Zamanın amansız yaddaşı bəşər tarixində silinməz izlər qoyan hadisələri öz qatlarında yaşadır, lakin elə həqiqətlər var ki, onlar zaman keçdikcə köhnəlmir, əksinə, daha da aktuallaşaraq millətin gələcək taleyini müəyyən edən strateji hədəfə çevrilir. Qərbi Azərbaycan mövzusu bütöv bir xalqın əsrlər boyu məruz qaldığı sistemli etnik təmizləmə, deportasiya, soyqırımı və mədəni soyqırımı siyasətinin acı salnaməsidir. Bu mövzu, milli yaddaşın ən dərin hissəsində kök salmış, hər bir azərbaycanlının qəlbində sağalmaz bir yara kimi qalan, lakin eyni zamanda bizi gələcəyə, tarixi ədalətin bərpasına səsləyən bir çağırışdır. Uzun illər boyu beynəlxalq müstəvidə ört-basdır edilməyə çalışılan, təhrif olunan Qərbi Azərbaycan həqiqətləri bu gün Azərbaycan dövlətinin yürütdüyü qətiyyətli siyasət nəticəsində dünya birliyinin diqqətinə çatdırılır və bu torpaqların əsl sahiblərinin öz doğma yurdlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıtması prosesi ümummilli bir hədəf olaraq qarşıya qoyulur. Bu böyük qayıdış hərəkatı regionda dayanıqlı sülhün, ədalətin və beynəlxalq hüququn təntənəsi deməkdir.
Qərbi Azərbaycan həqiqətlərinden bəhs edərkən, ilk növbədə, bu coğrafiyanın tarixi və etnik mənsubiyyətini, onun Azərbaycan xalqının formalaşmasında, mədəniyyətində və dövlətçilik tarixində oynadığı rolu dərindən təhlil etmək lazımdır. İrəvan xanlığı, Göyçə mahalı, Zəngəzur, Dərələyəz, Ağbaba, Loru, Şörəyel və digər tarixi bölgələr əsrlər boyu azərbaycanlıların sıx yaşadığı, özünəməxsus mədəniyyət, memarlıq, folklor və dövlətçilik ənənələri yaratdığı qədim oğuz-türk yurdlarıdır. Bu torpaqlarda mövcud olmuş maddi-mədəniyyət nümunələri, qalalar, məscidlər, karvansaralar, qəbiristanlıqlar, eləcə də toponimlər bu coğrafiyanın aborigen sakinlərinin məhz azərbaycanlılar olduğunu birmənalı şəkildə sübut edir. Lakin XIX əsrin əvvəllərindən etibarən, xüsusilə Çar Rusiyasının işğalları və Türkmənçay müqaviləsindən sonra bu torpaqların etnik xəritəsinin süni şəkildə dəyişdirilməsi prosesinə start verilmişdir. İran və Osmanlı imperiyası ərazilərindən erməni əhalisinin kütləvi şəkildə Azərbaycan torpaqlarına, o cümlədən İrəvan, Naxçıvan və Qarabağ bölgələrinə köçürülməsi gələcək fəlakətlərin bünövrəsini qoymuşdur. Bu süni demoqrafik müdaxilə regionda strateji bir plasdarm yaratmaq və azərbaycanlılarını öz tarixi torpaqlarından sıxışdırıb çıxarmaq məqsədi güdürdü. Çarizmin bu müstəmləkəçilik siyasəti sonrakı mərhələlərdə erməni millətçiliyinin ideoloji əsasına çevrilmiş və azərbaycanlılara qarşı sistemli daxili düşmənçilik xəttinin formalaşmasına yol açmışdır.
