Azərbaycanın müasir siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də yaranaraq ölkənin ictimai-siyasi həyatında mühüm mərhələnin əsasını qoymuşdur. Yarandığı gündən etibarən partiyanın fəaliyyətinin mərkəzində dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi, siyasi sabitliyin təmin olunması və Azərbaycanın davamlı inkişafı dayanmışdır. Arxada qalan illər ərzində YAP həm təşkilati baxımdan inkişaf etmiş, həm də ölkənin siyasi həyatında əhəmiyyətli mövqeyə sahib olmuşdur.
Partiyanın yaradılması Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərin mürəkkəb siyasi reallıqları ilə birbaşa bağlı idi. Ölkədə mövcud olan qeyri-sabitlik, iqtisadi çətinliklər, hərbi təcavüz və hakimiyyət böhranı xalqı yeni siyasi alternativ axtarmağa sövq edirdi. Belə bir zamanda Azərbaycanın tanınmış ziyalıları Ümummilli Lider Heydər Əliyevin ətrafında birləşərək yeni siyasi təşkilatın yaradılması təşəbbüsünü irəli sürdülər. 91 nəfər ziyalının müraciəti ilə başlanan proses noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı ilə nəticələndi. Konfransda Heydər Əliyev partiyanın Sədri seçildi və təşkilatın gələcək fəaliyyətinin əsas istiqamətləri müəyyənləşdirildi.
YAP-ın yaranmasından sonrakı ilk dövr ölkədə dövlətçiliyin qorunması və siyasi sabitliyin bərpası uğrunda mübarizə ilə səciyyələnirdi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın parçalanması təhlükəsinin aradan qaldırılmasında, dövlət idarəçiliyinin möhkəmləndirilməsində və iqtisadi inkişafın təməlinin yaradılmasında mühüm rol oynadı. Sonrakı illərdə həyata keçirilən islahatlar, beynəlxalq müqavilələr, yeni qanunvericilik bazasının formalaşdırılması və iqtisadi layihələr ölkənin inkişafına geniş imkanlar açdı.
Yeni Azərbaycan Partiyasının sonrakı inkişaf mərhələsi onun rəhbərliyində və fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərlə də əlamətdar oldu. 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi ilə ölkədə həyata keçirilən siyasi və iqtisadi kursun davamlılığı təmin edildi. 2005-ci ildə keçirilən III qurultayda İlham Əliyevin partiyanın Sədri seçilməsi YAP-ın fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Bu dövrdən etibarən təşkilat qarşısında dayanan əsas vəzifələrdən biri müasir siyasi proseslərə uyğunlaşmaq, yeni nəsillərlə işləmək və cəmiyyətin dəyişən tələblərinə cavab vermək idi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı inkişaf strategiyası həyata keçirildi. Regionların sosial-iqtisadi inkişafı proqramları, yeni yolların, körpülərin, məktəblərin və xəstəxanaların tikintisi, sənaye müəssisələrinin yaradılması, enerji və nəqliyyat infrastrukturunun yenilənməsi ölkənin iqtisadi potensialını artırdı. Azərbaycanın beynəlxalq layihələrdə iştirakı və təşəbbüsləri onun regional və qlobal səviyyədə mövqelərini gücləndirdi.
Bu dövrdə Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini yeni ictimai-siyasi şəraitə uyğunlaşdırmağa çalışdı. Partiyanın təşkilati strukturlarının gücləndirilməsi, gənclərin siyasi proseslərdə iştirakının təşviqi, qadınların ictimai fəallığının artırılması və müxtəlif sosial qruplarla işin genişləndirilməsi əsas fəaliyyət istiqamətləri sırasında yer aldı. Partiyanın müxtəlif qurultaylarında qəbul olunan qərarlar onun gələcək fəaliyyətinin prioritetlərini müəyyənləşdirdi.
Hacı Məmmədov
YAP Kəngərli rayon təşkilatının fəalı