gerçəkliyi üzə çıxarmış olur. Belə ki, 1993-cü ilin iyununda xalqın dəvəti ilə Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən söhbət açmaq mümkün olmayacaqdı. Ulu Öndər Heydər Əliyev bu məsələ ilə bağlı çıxışlarının birində belə deyirdi:"1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı və o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar, belə bir zamanda, əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

AZƏRBAYCAN TARİXİNDƏ KEYFİYYƏTCƏ YENİ BİR MƏRHƏLƏNİN BAŞLANĞICI

Məhz xalqın belə bir ağır məqamında dünya şöhrətli siyasətçi Heydər Əliyevin öz müqəddəs xilaskar missiyasıyla böyük siyasətə qayıdışı, Azərbaycanda illərlə davam edən anarxiyaya, siyasi hakimiyyətsizliyə, hərbiləşmiş cinayətkar dəstələrin qətl və özbaşınalıqlarına son qoymuş oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici anlarda düzgün seçim etmişdir, müdriklik göstərmişdir və Ulu öndərə üz tutub Onu hakimiyyətə dəvət etmişdir. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyatına sui-qəsd təşəbbüsləri artıq ən yeni tariximizin qara ləkələri kimi keçmişə həkk olunub. Bu təxribatlar müdrik dövlət başçımızın son dərəcə tədbirli, təmkinli və uzaqgörən siyasəti sayəsində baş tutmadı. Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda, müstəqilliyin itirilməsinə yol verilmədi. Məhz Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu və Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaratdı. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Böyük zəka və iradə sahibi olan Ümummilli Lider Heydər Əliyev, qısa zaman kəsiyində, müharibə bölgəsində atəşkəsə, ölkədə möhkəm və dönməz sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyaraq, demokratik islahatlar yoluna keçirilməsinə nail oldu. Azərbaycan xalqının Ulu Öndərin azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsi ilə müstəqil Azərbaycan dövlətçiliyi daha da möhkəmləndi. 1995-ci il 12 noyabrda müstəqil Azərbaycanın Konstitusiyası referendum yolu ilə qəbul edildi, bundan sonra sistemli şəkildə aparılan demokratik islahatlar sayəsində, ölkədə bazar iqtisadiyyatı münasibətləri bərqərar edildi.

Azərbaycanın bugünkü və gələcək nəsillərinin Ulu Öndər Heydər Əliyevin şərəfli adı, ölməz ruhu qarşısında müqəddəs borcu Onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq və milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilib və Onun əbədiliyi təmin edilib.

Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad edildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Azərbaycanın işğaldan azad olunan torpaqlarında yeni həyat canlanır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər