PDF Oxu

Cəmiyyət

  • 1 047

Yuxunun REM mərhələsi ilə 83 xəstəlik arasında nə əlaqə var?

image

REM yuxusu yuxunun xüsusi mərhələsidir. İngiliscə “Rapid Eye Movement” ifadəsinin qısaltması olan REM “sürətli göz hərəkətləri” deməkdir. Bu mərhələdə gözlər qapalı olsa da sürətlə hərəkət edə bilər, yuxular daha çox və daha canlı görülür. Beynin fəaliyyəti oyanıqlığa yaxın səviyyəyə yüksəlir və bu mərhələnin öyrənmə, yaddaş və emosional məlumatların emalında rol oynadığı düşünülür. Eyni zamanda, bədənin əksər əzələləri müvəqqəti olaraq daha az aktiv olur.

REM yuxusu gecə ərzində bir neçə dəfə təkrarlanır və adətən səhərə yaxın olan dövrlər daha uzun olur. Buna görə “daha çox REM yuxusu” ifadəsi yuxunun məhz bu mərhələsində daha çox vaxt keçirilməsi deməkdir.

95 mindən çox insanın məlumatlarının təhlil edildiyi yeni araşdırmada yuxunun mərhələləri ilə uzunmüddətli sağlamlıq arasında əlaqə araşdırılıb. Tədqiqatçılar daha çox REM yuxusunun 83 xəstəliyin daha aşağı riski ilə əlaqəli olduğunu müəyyənləşdiriblər. Bunlara demensiya, ürək çatışmazlığı və Parkinson xəstəliyi də daxildir.

Araşdırmada Böyük Britaniyada aparılmış çox genişmiqyaslı tibbi-elmi tədqiqat layihəsinin 95 559 iştirakçısının yeddi gün ərzində biləkdə daşıdıqları cihazlardan əldə olunan yuxu məlumatları təhlil edilib. İştirakçılar orta hesabla 8,9 il izlənilib və müxtəlif xəstəliklərlə bağlı tibbi məlumatları araşdırılıb.

Nəticələrə görə, daha çox dərin yuxu da bəzi xəstəliklərin, o cümlədən 2-ci tip diabet və depressiyanın daha aşağı riski ilə əlaqələndirilib. Yuxu müddətində isə ən aşağı risk bir çox xəstəlik üzrə 6–8 saatlıq yuxu aralığında müşahidə olunub. Beş saatdan az yatanlarda 37 xəstəlik üzrə riskin daha yüksək olduğu müəyyən edilib.

Alimlər vurğulayırlar ki, bu müşahidə xarakterli araşdırmadır və yuxu xüsusiyyətlərinin xəstəliklərə birbaşa səbəb olduğunu sübut etmir.

Lalə Mehralı

Digər xəbərlər