Azərbaycan Ordusu Prezidentinə, xalqına arxalanaraq 27 sentyabr 2020-ci il tarixində işğalçı dığalara qarşı 30 il əsarətdə qalan əzəli torpaqlarının azadlığı naminə haqq savaşına girdi. Və böyük şücaət, qəhrəmanlıq göstərərək 44 günə düşməni darmadağın etdi, şanlı zəfər qazanıldı. Xalqımız üçün qürur yerinə , ehtirama dönən həmin tarix Anım Günü kimi əbədi olaraq yaddaşlara yazıldı.
Respublikamızda bu münasibətlə hər ilə silsilə tədbirlər keçirilir. Lerik Dövlət Aqrar İnkişaf Mərkəzində Lerik Rayon Mədəniyyət Mərkəzi ilə birgə təşkil edilən tədbir də Anım Gününə həsr olunmuşdu.
Tədbirdə ölkəmizə qarşı növbəti hərbi təcavüzün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-də başlanılmış zəfər yolundan geniş danışıldı . Bildirildi ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endirdi və möhtəşəm qələbə qazanıldı.
Tədbirdə qələbənin qeyrətli oğulların qanı və canı bahasına əldə edilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyi diqqətə çatdırıldı.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü