Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri strateji tərəfdaşlıq yönündə mühüm səfər kimi dəyərləndirilir. Səfər çərçivəsində siyasi dialoq, nəqliyyat-logistika, enerji təhlükəsizliyi, humanitar əlaqələr və regional əməkdaşlıq məsələləri ilə bağlı aparılan müzakirələr gələcək perspektivdən xəbər verir.
Azərbaycana dövlət səfərinə gəldiyinə görə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova təşəkkür edən dövlətimizin başçısı İlham Əliyev bu səfərə çox böyük əhəmiyyət verdiyini, onun ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət göstərəcəyinə əminliyini ifadə edib.
Görüş zamanı Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirən dövlətimizin başçısı bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırlatdı. Prezident İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu deyib. Xalqlarımızı ortaq tarixin birləşdirdiyini qeyd edən Prezident İlham Əliyev bunun, həmçinin qarşılıqlı fəaliyyətimizdə də mühüm amil olduğunu bildirib.
Səfər çərçivəsində Azərbaycan və Türkmənistan arasında imzalanan birgə bəyanat, həmçinin gömrük sahəsində əməkdaşlıq, statistik məlumat mübadiləsi və yükdaşımaların səmərəliliyinin artırılmasına dair mühüm sənədlər əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxaracaq.
Səfər çərçivəsində mətbuata verilən birgə bəyanatda dövlət başçısı İlham Əliyev ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığa toxunub: “Ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq”.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov isə qeyd edib ki, iki ölkənin nüfuzlu beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğu təsdiqlənib. Həmçinin Türkmənistanla Azərbaycan Respublikası arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli əməkdaşlıq çərçivəsində davam etdiriləcək”, - deyən Sərdar Berdiməhəmmədov iqtisadi-ticari əməkdaşlığın da ətraflı müzakirə olunduğunu bildirdi. Energetika, nəqliyyat, kimya, tekstil sənayeləri və bir sıra digər sahələrin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyini qeyd edən Türkmənistan Prezidenti ölkələrimizin ərazilərindən Şərq-Qərb xətti üzrə nəqliyyat və tranzit dəhlizlərinin yaradılmasında sıx əməkdaşlıq etmək barədə razılığın əldə olunduğunu vurğulayıb.
Sonda onu qeyd edək ki, imzalanan bu sənədlər iki dövlət arasında iqtisadi münasibətlərin daha da genişləndirilməsinə və praktiki əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Sənədlərin mahiyyəti təsdiqləyir ki, tərəflər əməkdaşlığı yalnız siyasi bəyanatlarla deyil, konkret mexanizmlərlə möhkəmləndirmək niyyətindədirlər.
Mətanət Səfərli,
YAP Nəsimi rayon təşkilatının əməkdaşı