XX əsr Qərbi Azərbaycanda yaşayan soydaşlarımız üçün ardıcıl və amansız deportasiyalar, qırğınlar və faciələr əsri olmuşdur. 1905–1906-cı illərdə erməni-müsəlman qırğınları adı altında törədilən kütləvi qətliamlar azərbaycanlıların tarixi torpaqlarında zəiflədilməsi və qorxu mühitinin yaradılması məqsədi daşıyırdı. Yüzlərlə azərbaycanlı kəndi yandırılmış, minlərlə günahsız insan amansızlıqla qətlə yetirilmiş, on minlərlə soydaşımız qaçqın vəziyyətinə düşmüşdür. Bu hadisələr yerli münaqişə olmaqla yanaşı erməni cəlladlarının "Böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün həyata keçirdikləri ilk genişmiqyaslı etnik təmizləmə aktı idi. Birinci Dünya Müharibəsi və xüsusilə 1917-ci il Rusiyada baş verən inqilablardan sonra yaranan geosiyasi boşluq erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı daha qəddar və genişmiqyaslı soyqırımı törətməsinə şərait yaratdı. 1918–1920-ci illərdə İrəvan quberniyasında, Zəngəzurda, Göyçədə törədilən vəhşiliklər bəşər tarixinin ən qanlı səhifələrindəndir. Məqsəd aydın idi: yeni yaradılacaq erməni dövləti üçün tamamilə azərbaycanlılardan təmizlənmiş, homogen bir ərazi yaratmaq. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən, mövcud geosiyasi şərait və beynəlxalq təzyiqlər nəticəsində qədim Azərbaycan şəhəri olan İrəvanın ermənilərə güzəştə gedilməsi barədə çətin və ağrılı qərar qəbul edildi. Bu addım gələcəkdə sülhün təmin olunması ümidi ilə atılsa da, erməni tərəfinin aqressiv ambisiyalarını dayandırmadı, əksinə, onların daha böyük ərazi iddialarına rəvac verdi.
Azərbaycanda və Ermənistanda sovet hakimiyyətinin qurulması da Qərbi azərbaycanlıların taleyində müsbət dönüş yaratmadı. Əksinə, sovet dövründə etnik təmizləmə və torpaqların qoparılması prosesi daha "hüquqi" və pərdələnmiş formalar aldı. 1920-ci illərdə sovet rəhbərliyinin qərarı ilə Azərbaycanın qədim torpağı olan Zəngəzurun Ermənistana verilməsi Azərbaycanı Naxçıvandan və bütövlükdə türk dünyasından ayıran coğrafi bir yer rolunu oynadı. Bununla da Qərbi Azərbaycanın etnik xəritəsi daha bir ağır zərbə aldı. Sovet rejiminin ən böyük ədalətsizliklərindən biri isə SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarları ilə həyata keçirilən kütləvi deportasiya prosesi oldu. İosif Stalinin imzası ilə təsdiqlənən bu qərarlara əsasən, 100 mindən çox azərbaycanlı Ermənistan SSR-dəki ata-baba yurdundan Azərbaycanın Kür-Araz ovalığına köçürüldü. Rəsmi bəhanə kimi guya xaricdən gələn ermənilərin yerləşdirilməsi və pambıqçılığın inkişaf etdirilməsi göstərilsə də, bu, dövlət səviyyəsində planlaşdırılmış və həyata keçirilmiş açıq bir etnik təmizləmə siyasəti idi. Dağlıq və mülayim iqlimə öyrəşmiş Qərbi azərbaycanlılar Kür-Araz ovalığının ağır, isti və malyariyalı şəraitinə tab gətir bilmədilər. Bu, xalqımızın tarixinə növbəti bir soyqırımı aktı və böyük humanitar fəlakət kimi yazıldı. Sovet hakimiyyəti illərində həmçinin Qərbi Azərbaycandakı minlərlə türk mənşəli toponim — şəhər, kənd, dağ, çay adları sistemli şəkildə erməniləşdirildi, xalqımızın izləri bu torpaqlardan tamamilə silinməyə çalışıldı.
Qərbi Azərbaycan faciəsininin sonuncu və ən dramatik mərhələsi 1980-ci illərin sonlarında, sovet imperiyasının süqutu ərəfəsində baş verdi. 1987–1991-ci illərdə Ermənistan dövlət orqanlarının, ekstremist qrupların və sovet təhlükəsizlik qüvvələrinin birgə iştirakı ilə Ermənistanda qalan sonuncu azərbaycanlılar da öz tarixi torpaqlarından vəhşicəsinə qovuldular. 250 mindən çox azərbaycanlı bir neçə il ərzində ev-eşiyindən, var-dövlətindən məhrum edilərək, qışın oğlan çağında dağ yolları ilə, meşələrlə Azərbaycana pənah gətirməyə məcbur oldu. Bu deportasiya zamanı yüzlərlə soydaşımız qətlə yetirildi, donaraq öldü və ya itkin düşdü. Bununla da Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlı qalmadı və Ermənistan monoetnik bir dövlətə çevrildi. Bu, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Etnik təmizləmə ilə yanaşı, Ermənistan ərazisində Azərbaycan xalqına məxsus zəngin maddi-mədəniyyət irsi də tamamilə məhv edildi. Əsrlər boyu azərbaycanlıların dəfn olunduğu müqəddəs qəbiristanlıqlar traktırlarla dağıdıldı, qəbir daşları məhv edildi və ya tikinti materialı kimi istifadə olundu. Bu, bəşər mədəniyyətinə qarşı yönəlmiş bir vandalizm aktıdır və beynəlxalq təşkilatlar, xüsusilə YUNESKO tərəfindən hələ də layiq olduğu qiyməti almamışdır.
