PDF Oxu

Siyasət

  • 952

Strateji düşüncə və uzaqgörən idarəetmə: Heydər Əliyevin dövlətçilik təcrübəsi - ŞƏRH

image

Dövlət idarəçiliyində ən çətin vəzifələrdən biri bugünün problemlərini həll edərkən sabahın imkanlarını da yaratmaqdır. Böhran şəraitində bütün diqqətin təcili məsələlərə yönəlməsi başadüşüləndir. Lakin gələcək barədə düşünülmədikdə əldə olunan sabitlik də möhkəm əsas qazana bilmir. Heydər Əliyevin idarəçilik təcrübəsi gündəlik vəzifələrlə uzunmüddətli məqsədlərin necə əlaqələndirilə biləcəyini göstərir. Onun qərarlarında vəziyyətin düzgün qiymətləndirilməsi, prioritetlərin müəyyənləşdirilməsi və nəticəyə çatmaq üçün ardıcıl fəaliyyət xüsusi yer tuturdu.
3 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Ulu Öndərin qarşısında bir-biri ilə bağlı ağır vəzifələr dayanırdı. Ölkədə siyasi sabitlik təmin edilməli, dövlətin müdafiə imkanları gücləndirilməli, iqtisadi tənəzzülün qarşısı alınmalı və işlək idarəetmə sistemi qurulmalı idi. Bunların hamısı vacib olsa da, həyata keçirilməsi düzgün ardıcıllıq tələb edirdi. Heydər Əliyev dövlət quruculuğuna məhz belə yanaşırdı: hər addım növbəti addımın həyata keçirilməsi üçün şərait yaratmalı idi.
İlk növbədə, dövlət hakimiyyətinin nüfuzu və idarəetmənin bütövlüyü bərpa olunmalı idi. Silahlı qarşıdurmanın və daxili qeyri-sabitliyin davam etdiyi şəraitdə iqtisadi islahat aparmaq, sərmayə cəlb etmək və sosial problemləri həll etmək çətin idi. Sabitliyin təmin olunması buna görə bütün digər işlərin başlanğıc şərti sayılırdı. Ulu Öndərin qərarlarında böhranın ayrı-ayrı əlamətləri ilə yanaşı, onu yaradan səbəblərin aradan qaldırılması da əsas yer tuturdu.
Heydər Əliyevin idarəçilik üslubunda vəziyyətlə yaxından tanış olmaq mühüm xüsusiyyət idi. Problemin mahiyyətini anlamaq üçün məlumatları dinləmək, fərqli mövqeləri müqayisə etmək və qəbul ediləcək qərarın nəticələrini qiymətləndirmək lazım gəlirdi. Bu yanaşma rəhbərliyin məsuliyyətini artırırdı. Tapşırıq verməklə kifayətlənmək əvəzinə, onun necə yerinə yetiriləcəyini və hansı nəticə yaradacağını müəyyənləşdirmək ön plana çıxırdı.
Uzaqgörən idarəetmənin mühüm nümunələrindən biri milli kadr potensialına diqqət idi. Heydər Əliyev Azərbaycana ilk rəhbərliyi dövründən gənclərin müxtəlif ixtisaslar üzrə hazırlanmasına əhəmiyyət verirdi. İqtisadi inkişaf üçün müəssisələrin və infrastrukturun yaradılması vacib idi, lakin onları işlədəcək mütəxəssislər də yetişdirilməli idi. Bu fəaliyyətin nəticələri sonrakı illərdə daha aydın göründü. Hazırlanmış kadrlar müstəqil Azərbaycanın idarəetmə, istehsal və quruculuq işlərində iştirak etdilər.
Müstəqillik dövründə enerji strategiyası da uzunmüddətli planlaşdırmanın ifadəsi oldu. 1994-cü il sentyabrın 20-də Əsrin müqaviləsinin imzalanması təbii sərvətlərin ölkənin inkişafına yönəldilməsi üçün yeni imkan açdı. Lakin yataqların işlənməsi ümumi strategiyanın yalnız bir hissəsi idi. Neftin xarici bazarlara çıxarılması, beynəlxalq tərəfdaşlarla əlaqələrin qurulması və gələcək iqtisadi imkanların genişləndirilməsi də düşünülməli idi. İstehsal və ixrac bir-birini tamamlayan proseslər kimi planlaşdırılırdı.
Bu yanaşmada risklərin nəzərə alınması da vacib idi. Azərbaycanın yerləşdiyi regionda müxtəlif siyasi və iqtisadi maraqlar mövcud idi. Böyük layihələrin həyata keçirilməsi həmin maraqların qiymətləndirilməsini, tərəfdaşların düzgün seçilməsini və milli məqsədlərin qorunmasını tələb edirdi. Heydər Əliyevin diplomatik fəaliyyəti iqtisadi qərarların icrasına şərait yaradırdı. Dövlət idarəçiliyində daxili quruculuqla xarici siyasətin əlaqəsi belə formalaşırdı.
Ulu Öndərin strateji baxışı hüquqi dövlət quruculuğunda da özünü göstərdi. Müstəqil ölkənin fəaliyyəti yeni hüquqi əsaslara söykənməli idi. 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi dövlətin quruluşunu və fəaliyyət prinsiplərini müəyyənləşdirdi. Bu, gələcək idarəetmənin qanunlar və institutlar əsasında təşkili üçün mühüm addım idi. Dövlətin möhkəmliyi yalnız rəhbərin qərarlarından deyil, həmin qərarların işlək hüquqi sistemə çevrilməsindən də asılıdır.
Planlaşdırmanın digər tərəfi resurslarla məqsədlər arasında uyğunluq yaratmaqdır. Ağır iqtisadi vəziyyətdə olan ölkənin bütün problemlərini eyni vaxtda həll etmək mümkün deyildi. Buna görə hansı sahənin inkişafının başqa sahələrə də imkan yaradacağı müəyyənləşdirilməli idi. Heydər Əliyevin siyasətində iqtisadi bərpa, təhlükəsizlik və dövlət institutlarının möhkəmləndirilməsi bir-birini gücləndirirdi. İnkişafın əsas dayaqları qurulduqca daha geniş islahatlar aparmaq üçün şərait yaranırdı.
Bu idarəçilik təcrübəsinin mühüm cəhəti qərarların davamlı nəticəyə hesablanması idi. Dövlət üçün yalnız bir layihənin başa çatması deyil, onun sonrakı fəaliyyətə verdiyi töhfə də əhəmiyyət daşıyır. Müəssisə istehsal imkanını artırmalı, təhsil gələcəyin mütəxəssisini yetişdirməli, beynəlxalq müqavilə uzunmüddətli əməkdaşlığa xidmət etməli idi. Belə yanaşma görülən işlər arasında əlaqə yaradır və dövlətin imkanlarını mərhələli şəkildə genişləndirirdi.
Heydər Əliyevin müəyyənləşdirdiyi əsaslar Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələblərinə uyğun inkişaf etdirilir. İqtisadi gücün müdafiə qabiliyyətinə, infrastrukturun istehsal və xidmət imkanlarına, beynəlxalq əlaqələrin isə yeni əməkdaşlıq layihələrinə çevrilməsi strateji ardıcıllığın əhəmiyyətini göstərir. Dövlətin uzunmüddətli məqsədlərinə çatması üçün hazırlıq, resurs və siyasi iradə birlikdə işləməlidir.
3 oktyabr 1993-cü ildə xalqımız ölkənin gələcəyini məhz belə idarəçilik təcrübəsinə etibar etdi. Heydər Əliyev qarşıdakı təhlükələri görməklə yanaşı, Azərbaycanın həmin təhlükələrdən çıxaraq hansı imkanlara sahib ola biləcəyini də düşünürdü. Onun dövlətçilik təcrübəsinin əsas dərsi budur: uzaqgörən qərar bugünkü çətinliyi həll edərkən gələcək inkişafın yolunu da açmalıdır. Azərbaycanın keçdiyi quruculuq yolu bu yanaşmanın nəticələrini göstərir.

Abasqulu İskəndərli,
YAP Neftçala rayon təşkilatının veteran üvzü

Digər xəbərlər