PDF Oxu

Siyasət

  • 831

Laçın yaşıl enerjinin əsas mərkəzlərindən birinə çevrilir - ŞƏRH

image

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə yanaşı, burada müasir və dayanıqlı enerji sisteminin formalaşdırılması da Azərbaycanın əsas prioritetlərindən biridir. Bu baxımdan Laçın xüsusi potensiala malikdir. Rayonun zəngin su ehtiyatlarından səmərəli istifadə olunması nəticəsində burada ardıcıl şəkildə yeni su elektrik stansiyaları yaradılır və Laçın Azərbaycanın yaşıl enerji məkanlarından birinə çevrilir.
Laçının enerji potensialının reallaşdırılması istiqamətində mühüm addımlardan biri Güləbird Su Elektrik Stansiyasının istifadəyə verilməsi olub. 2021-ci ildə generasiya gücü 8 meqavat olan stansiyanın işə salınması ilə rayonun enerji təminatının formalaşdırılması istiqamətində mühüm mərhələ başlanıb. Stansiyanın istehsal etdiyi elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndinin, Laçının cənub hissəsinin və ərazidə həyata keçirilən digər infrastruktur layihələrinin enerji təminatında mühüm rol oynayır.
Sonrakı illərdə Laçının enerji sisteminin gücləndirilməsi məqsədilə yeni layihələr həyata keçirilib. Hoçaz çayı üzərində yerləşən “Ağbulaq”, “Mişni” və “Alxaslı” su elektrik stansiyaları yenidən qurulub. “Mişni” və “Alxaslı” KSES-lər 2023-cü ilin avqustunda, “Zabux” və “Qarıqışlaq” KSES-lər isə 2024-cü ilin mayında istifadəyə verilib. Bu layihələr Laçının su ehtiyatlarından elektrik enerjisi istehsalında daha geniş istifadə edilməsinə imkan yaradıb.
2025-ci ildə Laçında “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının da açılışı olub. Hər iki stansiya Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndləri ərazisindən keçən hissəsində inşa edilib. Müasir avadanlıqlarla təchiz olunan stansiyalar ölkənin enerji sisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya olunub. Bu iki stansiyada il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulur ki, nəticədə təbii qaza qənaət edilir və atmosferə atılan karbon qazının həcmi azaldılır.
Laçının yaşıl enerji potensialının daha da genişləndirilməsi 2026-cı ildə də davam edib. İyulun 11-də Hoçaz çayı üzərində yerləşən “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” su elektrik stansiyalarının açılışı olub. Bununla Laçında yaradılan enerji infrastrukturunun gücü daha da artıb. Hazırda rayonun 8–10 MVt-lıq elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır, artıq istehsal olunan enerji isə ölkənin ümumi enerji sisteminə ötürülür.
Bu göstərici Laçının enerji siyasətində xüsusi əhəmiyyət daşıyır. Rayon yalnız öz tələbatını təmin edən ərazi deyil, eyni zamanda ölkənin enerji sisteminə yaşıl enerji ötürən məkan kimi formalaşır. Hazırda ümumi gücü 10,7 MVt olan daha üç yeni su elektrik stansiyasının tikintisi davam etdirilir və onların 2026-cı ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.
Laçının enerji potensialının perspektivləri də kifayət qədər genişdir. 2040-cı ildə rayonun elektrik tələbat gücünün 80 MVt-a çatacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan su elektrik stansiyaları nəzərə alınmaqla, Laçının gələcəkdə də elektrik enerjisinə olan tələbatının tam şəkildə yaşıl enerji hesabına qarşılanması nəzərdə tutulur. Bu isə rayonun uzunmüddətli inkişafında enerji təhlükəsizliyinin dayanıqlı əsaslarla təmin edilməsinə imkan verəcək.
Laçında yaşıl enerjinin inkişafı həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi siyasətinin tərkib hissəsidir. Su ehtiyatlarının enerji istehsalına cəlb edilməsi bir tərəfdən rayonun enerji təminatını gücləndirirsə, digər tərəfdən ənənəvi enerji resurslarından istifadənin azalmasına və ətraf mühitə təsirin minimuma endirilməsinə xidmət edir.
Bu layihələrin əhəmiyyəti yalnız istehsal olunan elektrik enerjisinin həcmi ilə ölçülmür. Yeni su elektrik stansiyalarının yaradılması Laçında iqtisadi fəaliyyətin genişlənməsi, yeni infrastrukturun enerji ilə təmin olunması və rayonun gələcək inkişafının etibarlı enerji bazasının formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Yaşıl enerji həm şəhərin, həm də rayonun yeni həyatının dayanıqlı əsaslarından birinə çevrilir.
Laçının enerji sahəsində əldə etdiyi nəticələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa siyasətinin müasir və innovativ xarakterini də nümayiş etdirir. İşğal dövründə infrastrukturu dağıdılan ərazi bu gün ən müasir enerji texnologiyalarının tətbiq olunduğu, təmiz və bərpaolunan enerji istehsal edən məkana çevrilir.
Bu baxımdan Laçının timsalında mühüm bir reallıq ortaya çıxır. Vaxtilə işğal və dağıntı ilə yadda qalan rayon bu gün yaşıl enerji istehsalı, enerji səmərəliliyi və dayanıqlı inkişaf istiqamətində yeni nümunə yaradır. Laçının su ehtiyatlarından əldə olunan enerji yalnız bu günün tələbatını ödəmir, həm də rayonun gələcək inkişafına hesablanmış dayanıqlı enerji sisteminin əsasını qoyur.
Beləliklə, Laçında yaradılan su elektrik stansiyaları Azərbaycanın Zəfərdən sonra həyata keçirdiyi quruculuq siyasətinin daha bir mühüm nəticəsidir. Rayonun öz enerji tələbatını yaşıl enerji hesabına ödəməsi və artıq enerjini ölkənin enerji sisteminə ötürməsi Laçının yeni inkişaf modelinin mühüm göstəricilərindən biridir. Bu proses davam etdikcə Laçın Azərbaycanın yaşıl enerji xəritəsində daha mühüm mövqe tutacaq.

Namiq Məmmədov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Xıllı qəsəbə İƏD üzrə nümayəndə

Digər xəbərlər