Qərbi Azərbaycana qayıdış məsələsinin milli ideologiya səviyyəsinə qaldırılmasında və hüquqi-siyasi müstəvidə əsaslandırılmasında Ulu Öndər Heydər Əliyevin tarixi rolu əvəzsizdir. Ümummilli Lider sovet dövründə rəsmi şəkildə ört-basdır edilən deportasiya və etnik təmizləmə faktlarını müstəqillik illərində ilk dəfə dövlət siyasətinin mərkəzinə gətirmişdir. Onun 18 dekabr 1997-ci ildə imzaladığı “1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında” Fərman bu faciəyə dövlət səviyyəsində verilən ilk hüquqi-siyasi qiymət oldu. Ulu Öndər soydaşlarımızın məruz qaldığı ədalətsizlikləri dünyaya çatdırmaq üçün tarixi sənədlərin, xəritələrin və elmi araşdırmaların ortaya çıxarılmasını strateji vəzifə kimi müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyev Qərbi Azərbaycanı xalqımızın ayrılmaz tarixi-mədəni coğrafiyası adlandıraraq, İrəvan, Göyçə və Zəngəzurun və digər yerlərin əzəli türk yurdu olduğunu hər zaman qətiyyətlə bəyan edirdi. O, deportasiya qurbanlarının hüquqlarının qorunması və onların sosial problemlərinin həlli istiqamətində ardıcıl dövlət proqramlarının icrasını təmin etdi. Ümummilli Liderin formalaşdırdığı bu uzaqgörən siyasət, illər sonra doğma torpaqlara qayıdışı hədəfləyən ümummilli hərəkatın intellektual və ideoloji bünövrəsinə çevrildi. Onun "Azərbaycançılıq" məfkurəsi Qərbi azərbaycanlıların milli kimliyini, mədəni irsini və yurd yaddaşını qoruyub saxlamasında ən güclü mənəvi stimul oldu. Ulu Öndər Heydər Əliyevin qətiyyətli mövqeyi bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir və qayıdış ideyasını real dövlət strategiyasına çevirir. Ulu Öndərin əsasını qoyduğu hüquqi və tarixi faktlar bu gün Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə apardığı legitim mübarizənin ən kəsərli silahıdır.
Qeyd etdiyimiz kimi Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və bu məsələnin hüquqi-siyasi müstəviyə çıxarılması bu gün Azərbaycan dövlətinin xarici və daxili siyasətinin ən vacib prioritetlərindən biridir. Uzun illər tarixə qovuşmuş “Qarabağ münaqişəsi” və torpaqlarımızın işğalı səbəbindən Qərbi Azərbaycan mövzu müəyyən qədər arxa planda qalsa da, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər regionda tamamilə yeni bir geosiyasi reallıq yaratdı. Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi xalqımızın özünəinamını bərpa etdi və Qərbi Azərbaycana qayıdış ideyasını fikirdən real və hədəfli bir proqrama çevirdi. Dövlət başçısının 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı və ictimaiyyət nümayəndəsi ilə görüşündə etdiyi tarixi çıxış bu prosesin yol xəritəsini müəyyən etdi. Prezident İlham Əliyev Qərbi Azərbaycanın bizim tarixi torpaqımız olduğunu xatırladaraq, soydaşlarımızın öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməsinin vacibliyini beynəlxalq müstəvidə ən yüksək səviyyədə bəyan etdi. Bu çıxışdan sonra yaradılan Qərbi Azərbaycan İcması bu böyük qayıdış missiyasının intellektual, hüquqi və təşkilati mərkəzinə çevrildi.
