PDF Oxu

Siyasət

  • 553

Milli mətbuatımız və “Əkinçi” qəzeti - ŞƏRH

image

Azərbaycan milli mətbuatının tarixi 1875-ci il 22 iyul tarixindən başlanır. Görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində ilk qəzet – “Əkinçi” qəzeti də həmin gün nəşr edilib. Bu hadisə təkcə ilk qəzetin çapı deyil, həm də Azərbaycan xalqının milli oyanışının, maarifçilik hərəkatının və milli mətbuatının təməlinin qoyulması idi. Məhz buna görə də “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının ilk nümunəsi və Həsən bəy Zərdabi isə milli mətbuatımızın banisi hesab olunur.

Əhalisinin böyük əksəriyyətinin savad almasına şərait yaradılmayan Azərbaycan Rusiya imperiyasının tərkibində olduğu üçün ana dilində qəzet və jurnal çap etdirmək imkanından məhrum idi. Həsən bəy Zərdabi xalqın maariflənməsi və milli şüurun formalaşması üçün ana dilində qəzet nəşr etməyin vacibliyini anlayırdı. O, uzun illər çar hökumətindən icazə almağa çalışdı və nəhayət, 22 iyul 1875-ci ildə bu arzusunu həyata keçirdi. Senzuranın maneələrini aşmaq üçün qəzetə “Əkinçi” adı verildi və beləliklə, onun əsasən kənd təsərrüfatından bəhs edəcəyi təsəvvürü yaradıldı.

“Əkinçi” qəzetinin əsas məqsədi xalqı elmə, təhsilə, tərəqqiyə və müasir düşüncəyə səsləmək idi. Həsən bəy Zərdabi hesab edirdi ki, cəmiyyətin inkişafı yalnız savad və maarif yolu ilə mümkündür. Buna görə də qəzetdə kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, gigiyena, əxlaq, milli birlik və mədəniyyət mövzularında sadə və anlaşıqlı dildə məqalələr dərc edilirdi. Qəzetdə dövrün görkəmli ziyalıları – Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov və digər maarifçilərin yazıları və məktubları da çap olunurdu. Bu yazılar xalqın dünyagörüşünün genişlənməsinə, milli özünüdərkin güclənməsinə və yeni nəslin formalaşmasına mühüm təsir göstərirdi.

“Əkinçi” qəzetinin fəaliyyəti çoxsaylı çətinliklərlə müşayiət olunurdu. Maddi imkanların zəifliyi, oxucuların azlığı, əhalinin savadsızlığı və çar senzurasının sərt nəzarəti qəzetin inkişafına mane olurdu. Həsən bəy Zərdabi bir çox hallarda qəzeti öz şəxsi vəsaiti hesabına nəşr etdirir, bəzi nüsxələri isə oxuculara pulsuz paylayırdı. Bütün bu fədakarlıqlara baxmayaraq, çar hökumətinin təzyiqləri nəticəsində “Əkinçi” 1877-ci il 29 sentyabr tarixində fəaliyyətini dayandırdı. Cəmi iki il ərzində qəzetin 56 nömrəsi işıq üzü gördü.

Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” Azərbaycan milli mətbuatının gələcək inkişafına güclü təsir göstərdi. Onun yaratdığı ənənələr sonralar “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin” və digər qəzet və jurnallar tərəfindən davam etdirildi. Bu nəşrlər maarifçilik ideyalarını geniş yayaraq milli mətbuatın inkişafına böyük töhfə verdilər.

Azərbaycan Respublikasında hər il 22 iyul tarixi Milli Mətbuat Günü kimi qeyd olunur. “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının bünövrəsini qoyan ilk mətbu orqan olmaqla yanaşı, xalqın maariflənməsində, ana dilinin inkişafında, milli şüurun formalaşmasında və demokratik düşüncənin yayılmasında əvəzsiz rol oynamışdır. Həsən bəy Zərdabinin başladığı bu müqəddəs yol bu gün də Azərbaycan jurnalistikasının əsas dayaqlarından biri hesab edilir. “Əkinçi” yalnız bir qəzet deyil, xalqın tərəqqi və inkişaf ideallarını özündə yaşadan böyük bir maarifçilik məktəbi kimi tarixdə əbədi iz qoymuşdur.

Azərbaycan milli mətbuatı dövlət müstəqilliyinin bərpasından sonra yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə mətbuatın hüquqi əsaslarının möhkəmləndirilməsi, söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu siyasətin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xüsusi rolu olmuşdur.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik bərpa edildi və mətbuatın inkişafı üçün əlverişli şərait yaradıldı. Onun rəhbərliyi dövründə demokratik dəyərlərin möhkəmləndirilməsi, söz və fikir azadlığının təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.
Heydər Əliyevin milli mətbuat sahəsində ən mühüm addımlarından biri 1998-ci ildə Azərbaycanda kütləvi informasiya vasitələri üzərində dövlət senzurasının ləğv edilməsi oldu. Bu qərar mətbuatın daha sərbəst fəaliyyət göstərməsinə və jurnalistikanın inkişafına geniş imkanlar yaratdı. Eyni zamanda, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirildi, jurnalistlərin peşə fəaliyyətinin hüquqi müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Heydər Əliyev çıxışlarında dəfələrlə mətbuatın cəmiyyətin inkişafındakı rolunu vurğulayaraq onu demokratiyanın əsas sütunlarından biri kimi qiymətləndirirdi.

Prezident İlham Əliyev tərəfindən də milli mətbuatın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi davam etdirilmişdir. Onun rəhbərliyi dövründə informasiya cəmiyyətinin inkişafı, rəqəmsal medianın genişlənməsi və jurnalistlərin fəaliyyətinin dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
2008-ci ildə jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi-nin sələfi olan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu fond vasitəsilə media layihələri maliyyələşdirildi, jurnalistlərin peşəkarlığının artırılmasına dəstək göstərildi və müxtəlif müsabiqələr təşkil olundu.

Sonrakı illərdə media sahəsində islahatlar davam etdirildi. 2021-ci ildə Medianın İnkişafı Agentliyi yaradıldı və media sahəsində yeni idarəetmə mexanizmləri tətbiq edildi. Həmin il qəbul edilən Media haqqında Azərbaycan Respublikasının Qanunu media fəaliyyətinin hüquqi əsaslarını müasir tələblərə uyğunlaşdırdı.
Prezident İlham Əliyevin sərəncamları ilə Milli Mətbuat Gününün qeyd olunması, jurnalistlərin fəxri adlar və dövlət mükafatları ilə təltif edilməsi, media nümayəndələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilmişdir. Rəqəmsal texnologiyaların inkişafı ilə əlaqədar onlayn medianın inkişafına, informasiya təhlükəsizliyinin gücləndirilməsinə və peşəkar jurnalistikanın dəstəklənməsinə də xüsusi diqqət yetirilmişdir.

Heydər Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycan milli mətbuatının müstəqil inkişafı üçün möhkəm hüquqi və siyasi zəmin yaratmışdır. İlham Əliyev isə bu siyasəti davam etdirərək media sahəsində institusional islahatlar aparmış, rəqəmsal medianın inkişafına dəstək vermiş və jurnalistlərin fəaliyyətinin gücləndirilməsi istiqamətində yeni layihələr həyata keçirmişdir. Bu addımlar Azərbaycanın media sisteminin inkişafına və milli mətbuatın müasir çağırışlara uyğun fəaliyyət göstərməsinə mühüm töhfə vermişdir.

Nazim Eyvazov,

YAP Şərur rayon təşkilatının Tənənənəm kənd Ərazi Partiya təşkilatının sədri

Digər xəbərlər