PDF Oxu

Siyasət

  • 572

Milli varlıq qalası və əbədi irs: ana dilimizin zəfər yolu - ŞƏRH

image

Hər bir xalqın milli kimliyini, mədəniyyətini və tarixi yaddaşını yaşadan ən qüdrətli vasitə onun ana dilidir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də müstəqil dövlətçiliyin təməl sütunlarından biridir. Avqust ayının 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün milli təfəkkürümüzün zəfəri, dövlətçilik tariximizin isə şanlı səhifələrindən biridir. Azərbaycan dilinin inkişafı, dövlət dili kimi mövqelərinin möhkəmlənməsi və saflığının qorunması Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Hələ Sovet hakimiyyəti illərində – 1978-ci ildə Ulu Öndərin böyük cəsarəti və siyasi iradəsi sayəsində Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi tarixi bir addım idi.Müstəqillik illərində isə ana dilimizin tətbiq sahəsinin genişləndirilməsi və latın qrafikalı əlifbaya tam keçidin təmin olunması strateji bir zərurətə çevrildi. Ümummilli Liderin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edildi. Bu Fərman yalnız bir təqvim gününün müəyyənləşdirilməsi deyil, ana dilimizə verilən mənəvi dəyərin və dövlət qayğısının bariz nümunəsi oldu. Bu gün dünya sürətlə qloballaşır. Rəqəmsal texnologiyaların, sosial şəbəkələrin və informasiya axınının sürətləndiyi bir dövrdə milli dillərin qorunması məsələsi daha kritik bir müstəviyə keçir. Qloballaşmanın mənfi təsirlərindən – yad sözlərin lüzumsuz axınından və ədəbi dil normalarının pozulmasından korlanmamaq üçün dilimizə xüsusi həssaslıqla yanaşılmalıdır. Ulu Öndərin müəyyənləşdirdiyi bu dil siyasəti bugün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dilinin elektron məkanda tətbiqinin genişləndirilməsi, terminologiya bazasının zənginləşdirilməsi və dil qaydalarına riayət olunması istiqamətində atılan addımlar dövlətin bu sahəyə diqqətinin bariz nümunəsidir. Mətbuatda, təhsildə, incəsənətdə, sosial şəbəkələrdə və gündəlik ünsiyyət mühitində Azərbaycan dilinin saflığını, ahəngini və zənginliyini qorumaq təkcə dövlət qurumlarının və dilçi alimlərin deyil, hər bir Azərbaycan vətəndaşının müqəddəs vicdan borcudur. Çünki dil yaşayan bir orqanizmdir; ona göstərilən qayğı milli ruhun diri qalması, dilə qarşı laqeydlik isə mənəvi köklərdən qopmaq deməkdir. Qloballaşan dünyada ana dilimizi texnologiyanın, elmin və rəqəmsal mühitin tələblərinə uyğun inkişaf etdirmək, eyni zamanda onun tarixi özünəməxsusluğunu zədələmədən gələcək nəsillərə təmiz, zəngin və bütöv şəkildə ötürmək milli varlığımızın davamlılığının başlıca zəmanətidir.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü yalnız bir təqvim bayramı deyil, ana dilimizə olan sonsuz sevgimizin, milli həmrəyliyimizin və dövlətçilik şüurumuzun təzahürüdür.

Nicat Ələkbərov
YAP Şahbuz rayon təşkilatının sədri

Digər xəbərlər