Bu strateji hədəfin reallaşdırılması istiqamətində ən mühüm addım prosesin konseptual, hüquqi və təşkilati əsaslarını özündə birləşdirən Qayıdış Konsepsiyasının qəbul edilməsi oldu. Qayıdış Konsepsiyası Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək üçün hazırlanmış fundamental və hərtərəfli bir yol xəritəsidir. Bu sənəd hər hansı bir dövlətin ərazi bütövlüyünə təhdid və ya hərbi müdaxilə məqsədi daşımır, tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta əsaslanır. Konsepsiyanın əsas fəlsəfəsi ondan ibarətdir ki, insanın öz vətəninə qayıtmaq hüququ ayrılmazdır, mütləqdir və heç bir siyasi konyunkturaya qurban verilə bilməz. Sənəddə qayıdış prosesinin könüllülük, təhlükəsizlik və ləyaqət prinsipləri əsasında idarə olunması, beynəlxalq təhlükəsizlik zəmanətlərinin yaradılması, mülkiyyət hüquqlarının bərpası və qayıdan əhalinin reinteqrasiyası kimi mühüm bəndlər öz əksini tapmışdır.
Qayıdış prosesinin hüquqi aspektləri bu hərəkatın beynəlxalq müstəvidə legitimliyini təmin edən ən mühüm sütundur. Ermənistandan zorla qovulmuş azərbaycanlıların hüquqları fərdi və kollektiv statusda beynəlxalq humanitar hüquq və insan hüquqları konvensiyaları ilə tam qorunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin ikinci bəndində təsbit edilmiş "hər bir insanın öz ölkəsinə qayıtmaq hüququ" bu prosesin əsas hüquqi sütunudur. Eyni zamanda, 1965-ci il tarixli İrqi mismarlığın bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya və 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsi heç bir insanın öz ölkəsinə daxil olmaq hüququndan özbaşına məhrum edilə bilməyəcəyini qəti şəkildə qadağan edir. Hüquqi çərçivənin digər mühüm tərəfi isə mülkiyyət hüquqlarının bərpası (restitusiya) və təzminat məsələsidir. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1 nömrəli Protokoluna əsasən, qaçqınların geridə qalan daşınar və daşınmaz əmlakları üzərindəki hüquqları zaman keçdikcə qüvvəsini itirmir. Beynəlxalq hüquq presedentləri, xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsinin qaçqınların mülkiyyət hüquqları ilə bağlı qərarları Qərbi azərbaycanlıların hüquqi mübarizəsi üçün güclü hüquqi baza formalaşdırır. Ermənistan dövləti tərəfindən törədilmiş kütləvi deportasiyalar həm də beynəlxalq cinayət hüququ kontekstində, xüsusən də "insanlıq əleyhinə cinayətlər" və "etnik təmizləmə" kateqoriyasında qiymətləndirilməlidir. Bu hüquqi əsaslar Qərbi azərbaycanlıların qayıdış tələbini sadəcə siyasi istək olmaqdan çıxarır və onu Ermənistanın yerinə yetirməli olduğu mütləq hüquqi öhdəliyə çevirir.
Bu ümummilli konsepsiyanın hüquqi və praktiki mexanizmlərlə həyata keçirilməsində Qərbi Azərbaycan İcması mərkəzi və hərəkətverici qüvvə rolunu oynayır. İcma yüz minlərlə qaçqın və deportasiya qurbanının hüquqlarını beynəlxalq arenada müdafiə edən legitim və intellektual bir platformadır. Qərbi Azərbaycan İcması daxili və xarici müstəvidə çoxşaxəli fəaliyyət göstərərək fundamental vəzifələri icra edir. İlk növbədə, İcma beynəlxalq hüquqi təbliğat işini qurmuş, BMT, Avropa İttifaqı, ATƏT və digər nüfuzlu qlobal təşkilatlara rəsmi müraciətlər ünvanlayaraq Qərbi Azərbaycan problemini dünya birliyinin gündəliyinə daşımışdır. Bu müraciətlər nəticəsində İcmanın rəsmi sənədləri BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılmışdır ki, bu da məsələnin beynəlxalq hüquqi statusunu əhəmiyyətli dərəcədə gücləndirmişdir. Eyni zamanda, İcma tarixi həqiqətlərin sənədləşdirilməsi və faktların toplanması istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirir. Ermənistan ərazisində dağıdılmış, mənimsənilmiş və ya erməniləşdirilmiş Azərbaycan maddi-mədəni irsinin — məscidlərin, karvansaraların, qəbiristanlıqların və qalaların tam reyestri hazırlanır. Bu faktlar YUNESKO kimi beynəlxalq qurumlara təqdim olunaraq regional mədəni soyqırımının ifşası üçün hüquqi baza rolunu oynayır. İcma həmçinin deportasiya qurbanlarının, şahidlərin ifadələrini toplayır, itirilmiş mülklərin siyahısını tərtib edir və gələcək hüquqi proseslər, o cümlədən kompensasiya və mülkiyyət hüquqlarının bərpası üçün zəruri olan arxiv materiallarını sistemləşdirir.
Qərbi Azərbaycan İcmasının fəaliyyəti həm də cəmiyyətdə milli yaddaşın və ideoloji birliyin qorunub saxlanılmasına xidmət edir. İcma gənc nəslin öz tarixi köklərinə bağlı ruhda böyüməsi, Göyçə, Zəngəzur, İrəvan, Dərələyəz kimi qədim oğuz yurdlarının coğrafiyasını, tarixini və mədəniyyətini dərindən öyrənməsi üçün müxtəlif layihələr, elmi konfranslar və mədəni tədbirlər təşkil edir. Bu ideoloji iş qayıdış hərəkatının xalqın qəlbində yaşayan canlı bir proses olmasını təmin edir. Qərbi Azərbaycana qayıdış hərəkatı heç bir halda başqa bir dövlətin ərazi bütövlüyünə təhdid və ya hərbi təcavüz məqsədi daşımır. Azərbaycan dövləti və Qərbi Azərbaycan İcması bu prosesin tamamilə sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə insan hüquqları və fundamental azadlıqlar çərçivəsində reallaşmasını müdafiə edir. Beynəlxalq birlik Qarabağdan könüllü şəkildə köçmüş ermənilərin hüquqlarından bəhs etdiyi bir vaxtda, Ermənistandan vəhşicəsinə qovulmuş, etnik təmizləməyə məruz qalmış 250 mindən çox azərbaycanlıların hüquqlarına göz yuma bilməz. Bu, açıq bir ikili standartdır və Azərbaycan diplomatiyası bu ədalətsizliyi aradan qaldırmaq üçün gecə-gündüz fəaliyyət göstərir. Qərbi Azərbaycana qayıdış prosesi Ermənistanın özünün beynəlxalq öhdəliklərinə və demokratik dəyərlərə sadiqliyinin bir növ sınağı olacaqdır. Əgər Ermənistan rəhbərliyi regionda həqiqi və dayanıqlı sülhün tərəfdarıdırsa, o, mütləq şəkildə azərbaycanlıların öz yurdlarına dinc şəraitdə qayıtmasını təmin etmeli, onların təhlükəsizliyinə və hüquqlarına təminat verməlidir.
Qərbi Azərbaycana qayıdışın uğurla reallaşdırılması üçün beynəlxalq hüquqi əsasların gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində də aktivlik artırılmalıdır. Erməni tərəfi onilliklər boyu yaratdığı saxta tarix tezisləri ilə dünya ictimaiyyətini aldatmağa çalışmış, özlərini həmişə "məzlum" və "qurban" rolunda təqdim etmişlər. Lakin real faktlar, arxiv sənədləri, xəritələr və canlı şahidlərin ifadələri tamamilə fərqli bir mənzərəni ortaya qoyur. Bu gün Azərbaycan tarixçiləri, hüquqşünasları və diplomatları Qərbi Azərbaycanla bağlı arxiv sənədlərini, çar və sovet dövrünə aid rəsmi xəritələri, statistik məlumatları araşdıraraq beynəlxalq dillərə tərcümə edir və dünya elmi müstəvisinə çıxarırlar. İrəvan xanlığının tarixi, onun əhalisinin etnik tərkibi, dağıdılmış abidələrin reyestri, deportasiya qurbanlarının siyahıları sənədləşdirilir. YUNESKO-ya edilən müraciətlərdə Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi üçün monitorinq missiyasının göndərilməsi tələb olunur. Bu, bəşəriyyətin ortaq mədəni irsinin qorunması üçün mühüm bir addımdır. Çünki mədəni irsin məhv edilməsi bütövlükdə dünya sivilizasiyasına qarşı törədilmiş cinayətdir.
