Xəzər rayonunda 44 günlük haqq savaşımızda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış Qasım Əli oğlu Abdulazadənin doğum günü münasibətilə tədbir keçirilib. Ölümsüzlüyə qovuşan qəhrəmanın məzarı ziyarət edilib, əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq önünə gül dəstələri qoyulub.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Rayon İcra Hakimiyyətinin şöbə müdirləri, Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namik Əhmədov, şəhidin ailə üzvləri-yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verərək onlara səbir diləyib. O, Azərbaycan Ordusunun qüdrətindən, qəhrəman zəfər şəhidlərinin Vətən uğrunda göstərdikləri misilsiz igidlik, vətənpərvərlik nümunələrdən danışıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman, Vətən qeyrətli övladlarının canları bahasına 30 il yağının əsarətində olan, 44 günə azad edilən ulu yurd yerimiz - Qarabağımızda bu gün üçrəngli Dövlət Bayrağımızın qürurla dalğalanması hər bir azərbaycanlıya böyük fəxarət mənbəyi olduğunu vurğulayıb. Çıxışlar zamanı o da, bildirilib ki, şəhidlərin xatirəsini əziz tutmaq, yaşatmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Qasım kimi igid oğlanların göstərdiyi hünər, Vətən sevgisi , ağır müharibə meydanındakı şücaəti, eləcə xalqımıza bəxş etdikləri qələbə Azərbaycan tarixinin səhifələrində ədədi yaşayacaq, zaman-zaman gələn nəsillərə örnək olacaq.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü