PDF Oxu

Siyasət

  • 322

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır - ŞƏRH

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır - ŞƏRH

Azərbaycanın müasir siyasi tarixində özünəməxsus yeri və rolu olan Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin mürəkkəb ictimai-siyasi şəraitində obyektiv zərurətdən irəli gəlirdi. 1990-cı illərin əvvəllərində respublikada hökm sürən siyasi qeyri-sabitlik, idarəetmədəki böhran, iqtisadi çətinliklər və dövlət müstəqilliyinin təhlükə altında olması xalqı milli maraqları müdafiə edə biləcək, ölkəni böhrandan çıxararaq inkişaf yoluna istiqamətləndirəcək siyasi qüvvənin formalaşmasına sövq edirdi. Belə bir tarixi şəraitdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yaradıldı.

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilən təsis qurultayı Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Partiyanın yaradılması yalnız yeni siyasi təşkilatın formalaşması deyil, eyni zamanda, milli dövlətçilik ideyalarının, siyasi sabitliyin və müstəqil Azərbaycanın gələcək inkişaf strategiyasının əsaslarının müəyyənləşdirilməsi baxımından mühüm tarixi hadisə idi. Ulu Öndər Heydər Əliyevin zəngin siyasi təcrübəsi, uzaqgörənliyi və xalqına bağlılığı Yeni Azərbaycan Partiyasını qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevirdi.
Yeni Azərbaycan Partiyasının siyasi gücünün əsas mənbəyi xalqın etimadı və dəstəyidir. Təsadüfi deyil ki, YAP yarandığı ilk gündən xalqın partiyası kimi qəbul olunub. Partiyanın fəaliyyətində dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, vətəndaşların rifahının yüksəldilməsi və Azərbaycanın müstəqil siyasətinin təmin olunması başlıca istiqamətlər təşkil edib. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs ölkəmizin davamlı inkişafının, ictimai-siyasi sabitliyin və beynəlxalq nüfuzunun möhkəmləndirilməsinin fundamental əsasına çevrilib. Bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndərin siyasi irsini və dövlətçilik ideyalarını Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır”. Bu fikir partiyanın ideoloji istiqamətinin, siyasi prinsiplərinin və dövlətçilik mövqeyinin ardıcıllığını ifadə edir. Eyni zamanda, bu siyasi xəttin müasir dövrün tələblərinə uyğun zənginləşdirilməsi və yeni hədəflərlə tamamlanması partiyanın qarşısında mühüm vəzifələr müəyyənləşdirir.
Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlərlə sıx bağlıdır. Ölkəmizin siyasi, iqtisadi və sosial sahələrdə qazandığı uğurlar, beynəlxalq mövqelərinin güclənməsi, ordu quruculuğunun inkişafı və ərazi bütövlüyümüzün bərpası bu siyasi kursun ardıcıl və məqsədyönlü həyata keçirilməsinin nəticəsidir. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenliyinin bərpa edilməsi dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm dəyişikliklər, eləcə də Azərbaycanın yeni geosiyasi reallıqlarının formalaşdığı bir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Qurultay ilk dəfə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilməsi ilə tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qurultaydakı çıxışında qeyd etdiyi kimi: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir”. Bu tarixi reallıq Yeni Azərbaycan Partiyasının qarşısında yeni prioritetlər və məsuliyyətli vəzifələr müəyyənləşdirir. Müasir Azərbaycanın inkişafı, postmünaqişə dövründə qarşıya çıxan çağırışlar, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, milli həmrəyliyin daha da gücləndirilməsi və gənc nəslin dövlətçilik ruhunda tərbiyəsi partiyanın fəaliyyətində xüsusi yer tutur. VIII Qurultayda səsləndirilən fikirlər və müəyyənləşdirilən istiqamətlər partiyanın gələcək fəaliyyətinin daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında partiya fəallarının ölkəmizin uğurlarına verdiyi töhfəni yüksək qiymətləndirərək bildirmişdir ki, Azərbaycanın son illərdə keçdiyi uğurlu və şərəfli yolda partiya fəallarının böyük payı vardır. Bu qiymət, eyni zamanda, hər bir partiya üzvünün üzərinə düşən məsuliyyəti daha da artırır. Çünki partiya üzvü olmaq yalnız müəyyən siyasi təşkilata mənsubiyyət deyil, həm də dövlətə, xalqa və milli maraqlara sədaqətlə xidmət etmək deməkdir.
Partiya üzvlərini səciyyələndirən əsas göstəricilər vətənə sadiqlik, ümummilli maraqlara bağlılıq, yüksək vətəndaş məsuliyyəti, fəallıq və təşəbbüskarlıqdır. Hər bir partiya üzvü öz fəaliyyəti, davranışı və cəmiyyətə münasibəti ilə partiyanın nüfuzunun yüksəldilməsinə töhfə verməlidir. Dövlətçilik prinsiplərinə bağlılıq, milli-mənəvi dəyərlərə hörmət, ictimai proseslərdə fəal iştirak və insanlarla düzgün ünsiyyət partiya üzvlərinin gündəlik fəaliyyətinin əsasını təşkil etməlidir. Müasir dövrdə partiyadaxili münasibətlərin sağlam prinsiplər əsasında qurulması da xüsusi əhəmiyyət daşıyır. Bu münasibətlərin əsas meyarları peşəkarlıq, işgüzarlıq, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış, milli dəyərlərə hörmət, innovativ yanaşma, kreativlik, elmlilik və müasirlik olmalıdır. Partiya daxilində qarşılıqlı hörmətə, obyektivliyə, məsuliyyətə və komanda ruhuna əsaslanan münasibətlərin formalaşdırılması ümumi fəaliyyətin keyfiyyətini yüksəldir. Hər bir üzvün bilik və bacarıqlarının inkişafına şərait yaradılması, yeni təşəbbüslərin dəstəklənməsi və müasir texnologiyalardan istifadə partiyanın ictimai-siyasi proseslərdə daha çevik və təsirli fəaliyyətinə imkan verir.
Xüsusilə gənclərin partiya fəaliyyətinə cəlb edilməsi, onların intellektual potensialından və təşəbbüskarlığından səmərəli istifadə olunması gələcək inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir. Gənc partiya üzvlərinin siyasi biliklərinin artırılması, dövlətçilik ənənələrinə və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, onların idarəçilik və təşkilatçılıq bacarıqlarının inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Anar Alışov

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri

Digər xəbərlər