Qərbi Azərbaycana qayıdış həm də güclü bir ideoloji və mənəvi stimuldur. Bu qayıdış Azərbaycan cəmiyyətini, xüsusilə gənc nəsli milli köklərə bağlılıq, vətənpərvərlik və tarixi yaddaşa sadiqlik ruhunda tərbiyə edir. Qərbi Azərbaycandan olan soydaşlarımızın övladları, nəvələri bu gün bəlkə də heç vaxt görmədikləri Göyçəni, Zəngəzuru, İrəvanı və digər doğma torpaqlarımız özlərinin əsl vətəni hesab edir və oraya qayıtmaq arzusu ilə yaşayırlar. Bu mənəvi bağlılıq xalqımızın yenilməzliyinin və tarixi ədalətə olan sarsılmaz inamının bariz nümunəsidir. Dövlətin bu istiqamətdə həyata keçirdiyi genişmiqyaslı tədbirlər, sənədli filmlər, kitab nəşrləri, beynəlxalq konfranslar Qərbi Azərbaycan mövzusunun daim gündəmdə qalmasını təmin edir. Şərqi Zəngəzurda və Qarabağda həyata keçirilən "Ağıllı kənd" və "Ağıllı şəhər" layihələri, Böyük Qayıdışın uğurlu nümunələri bir gün Qərbi Azərbaycanda da tətbiq olunacaqdır. Biz inanırıq ki, vaxtilə zorla boşaldılmış azərbaycanlı kəndləri yenidən canlanacaq, o torpaqlarda yenidən azan səsi eşidiləcək, laylalar çalınacaq və uşaq gülüşləri o dağları bəzəyəcəkdir.
Geosiyasi baxımdan Qərbi Azərbaycana qayıdış Cənubi Qafqazda uzunmüddətli sülhün və inteqrasiyanın açarıdır. Ermənistan öz qonşularına qarşı ərazi iddialarından əl çəkməli, tarixi reallıqları qəbul etməli və regional əməkdaşlıq formatlarına qoşulmalıdır. Zəngəzur dəhlizinin açılması bu prosesdə mühüm bir mərhələ ola bilər. Bu dəhliz iqtisadi və nəqliyyat əhəmiyyətli bir xətt olmaqla yanaşı coğrafi cəhətdən bölünmüş türk dünyasını birləşdirən, regionda sabitliyi təmin edən strateji bir amildir. Zəngəzur dəhlizinin işə düşməsi və qərbi azərbaycanlıların öz yurdlarına qayıtması regionda blokadanın tamamilə aradan qaldırılmasına, iqtisadi canlanmaya və xalqlar arasında dinc yanaşı yaşama mədəniyyətinin yenidən bərpa olunmasına xidmət edəcəkdir. Keçmişdə baş vermiş faciələrdən dərs çıxararaq, gələcəyə doğru sülh və ədalət prinsipləri əsasında addımlamaq bütövlükdə regionun maraqlarına uyğundur.
Nəticə olaraq qeyd etməliyik ki, Qayıdış Konsepsiyası, qüvvətli hüquqi aspektlər və Qərbi Azərbaycan İcmasının birgə fəaliyyəti regionda dayanıqlı sülhün və ədalətin bərqərar olması üçün mühüm şərtdir. Qərbi Azərbaycan həqiqətləri xalqımızın milli kimliyinin, çəkdiyi ağrı-acının, lakin eyni zamanda əyilməz iradəsinin göstəricisidir. Bu gün Azərbaycan regional güc mərkəzi olaraq öz sözünü deməyə, öz hüquqlarını qorumağa qadirdir. Qərbi Azərbaycana qayıdış sadəcə zaman məsələsidir. Dövlətimizin qətiyyəti, xalqımızın birliyi və beynəlxalq hüququn gücü sayəsində bu böyük tarixi missiya mütləq uğurla başa çatacaqdır. Biz tarixi yurdlarımıza silahsız, dinc yolla, beynəlxalq konvensiyaların verdiyi hüquqlarla qayıdacağıq və bununla da Cənubi Qafqazda ədalətin bərpasının yeni bir səhifəsini açacağıq. Cənubi Qafqazda əsl inteqrasiya və sabitlik yalnız tarixi ədalətsizliklərin aradan qaldırılması və qərbi azərbaycanlıların hüquqlarının tam bərpası ilə mümkündür. Bu müqəddəs yolda hər bir azərbaycanlının üzərinə böyük məsuliyyət düşür: həqiqətləri yaşatmaq, dünyaya çatdırmaq və qayıdış gününə hər an hazır olmaq. Tarix həmişə ədalətin tərəfində olur və Azərbaycan xalqının öz doğma torpaqlarına qayıdışı bu ədalətin ən parlaq təzahürü olcaqdır.
Zahid Cəfərov
BDU-nun Hüquq fakültəsinin professoru, h.e.d, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri