Tarix bəzən xalqların taleyini dəyişir, sərhədləri yenidən cızır, dövlətləri dağıdır, imperiyalar yaradır. Ancaq elə bir dəyər var ki, o, bütün bu dəyişikliklərin fövqündə dayanır. Bu, xalqın ana dilidir. Çünki dil sadəcə ünsiyyət vasitəsi deyil, dil millətin yaddaşıdır, düşüncə tərzidir, mənəvi pasportudur. Xalqın keçmişi də, bu günü də, gələcəyi də məhz ana dilində yaşayır. Azərbaycan xalqı əsrlər boyu müxtəlif tarixi sınaqlarla üzləşsə də, milli varlığını qoruyub saxlaya bilmişdir. Bunun əsas səbəblərindən biri Azərbaycan dilinin xalqın mənəvi həyatında daim aparıcı yer tutmasıdır. Bu dil yalnız gündəlik danışıq vasitəsi olmayıb; o, Dədə Qorqudun hikmətini, Nizaminin müdrikliyini, Füzulinin məhəbbət fəlsəfəsini, Xətainin dövlətçilik ideyalarını, Mirzə Cəlilin maarifçilik ruhunu, Üzeyir Hacıbəylinin musiqisini, Bəxtiyar Vahabzadənin vətən sevgisini nəsildən-nəslə çatdıran müqəddəs bir xəzinəyə çevrilmişdir. Məhz buna görə hər il avqustun 1-də ölkəmizdə qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü təqvimdəki növbəti əlamətdar tarix deyil. Bu gün milli kimliyimizə, tariximizə və dövlətçiliyimizə ehtiramın ifadəsidir. Bu gün bizi xalq edən, millət edən ən böyük mənəvi sərvətimizin bayramıdır. Lakin indi malik olduğumuz nailiyyətlər öz-özünə əldə edilməmişdir. Azərbaycan dilinin dövlət dili kimi bugünkü yüksək mövqeyə yüksəlməsi uzun illərin mübarizəsinin nəticəsidir.
XX əsrin 70-ci illərində Sovet İttifaqında milli dillərin sıxışdırılması siyasəti daha da güclənmişdi. Belə bir dövrdə ana dilini müdafiə etmək təkcə mədəni məsələ deyil, həm də böyük siyasi cəsarət tələb edirdi. Bir çox respublikalarda milli dillərin hüquqları arxa plana keçirilirdi. Belə mürəkkəb şəraitdə Azərbaycan xalqının taleyində həlledici rol oynayan Ulu Öndər Heydər Əliyev milli maraqları hər şeydən üstün tutaraq Azərbaycan dilinin müdafiəsində qətiyyətli mövqe nümayiş etdirdi. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəasının daxil edilməsi həmin dövrün siyasi reallıqları fonunda əsl tarixi hadisə idi. Bu addım təkcə hüquqi norma deyildi. Bu, milli iradənin, uzaqgörən siyasətin və gələcək müstəqil dövlətçiliyin möhkəm təməli idi. Tarix sonradan göstərdi ki, həmin qərar Azərbaycanın müstəqillik yolunda atılmış ən mühüm strateji addımlardan biri olmuşdur.
Müstəqillik bərpa olunduqdan sonra isə Azərbaycan dili dövlət quruculuğunun əsas dayaqlarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan qərarlar ana dilimizin hüquqi statusunu daha da möhkəmləndirdi. 1995-ci il Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit edilməsi, "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanın imzalanması, Dövlət Dil Komissiyasının yaradılması və "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi milli dil siyasətinin möhkəm hüquqi əsaslarını formalaşdırdı. Ən mühüm addımlardan biri də 1 avqustun Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilməsi oldu. Bu qərar ana dilimizin cəmiyyət həyatındakı yerini daha da möhkəmləndirdi, dilə dövlət səviyyəsində verilən yüksək dəyərin ifadəsinə çevrildi.
Bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir. Qloballaşma dövründə dillər arasında rəqabət güclənir, informasiya axını sərhəd tanımır, rəqəmsal texnologiyalar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilir. Belə bir şəraitdə Azərbaycan dilinin inkişafı artıq təkcə filoloqların deyil, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan dilinin elektron məkanda tətbiqinin artırılması, dilçiliyin inkişafına dair Dövlət Proqramının qəbul olunması, dövlət dili normalarına nəzarətin gücləndirilməsi, Azərbaycan dilinin qorunması istiqamətində yeni institusional mexanizmlərin yaradılması göstərir ki, ana dilimiz dövlətin daim diqqət mərkəzindədir. Lakin dövlət siyasəti yalnız hüquqi baza yaradır. Dilin əsl sahibi isə xalqdır. Əgər ailədə valideyn övladı ilə yad dildə danışmağa üstünlük verirsə, müəllim sinifdə nitq mədəniyyətinə diqqət yetirmirsə, jurnalist dil normalarını pozursa, sosial şəbəkələrdə kobud və yad sözlər adi hala çevrilirsə, heç bir qanun ana dilini tam qoruya bilməz. Dil ilk növbədə gündəlik istifadədə yaşayır və inkişaf edir. Bu baxımdan müəllimlərin məsuliyyəti xüsusilə böyükdür. Müəllim yalnız fənn öyrətmir. O, danışıq mədəniyyətini formalaşdırır, sözə münasibət yaradır, şagirddə ana dilinə sevgi aşılayır. Şagird dərslikdən əvvəl müəllimin nitqini dinləyir. Onun düzgün tələffüzünü, söz seçimini və ifadə tərzini mənimsəyir. Buna görə də müəllimin ana dilinə münasibəti gələcəyin vətəndaşının dilə münasibətini müəyyənləşdirir.
Bu gün Azərbaycan dili artıq təkcə ölkə daxilində deyil, dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımızın milli kimliyini yaşadan əsas mənəvi bağdır. Xaricdə doğulan azərbaycanlı uşağın ilk dəfə "ana", "Vətən", "Azərbaycan" sözlərini öz ana dilində deməsi milli yaddaşın davam etməsi deməkdir. Dil bu mənada coğrafi sərhədləri aşan mənəvi vətəndir. Ulu Öndər Heydər Əliyevin "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir" fikri bu gün də Azərbaycan dövlətinin dil siyasətinin fəlsəfəsini ifadə edir. Prezident İlham Əliyevin "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur" çağırışı isə hər birimizi ana dilimizin saflığını qorumağa səsləyən mənəvi manifest kimi səslənir. Ana dili yalnız keçmişdən bizə miras qalan sərvət deyil. O, həm də gələcək nəsillər qarşısında daşıdığımız əmanətdir. Bu əmanəti qorumaq üçün qanunlar lazımdır, dövlət qayğısı lazımdır, elm lazımdır, təhsil lazımdır. Amma bunlardan da əvvəl ana dilinə sevgi lazımdır. Çünki dili yaşadan lüğətlər deyil, insanlar; qanunlar deyil, gündəlik danışıq; sərəncamlar deyil, milli şüurdur.
Azərbaycan əlifbası və Azərbaycan dili günü bizə bir daha xatırladır ki, ana dilimizi qorumaq yalnız vəzifə deyil, həm də Vətənə sədaqətin ən gözəl ifadələrindən biridir. Dilimizi sevmək Azərbaycanı sevməkdir. Dilimizi qorumaq dövlətçiliyimizi qorumaqdır. Dilimizi inkişaf etdirmək isə gələcəyimizi möhkəmləndirmək deməkdir. Elə buna görə də hər bir azərbaycanlı ürəyində bir həqiqəti daim yaşatmalıdır: xalqın ən böyük sərvəti onun torpağıdırsa, o torpağın danışan ruhu onun ana dilidir.
Qismət Həbibov
YAP Biləsuvar rayon təşkilatı Yuxarı Ağalı kənd ərazi partiya təşkilatının sədri.