PDF Oxu

Siyasət

  • 1 019

Hərbi-siyasi qələbədən sosial-iqtisadi yüksəlişə

Hərbi-siyasi qələbədən sosial-iqtisadi yüksəlişə

Ağdam Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi və böyük iqtisadi potensialı ilə seçilən Qarabağ torpağının mühüm yaşayış məntəqələrindən biridir. Əsrlər boyu özünəməxsus ənənələri, münbit torpaqları, tarixi abidələri və zəhmətkeş insanları ilə tanınan bu şəhər xalqımızın yaddaşında xüsusi yer tutur. 20 Noyabr – Ağdam Şəhəri Günü isə torpaqlarımızın işğaldan azad olunmasını, tarixi ədalətin bərpasını və doğma yurda qayıdışın başlanmasını təcəssüm etdirir.

Ağdamın müasir tarixinin ən ağır səhifəsi Ermənistanın hərbi təcavüzü nəticəsində rayonun böyük hissəsinin işğal olunması ilə bağlıdır. 1993-cü il iyulun 23-də 42 gün davam edən ağır döyüşlərdən sonra rayon ərazisinin 73 faizi işğal edildi, 1094 kvadratkilometr ərazinin 882 kvadratkilometri, rayon mərkəzi və 90 kənd düşmən nəzarətinə keçdi. Nəticədə 128 min insan doğma yurdunu tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən artıq soydaşımız şəhid oldu, minlərlə insan yaralandı. İşğal illərində Ermənistan silahlı qüvvələri şəhərin yaşayış evlərini, məktəblərini, mədəniyyət və səhiyyə müəssisələrini, tarixi və dini abidələrini dağıdaraq onu xarabalığa çevirdi. Ağdamın mədəni irsinin talan edilməsi, tarixi toponimlərin dəyişdirilməsi, mülkiyyətin mənimsənilməsi və yaşayış məntəqələrinin dağıdılması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdam rayonu və Azərbaycanın digər işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Ermənistan uzun illər beynəlxalq hüququn tələblərinə əməl etmədi. Şəhərin məruz qaldığı dağıntıların miqyasına görə Ağdamın “Qafqazın Xirosiması” adlandırılması erməni vandalizminin acı mənzərəsini bütün dünyaya nümayiş etdirirdi.
Azərbaycan xalqının tarixi ədalətə qovuşması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə başlanan Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərlə mümkün oldu. 44 günlük müharibədə Azərbaycan Ordusunun nümayiş etdirdiyi qəhrəmanlıq, xalqımızın birliyi və dövlətimizin siyasi iradəsi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal altında qalan əraziləri Azərbaycana təhvil verildi. Beləliklə, Ağdamın azadlığı təmin edildi və uzun illər doğma yurd həsrəti ilə yaşayan sakinlərin qayıdışına yol açıldı. Bu hadisə həm də Azərbaycan diplomatiyasının və dövlət başçısının qətiyyətli siyasətinin mühüm nəticəsi idi. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalının təsis edilməsi, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 5790 hərbi qulluqçunun bu medalla təltif olunması Ağdamın azadlığı uğrunda xidmət göstərən qəhrəman hərbçilərin fədakarlığına verilən yüksək qiymətdir. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 20-sinin Ağdam Şəhəri Günü kimi müəyyən edilməsi isə bu tarixi hadisənin milli yaddaşımızda əbədiləşdirilməsinə xidmət edir.
İşğaldan azad edildikdən sonra Ağdamda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılması dövlətimizin Qarabağın dirçəldilməsi strategiyasının mühüm istiqamətinə çevrildi. Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” şəhərin gələcək simasını və inkişaf prioritetlərini müəyyənləşdirən əsas sənəddir. İşğaldan azad edilmiş şəhərlər arasında ilk təsdiqlənən baş plan əsasında Ağdamda müasir yaşayış məhəllələri, sosial obyektlər, yollar, parklar, istehsal və xidmət infrastrukturu yaradılır. Şəhərin beş yaşayış məhəlləsi üzrə nəzərdə tutulan layihələr mərhələli şəkildə həyata keçirilir. Artıq iki məhəllənin açılışı olub, digər məhəllələrin təməli qoyulub. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin birinci mərhələlərinin istifadəyə verilməsi, Qiyaslı, Salahlı Kəngərli, Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şoltanlı və Eyvazxanbəyli kəndlərində aparılan tikinti işləri Böyük Qayıdışın miqyasını nümayiş etdirir. Əsas məqsəd yalnız dağıdılmış yaşayış məntəqələrini yenidən qurmaq deyil, həm də insanların rahat, təhlükəsiz və müasir şəraitdə yaşaması üçün dayanıqlı mühit formalaşdırmaqdır. Baş plana əsasən, 2040-cı ilədək Ağdamın əhalisinin 100 min nəfərə çatdırılması nəzərdə tutulur.
Ağdamın iqtisadi dirçəlişində sənaye potensialının bərpası xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı bu istiqamətdə həyata keçirilən mühüm layihələrdəndir. Parkın əsas məqsədi Qarabağın istehsal imkanlarını genişləndirmək, sahibkarlığı dəstəkləmək, yeni iş yerləri yaratmaq və regionun iqtisadiyyatını şaxələndirməkdir. Təqdim olunan göstəricilərə görə, burada 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib, müəssisələrin yaradılmasına 260 milyon manatdan artıq investisiya nəzərdə tutulub. Artıq bir sıra istehsal müəssisələri fəaliyyətə başlayıb, digərlərində tikinti işləri davam etdirilir. Bu layihələr Ağdamın iqtisadi həyatının canlanmasına, yerli əhalinin məşğulluğunun artmasına və bölgədə yeni sahibkarlıq mühitinin formalaşmasına mühüm töhfə verir.
Beləliklə, artıq Ağdam Azərbaycanın hərbi-siyasi Zəfərinin iqtisadi və sosial dirçəlişlə tamamlandığı mühüm məkanlardan birinə çevrilir. Vaxtilə erməni vandalizminin qurbanı olan şəhər indi müasir yaşayış məhəllələri, istehsal müəssisələri, nəqliyyat qovşaqları, sosial obyektləri və turizm infrastrukturu ilə yenidən qurulur. Prezident İlham Əliyevin Ağdamın bərpası ilə bağlı verdiyi vədlərin ardıcıl həyata keçirilməsi dövlətimizin gücünü, xalqımızın quruculuq əzmini və milli həmrəyliyini nümayiş etdirir. 20 Noyabr – Ağdam Şəhəri Günü yalnız işğaldan azad olunmanın ildönümü deyil, həm də tarixi ədalətin təntənəsi, doğma yurda qayıdışın və yeni həyatın rəmzidir. Bu gün Ağdamın hər yeni binası, abadlaşan küçəsi, fəaliyyətə başlayan müəssisəsi Azərbaycanın Zəfər salnaməsinə yazılan növbəti uğur səhifəsidir. Xarabalıqlar üzərində yüksələn yeni Ağdam xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin qüdrətinin və gələcəyə inamının parlaq ifadəsidir.

Nurlan Həsənov
Milli Məclisin deputatı

Digər xəbərlər