PDF Oxu

Siyasət

  • 1 206

"Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafındakı rolu artır"

"Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafındakı rolu artır"

Beyləqan rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.Tədbirdən əvvəl iştirakçılar müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Beyləqan rayonunda ucaldılmış abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.
YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan, ölkənin ictimai-siyasi həyatındakı aparıcı rolundan və qazandığı nailiyyətlərdən bəhs edib.
O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının 34-cü ildönümü ölkəmizin Zəfər tarixinin altıncı ilinin sevincinin yaşandığı bir dövrə təsadüf edir. Bu gün Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionun lider dövlətinə çevrildiyi, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğu, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndiyi diqqətə çatdırılıb. Bildirilib ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə suverenliyimizin tam bərpası xalqımızın milli birliyinin, dövlət-xalq həmrəyliyinin və güclü siyasi iradənin təntənəsidir.
O, Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 2-də keçirilmiş YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərə toxunaraq 8 Noyabr və 20 Sentyabr tarixlərinin Azərbaycanın müasir tarixində müstəsna əhəmiyyət daşıdığını qeyd edib. O, qarşıda duran əsas vəzifələrin dövlətimizin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin qorunması, insan kapitalının inkişafı və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi olduğunu bildirib.
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyətinin ölkəmizin müstəqillik tarixi ilə vəhdət təşkil etdiyini bildirib. O qeyd edib ki, bu gün sıralarında 760 mindən artıq üzvü birləşdirən YAP ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur və ötən illər ərzində öz siyasi nüfuzunu, monolitliyini və xalqın etimadını daha da möhkəmləndirib.
Əziz Əzizov vurğulayıb ki, partiyanın bütün seçkilərdə qazandığı uğurlar vətəndaşların Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə, ölkənin gələcək inkişafına olan inamının göstəricisidir. O, Ulu Öndər Heydər Əliyevin ideyalarının bu gün də yaşadığını və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Daha sonra Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, partiya veteranı Azər Əliyev və Namiq Allahverdiyev adına Beyləqan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Gülbəniz Cəfərova çıxış ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının əhəmiyyəti, Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafındakı rolu və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlər vurğulanıb. Natiqlər partiyanın bundan sonra da ölkəmizin tərəqqisinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə və milli maraqlarımızın qorunmasına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Sonra bir qrup partiya veteranına fəxri fərman təqdim olunub, partiya sıralarına yeni qəbul edilmiş gənclərə isə üzvlük vəsiqələri verilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər