1992-ci il noyabrın 21-də Azərbaycan siyasi tarixində mühüm hadisə baş verdi. Həmin gün Naxçıvan şəhərində keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransı ölkənin gələcək siyasi inkişafında yeni mərhələnin əsasını qoydu. Azərbaycanın mürəkkəb ictimai-siyasi vəziyyətlə üzləşdiyi, dövlət müstəqilliyinin ciddi təhlükələrlə qarşılaşdığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası xalqın sabitlik, milli birlik və güclü dövlətçilik arzularının siyasi ifadəsinə çevrildi. Partiyanın yaradılması ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyət daşıyırdı.
Yeni Azərbaycan Partiyasının yaranması təsadüfi siyasi hadisə deyil, zamanın zərurətindən irəli gələn tarixi qərar idi. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və xalq arasında böyük nüfuzu yeni siyasi təşkilatın qısa müddətdə geniş ictimai dəstək qazanmasını təmin etdi. Partiyanın əsas məqsədi müstəqil Azərbaycanın qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, ölkədə siyasi sabitliyin təmin edilməsi və demokratik inkişafın təşviqi idi. Məhz bu prinsiplər YAP-ın fəaliyyətinin ideoloji əsasını təşkil etdi.
Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri partiyanın tarixi missiyasını və gələcəyə hesablanmış siyasi strategiyasını aydın şəkildə ifadə edir. Bu fikir yalnız yarandığı dövrün siyasi reallıqlarını deyil, həm də partiyanın sonrakı inkişaf mərhələlərini əhatə edir. YAP ötən illər ərzində Azərbaycanın ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilərək dövlət quruculuğu prosesində mühüm rol oynayıb. Bu gün partiyanın sıralarında müxtəlif nəsillərin, peşə sahiblərinin və ictimai təbəqələrin nümayəndələrinin təmsil olunması onun cəmiyyətdəki mövqeyinin göstəricisidir.
Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun davam etdirilməsi müasir Azərbaycanın inkişafının əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Heydər Əliyev ideyalarının müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsinə xidmət edir. Dövlətçilik ənənələrinin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, beynəlxalq mövqelərin gücləndirilməsi və milli maraqların ardıcıl müdafiəsi bu siyasi xəttin başlıca istiqamətləridir. Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır və ölkənin əldə etdiyi uğurlar bu siyasətin davamlılığını nümayiş etdirir.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı çıxışında partiyanın qarşısında duran vəzifələrə, dəyişən dünya reallıqlarına və Azərbaycanın yeni inkişaf mərhələsinə diqqət çəkib. Bu çıxışda səsləndirilən fikirlər bir daha təsdiq edir ki, YAP yalnız keçmiş nailiyyətləri ilə kifayətlənən siyasi təşkilat deyil, daim yenilənən, müasir çağırışlara uyğunlaşan və gələcəyə istiqamətlənən bir partiyadır.
Müasir dövrdə siyasi partiyaların qarşısında duran əsas tələblərdən biri dəyişən ictimai münasibətləri, texnoloji yenilikləri, informasiya mühitini və beynəlxalq prosesləri düzgün qiymətləndirməkdir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının Proqramında müasir tendensiyaların və regionda yaranmış yeni reallıqların nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra yaranmış yeni geosiyasi şərait partiyanın qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, Böyük Qayıdışın təmin edilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi və gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması bu hədəflər sırasında mühüm yer tutur.
Partiyanın yeni Proqramı ölkənin uzunmüddətli inkişaf prioritetlərini özündə əks etdirməklə yanaşı, milli maraqların qorunmasını və müasir idarəetmə prinsiplərinin tətbiqini də ön plana çəkir. Rəqəmsallaşma, innovasiyaların təşviqi, insan kapitalının inkişafı, ekoloji təhlükəsizlik və beynəlxalq əməkdaşlığın genişləndirilməsi kimi istiqamətlər Azərbaycanın gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu vəzifələrin həyata keçirilməsində YAP-ın üzərinə düşən məsuliyyət də kifayət qədər böyükdür.
Bu gün Yeni Azərbaycan Partiyası 1992-ci ildə müəyyənləşdirilmiş siyasi və ideoloji prinsiplərə sadiq qalaraq yeni dövrün çağırışlarına uyğun fəaliyyətini davam etdirir. Partiyanın dünəni onun zəngin tarixi təcrübəsini, bu günü qazandığı siyasi mövqeyi, gələcəyi isə qarşıya qoyduğu strateji məqsədləri ifadə edir. Əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən siyasi xətt Azərbaycanın gələcək uğurlarına xidmət edən mühüm amillərdən biri olaraq qalacaq. Yeni Azərbaycan Partiyası da öz tarixi missiyasına uyğun olaraq dünənin irsini, bu günün reallıqlarını və gələcəyin hədəflərini vahid inkişaf strategiyasında birləşdirən siyasi təşkilat kimi fəaliyyətini davam etdirəcək.
Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini