PDF Oxu

Siyasət

  • 1 174

Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələnin başlanğıcı

image

“Bu gün Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası fonunda regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsindən, azad Qarabağımızın və azad Şərqi Zəngəzurumuzun dirçəlməsi ilə Böyük Qayıdış Proqramının uğurlu icrasından qürurla bəhs edirik. Təbii ki, bu uğurların, zəfərlərin bir başlanğıc nöqtəsi vardır. 1991-ci ilin 18 oktyabr tarixində müstəqlliyini bərpa edən Azərbaycanın ilk illərdə yaşadığı faciələr, təhlükələr məlumdur. O illər, xüsusilə 1992-ci ildən 1993-cü ilin iyun ayınadək olan mərhələ siyasi xaos və idarəçilik böhranı, hərbi uğursuzluqlar, sosial-iqtisadi tənəzzül dövrü kimi xarakterizə edilir. Dövlət təsisatlarının iflic olması, daxili çəkişmələr, hakimiyyət daxilindəki şəxsi ambisiyaların dövlət maraqlarından üstün tutulması və idarəçilik təcrübəsinin, Ermənistanın təcavüzü qarşısında vahid komandanlığın olmaması, ordunun siyasətə qarışması və nəticədə torpaqlarımızın işğal altına düşməsi, iqtisadiyyatın tamamilə çökməsi, işsizlik, əhalinin sosial vəziyyətinin ağırlaşması, cəmiyyətdə sabaha olan inamın və ümidin tamamilə itməsi həmin dövrün reallıqları idi. Azərbaycan xalqı bu çətin vəziyyətdən xilası Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayının 9-da Bakıya gələn Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək ölkəni daxili xaosdan, vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən qurtardı. 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə xilaskarlıq missiyasının təməli qoyuldu. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri isə Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, 1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi: “Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Ulu Öndər Heydər Əliyevdən imdad istədi. Bu reallıq inkaredilməzdir ki, müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadim Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, habelə Laçın, Şuşa xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Bütün bunlar ona görə baş verirdi ki, əvvəlcə Vəzirov-Mütəllibov rejimi, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışdı və bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Nəticədə ölkəni uçuruma apardılar. Azərbaycanı fəlakətin bir addımlığında qoyub qaçdılar”.
Malik Həsənov vurğulayıb ki, 3 oktyabr 1993-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilən Ulu Öndər Heydər Əliyev oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı: “Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadənin təmin edilməsinə xüsusi önəm verdi. Neft amili ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynadı. Ulu Öndərin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi və siyasi müstəqilliyi təmin edildi. Ölkəmiz yeni tərəfdaşlar qazandı. Birgə səylər, təcrübə mübadiləsi qarşıya qoyulan məqsədlərə nail olmağa stimul verdi. Bu gün Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanıb. Bu günlərdə ölkəmizin ev sahibliyi etdiyi II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bu reallıqları bir daha təsdiqlədi”.
Millət vəkili bildirib ki, Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir: “Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində kiçik bir ölkə dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Ümummilli Liderin təcrübəli və müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başlamış və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrilmişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Ümummilli Lider tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz Onun gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönələn məqsədyönlü, sistemli və davamlı addımlar atıldı və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ulu Öndər bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələrin və bəyanatların qəbul edilməsinə nail oldu”.
Malik Həsənov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini sadalamaqla bitməz: “Məhz Onun xalqa 1 oktyabr 2003-cü il tarixli müraciəti bugünkü və gələcək inkişafın əsası oldu. Ulu Öndər həmin müraciətində cənab İlham Əliyevə özü qədər inandığını bildirərək axıra çatdıra bilmədiyi planları, işləri Onun həyata keçirəcəyinə əminliyini ifadə etdi. Ümummilli Liderin ən böyük arzusu Şuşanı, Qarabağı, Zəngəzuru azad görmək idi. Prezident İlham Əliyev böyük səyləri, qətiyyəti sayəsində bu arzunu reallığa çevirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tariximizin Zəfər səhifələrini yazdı. Şanlı Qələbəmizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar Azərbaycanın qarşısında yeni imkanlar açır”.
Millət vəkili bildirib ki, ümumiləşdirilmiş şəkildə qeyd etsək, 3 oktyabr 1993-cü il müasir müstəqil Azərbaycanın dövlətçilik tarixində qürurlu bir mərhələnin başlanğıcı, dönüş nöqtəsidir. Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycanı dünyaya qalib, suveren ölkə kimi təqdim edən Prezident İlham Əliyev yeni dövrün hədəflərini açıqlayarkən bu inamı ifadə etdi ki, indi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub.

Digər xəbərlər