Hər bir müstəqil dövlətin varlığının, suverenliyinin və ərazi bütövlüyünün ən mühüm təminatçısı onun milli ordusudur. Tarix sübut edir ki, güclü ordusu olmayan dövlətlər nə qədər zəngin resurslara malik olsalar da, xarici təhdidlər qarşısında aciz qalmağa və müstəqilliklərini itirməyə məhkumdurlar. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi: “Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir”.
Bu gün fəxrlə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu regional gücdən qlobal miqyasda qəbul olunan hərbi fenomenə çevrilmişdir. Cənab Prezidentin vurğuladığı kimi: “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq”
Azərbaycanın müasir hərbi tarixini və ordu quruculuğunu ulu öndər Heydər Əliyevin adı olmadan təsəvvür etmək qeyri-mümkündür. Bu proses təkcə 1993-cü ildə onun yenidən hakimiyyətə gəlişi ilə məhdudlaşmır, kökləri daha dərindən – ötən əsrin 70-ci illərindən başlayır. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. SSRİ dövründə azərbaycanlı gənclərin hərbi sahəyə, xüsusilə də komandir heyətinə cəlb edilməsinə qarşı gizli rəsmi və qeyri-rəsmi maneələr mövcud idi. Moskva azərbaycanlıları əsasən tikinti batalyonlarına göndərməyə üstünlük verirdi. Heydər Əliyev bu strateji çatışmazlığı uzaqgörənliklə sezir və gələcək müstəqilliyin hərbi təməllərini atırdı. 1971-ci ildə böyük çətinliklərə və mərkəzi hakimiyyətin ciddi müqavimətinə baxmayaraq, Bakıda Cəmşid Naxçıvanski adına hərbi internat məktəbinin yaradılmasına nail oldu. 1990-cı illərin əvvəllərində ölkədə mövcud olan pərakəndəlik, könüllü batalyonların siyasi qruplaşmaların maraqlarına xidmət etməsi və vahid komandanlığın olmaması torpaqlarımızın itirilməsinə rəvac vermişdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə ordu quruculuğuna əl atdı. “1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı.”
2003-cü ildən etibarən ulu öndər Heydər Əliyevin strateji kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ordu quruculuğunu dövlətin birinci dərəcəli tapşırığı elan etdi. Bu siyasətin əsas sütunlarını iqtisadi müstəqillik, güclü hərbi büdcə və müasir texnoloji təchizat təşkil edir. Azərbaycanın uğurlu neft və qaz strategiyası, iqtisadi islahatları hərbi büdcənin hər il dəfələrlə artırılmasına imkan verdi. Ermənistanın ümumi dövlət büdcəsindən belə çox olan Azərbaycanın hərbi xərcləri ölkəyə dünyanın ən qabaqcıl silah sistemlərini almaq şansı yaratdı. Azərbaycan təkcə hazır silah almaqla kifayətlənmədi. Prezident İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Bu, ordunun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması üçün atılmış inqilabi addım idi. Bu gün Azərbaycan özü müxtəlif növ atıcı silahlar, zirehli texnikalar, minaatanlar və pilotsuz uçuş aparatları (PUA) istehsal edir.
Ali Baş Komandan İlham Əliyev bu uğurlu modernləşməni belə xarakterizə edir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi... bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.”
İkinci Qarabağ müharibəsindən (44 günlük Vətən müharibəsi) sonra Azərbaycan Ordusu dayandımı? Xeyr. Müharibə təcrübəsi analiz edilərək daha çevik, daha mobil və çətin coğrafi şəraitdə ildırım sürətli əməliyyatlar keçirməyə qadir olan yeni bir struktur formalaşdırıldı. Komando Qüvvələrinin yaradılması Ordunun döyüş qabiliyyətinin artırılması üçün önəmli amillərdən biridir. Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun olaraq yaradılan bu briqadalar, ən çətin dağlıq və meşəlik şəraitdə düşmənin istənilən təxribatını dərhal boğmağa qadirdir. Bu bölmələr rəsmi Bakının post-müharibə dövründə regional təhlükəsizliyi təmin etmək üçün yaratdığı ən böyük güc faktorlarındandır.
Azərbaycanın milli maraqları tələb edir ki, hərbi sahədə həm regional, həm də qlobal müttəfiqlərlə sıx əlaqələr qurulsun. Milli maraqlar naminə hərbi əməkdaşlıq çərçivəsində Azərbaycan NATO proqramlarında, sülhməramlı missiyalarda fəal iştirak edərək böyük təcrübə qazanmışdır. 15 iyun 2021-ci il tarixində Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə qaldırdı. Bəyannamənin ən önəmli maddələrindən biri birbaşa ordunun gələcəyinə yönəlib:
“Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər”.
Azərbaycan dövləti illər ərzində gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı geniş tədbirlər planı həyata keçirmişdir. Heydər Əliyev adına Ali Hərbi Məktəb, Hərbi Akademiya və digər ixtisaslaşmış müəssisələr intellektual, texnoloji yeniliklərə bələd olan yeni nəsil zabit ordusu yetişdirdi. Bu vətənpərvər tərbiyənin məntiqi nəticəsi olaraq, Azərbaycan əsgərinin vətənpərvərlik ruhu 2020-ci ildə bütün dünyaya nümunə oldu. 44 günlük müharibədə Azərbaycan Ordusunda bir nəfər də olsun fərarilik halı qeydə alınmadı. Yaralı əsgərlər hospitaldan qaçaraq yenidən cəbhəyə, döyüş yoldaşlarının yanına qayıdırdılar. Bu unikal ruh yüksəkliyi xalqla ordunun sağlam mənəvi birliyinin təzahürü idi. Ulu Öndərin dediyi kimi: “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir”. Uzun illər boyu Ermənistan və onun havadarları status-kvonu saxlamağa, Azərbaycanı torpaqlarının itirilməsi reallığı ilə barışdırmağa çalışırdılar. Lakin Ali Baş Komandan İlham Əliyev hər il 26 iyun – Silahlı Qüvvələr Günündə hərbçilərlə görüşərkən eyni qətiyyətli mesajı verirdi: Sülh olmasa, torpaqlar hərbi yolla azad olunacaq. Prezident İlham Əliyevin 26 iyun 2021-ci il tarixində, yəni tarixi Qarabağ Zəfərindən sonrakı ilk Silahlı Qüvvələr Günündə etdiyi müraciət bu böyük epopeyanın yekun bəyannaməsi idi:
“İyunun 26-sı Silahlı Qüvvələr Günüdür... Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağız, ərazi bütövlüyümüzü bərpa edəcəyik... Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir.”
Azərbaycan Ordusu 44 gün ərzində XXI əsrin yeni nəsil müharibəsini nümayiş etdirərək Ermənistanın 30 ilə yaxın müddətdə qurduğu keçilməz "Ohanyan müdafiə xəttini" darmadağın etdi. Şuşanın dağlıq relyefində, sıldırım qayaları əlbəyaxa döyüşlə, bıçaqla, yüngül silahlarla dırmaşaraq azad edən Azərbaycan xüsusi təyinatlıları hərb tarixinə yeni qızıl hərflər yazdı. Dövlət başçısının qürurla ifadə etdiyi kimi: “Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”. Bu gün Azərbaycan Ordusu sadəcə öz sərhədlərini qoruyan yox, regionda sülhü və sabitliyi diktə edən fundamental bir qüvvədir. Qazanılan bu möhtəşəm qələbə və effektiv ordu quruculuğu siyasətinin məntiqli nəticəsi gələcək nəsillərin yaddaşına həkk olunmalıdır. Bu məqsədlə ölkədə Zəfər muzeyləri və Bakıda Hərbi Qənimətlər Parkı yaradılmışdır. Bu gün tam qətiyyətlə demək olar ki, əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən zirvəyə çatdırılan ordu quruculuğu strategiyası Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinin ən böyük qarantıdır. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır və bu güc xalqın iradəsi, dövlətin qüdrəti ilə hər gün daha da möhkəmlənməkdədir.
Vəli Sərxanlı
YAP Culfa rayon təşkilatının fəalı