Bu səmimi fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının yaranmasının 33 illiyi münasibətilə keçirilən tədbirdə dilə gətirildi.
Tədbirdə əvvəlcə təşkilatın sədri Həbib Cəfərov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və partiya fəalları rayonun mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq önünə gül dəstələri düzdülər.
Dövlət Himninin oxunması, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin, eləcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda özlərini fəda etmiş Vətən şəhidlərinin müqəddəs ruhları bir dəqiqəli sükutla anılmaqla başlanan tədbirdə
Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolunu əks etdirən video-çarxın nümayişi olundu.
Tədbirdə çıxış edən YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov partiyanın fəaliyyəti haqqında, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurlu davamından və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan nailiyyətlər barədə ətraflı danışdı. Həmçinin natiq rayon təşkilatının ötən illər ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynadığını, partiyanın ideyalarının təbliği və gənclərin bu dəyərlər ətrafında bir olması istiqamətində ardıcıl fəaliyyət göstərdiyini dedi.
Nəzrin Ağamalızadə Astara Pedaqoji Kollecində müəllimi kimi fəaliyyət göstərməklə, həm də Yeni Azərbaycan Partiyasının ən fəal üzvüdür. Onun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla dinlənildi: ”Dövlət başçısının rəhbərlik etdiyi Partiyamız ölkəmizin inkişafında, dövlət müstəqilliyinin möhkəmləndirilməsində və cəmiyyətin bütün təbəqələrini əhatə edən islahatların həyata keçirilməsində olduqca mühüm işlər görür. Onun fəaliyyət prinsipləri milli maraqlara, xalqın rifahına və dövlətçilik dəyərlərinə söykənir.”
Yeni Azərbaycan Partiyasının ölkəmizdə apardığı uğurlu dövlət siyasətinin həyata keçirilməsində, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunmasında müstəsna rolundan, həmçinin təhsil sahəsində aparılan islahatlardan söz açan Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımov xüsusi olaraq onu da bildirdi ki, bu möhtəşəm siyasi qüvvənin gördüyü işlər nəticəsində gənclərin milli-mənəvi dəyərlərə bağlı, yüksək bilikli və vətənpərvərlik ruhunda böyüməsi ölkəmizin gələcək inkişafı və davamlı tərəqqisi baxımından xüsusi əhəmiyyət kəsb edir.
“ Yeni Azərbaycan Partiyası cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd ətrafında birləşdirən böyük siyasi qüvvədir. Təşkilat öz 33 illik fəaliyyəti dövründə yalnız ölkənin inkişafı naminə çalışıb. Gələcək fəaliyyətində də ona uğurlar arzulayıram.” Bu fikirlər isə Astara Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadovun çıxışından götürülüb.
Onu da bildirim ki, tədbirdə ən yadda qalan məqam YAP sıralarına yeni qəbul olunmuş Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası Vəhimə Ağayevaya , şəhid Şahnur Hüseynovun anası Hədiyyə Hüseynovaya, şəhid Tarif Cəfərzadənin anası Mehparə Rukiyevaya üzvlük vəsiqələrin təqdimi oldu.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslər YAP Astara rayon təşkilatının fəxri fərmanları ilə təltif edildilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü